Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlıları “özgə müharibə”yə şirnikləndirən kimlərdir?
Azərbaycanlıları “özgə müharibə”yə şirnikləndirən kimlərdir?26-12-2025, 09:03 |
|
Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının pul müqabilində Rusiya-Ukrayna müharibəsinə cəlb olunması haqda məlumatlar yayılır. Artıq hər iki ölkədə döyüşən yüzlərlə azərbaycanlı haqda məlumatlar mövcuddur. 2010-2020-ci illər aralığında Azərbaycan Respublikasından xeyli sayda şəxs Suriyaya və İraqa gedərək müxtəlif silahlı qruplaşmalara qoşulmuşdu. Bu proseslər əsasən dini pərdə altında həyata keçirilirdi. Bəllidir ki, dünyanın bir çox ölkələrində münaqişə zonalarında pul müqabilində insanlar müharibəyə cəlb edilir. Belə iddialar var ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf - həm Ukrayna, həm Rusiya hərbi təcrübəsi olan, könüllü döyüşmək istəyənlərə müxtəlif təkliflər verir. Sosial şəbəkələrdə çağırışlar yayılır, elanlar verilir. Mümkündür ki, Azərbaycanda insanları müharibəyə cəlb edən xüsusi şəbəkə var. Onların bu işdən yaxşı qazanc da əldə etdiyi istisna deyil. Sosial şəbəkələrdə müxtəlif vasitələrlə bu çağırışları edənlərin müəyyənləşdirilməsi, məsuliyyətə cəlb olunması və ciddi tədbirlərin görülməsi vacibdir. Azərbaycanlıları “özgə müharibə”yə şirnikləndirən kimlərdir? Hansısa nəzarət mexanizmi mümkündürmü? Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna müharibəsinə döyüşçü kimi qoşulan Azərbaycan vətəndaşlarının sayının, eləcə də həmin müharibədə ölən vətəndaşlarımızın sayının artmaqda olduğu barədə xəbərlərin intensivləşməsi bu qanunsuz prosesdə hansısa gizli təşkilatçılığın olduğu şübhəsini yaradır: “Düzdür, hələ ki belə bir şəbəkə, qrup və ya təşkilatçı şəxsin olduğu rəsmi qurumlar tərəfindən ifşa edilməyib, amma istisna deyil ki, əgər varsa gec-tez ifşa ediləcək. Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsinə pul müqabilində və ya qeyri-rəsmi yollarla cəlb edilməsi barədə narahatlıqlar artır. İstisna deyil ki, bəzi vətəndaşlarımız hansısa ölkənin kəşfiyyat mərkəzlərinin təsiri altına düşürlər, aldadıcı vədlərin təsirinə düşüb Rusiya-Ukrayna müharibəsinə qoşulurlar. Bir sıra beynəlxalq xəbərlərdə bildirilir ki, Rusiya müharibədə əcnəbiləri cəlb etmək üçün müxtəlif kanallardan istifadə edir: saxta mərkəzlər, özəl strukturlar, bəzən diplomatik və mədəni institutlar kimi maskalanmış vasitələrlə. Bu cəhdlər nəticəsində 128-dən çox ölkədən insanlar cəlb edilməyə çalışılıb və ölənlər, ələ keçirilənlər olub. Bu halların çoxunda ”gizli şəbəkə" və ya saxta “təkliflər” iddiası ortaya çıxıb". Hüquqşünas xatırladıb ki, Azərbaycan dövləti rəsmi surətdə hər hansı xarici münaqişədə iştirak etmir və Azərbaycan vətəndaşlarının Azərbaycan dövlətinin iştirak etmədiyi hərbi əməliyyatlarda iştirakı qanunla qadağandır: “Dövlət hüquq-mühafizə orqanları da belə hallara qarşı tədbirlər görür. Azərbaycan vətəndaşının xarici ölkədə icazəsiz hərbi əməliyyatlarda iştirakı və ya silahlı qruplaşmalara qoşulması qanunla qadağandır və bu, cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası başqa dövlətlərin müharibələrində iştirak etmir və Azərbaycan vətəndaşlarının xarici ölkədə dövlətin rəsmi icazəsi olmadan silahlı münaqişələrdə iştirakını qanunsuz hesab edir. Bu, həm Cinayət Məcəlləsi, həm də Azərbaycanın beynəlxalq öhdəliklərindən irəli gəlir. Azərbaycan Cinayət Məcəlləsinin 114-cü maddəsinə görə, pul, imtiyaz və ya başqa fayda qarşılığında xarici ölkədə silahlı münaqişədə iştirak 5 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Cinayət Məcəlləsinin 279-cu maddəsinə görə, vətəndaş rəsmi dövlət ordusu olmayan silahlı dəstəyə, batalyona, qruplaşmaya qoşulursa da 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur. Bu işdə təşkilatçı və ya fəal iştirakçı olduqda daha ağır cəza nəzərdə tutulur. Azərbaycan Cinayət Məcəlləsinə görə, Azərbaycan vətəndaşı cinayəti xarici ölkədə törətsə belə, Azərbaycan ərazisinə qayıtdıqda Azərbaycan qanunları ilə mühakimə edilə bilər. Qanun baxımından "təhlükəsizlik işi", “mühafizə xidməti”, “təlimçi”, “sürücü”, “tikinti briqadası” adı altında cəlb olunub sonradan döyüşlərə qatılmaq da cinayət məsuliyyətindən azad etmir. “Bilmirdim” arqumenti adətən qəbul edilmir. Bir sözlə, Azərbaycan vətəndaşının xarici müharibədə iştirakı qanunsuzdur və vətəndaşı bu qanunsuzluğa təşviq və təhrik etmək, bu qanunsuzluğun təşkilatçısı olmaq cinayətdir. Azərbaycanın müvafiq rəsmi qurumları şübhəsiz ki, haqqında söhbət gedən məsələni müvafiq mexanizmlərlə diqqətdə saxlayıb tədbirlər görəcək". “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan dövləti öz vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətini tanımır (beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla). 2014-cü ildə qanuna edilən dəyişikliyə görə, başqa ölkənin vətəndaşlığını qəbul edən şəxs 1 ay ərzində bu barədə Dövlət Miqrasiya Xidmətinə (və ya xaricdədirsə, konsulluğa) yazılı məlumat verməlidir. Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov modern.az-a açıqlama verib. O qeyd edib ki, ilk növbədə belə şəxsin Azərbaycan Respublikası ilə hüquqi bağlılığı araşdırılmalıdır: “Çünki bəzi hallarda ikili vətəndaşlığı olan şəxslər mövcuddur: Azərbaycan Respublikası prinsip etibarilə ikili vətəndaşlığı tanımır. Yalnız 2014-cü ilə qədər əldə edilmiş ikili vətəndaşlıq istisna təşkil edə bilər. Bir çox hallarda ikili vətəndaşlığı olan şəxslər sənədlərini dəyişmək istədikdə onlara seçim təqdim olunur: ya Azərbaycan vətəndaşlığını saxlayır, ya da digər ölkənin vətəndaşlığını. Bu zaman şəxs Azərbaycan vətəndaşlığını saxlayaraq digər ölkənin vətəndaşlığından imtina edə və ya əksinə, Azərbaycan vətəndaşlığından imtina edərək, digər ölkənin vətəndaşlığını seçə bilər. Bu məsələlər ayrıca araşdırılır. Əgər müəyyən edilərsə ki, Azərbaycan Respublikasının vətəndaşı, məsələn, Ukraynada hərbi əməliyyatlarda iştirak edib, bu halda onun barəsində cinayət işi başlanır. Hətta şəxs ölkə xaricindədirsə, barəsində qiyabi həbs-qətimkan tədbiri seçilə və beynəlxalq axtarışa verilə bilər. Azərbaycan Respublikası heç bir ölkə ilə ikili vətəndaşlıqla bağlı müqavilə bağlamayıb. Bu yanaşma Rusiya ilə münasibətlərdə də, Türkiyə ilə münasibətlərdə də eynidir. Qanunvericilikdə bu məsələlərlə bağlı mexanizmlər mövcuddur. Azərbaycan vətəndaşı istədiyi halda ölkə prezidentinin adına müraciət etməklə vətəndaşlıqdan imtina edə bilər. Lakin bu zaman həmin şəxsin dövlət qarşısında bütün hüquqi öhdəlikləri yoxlanılır: hərbi xidmət, inzibati və ya cinayət məsuliyyəti, cərimələr və digər məsələlər araşdırılır. Əgər hər hansı öhdəlik mövcuddursa, əvvəlcə onlar icra olunmalıdır".
Geri qayıt |