Əsas Səhifə > Ana xəbər / Güney Press > BDU rektoruna qarşı ŞOK İTTİHAMLAR
BDU rektoruna qarşı ŞOK İTTİHAMLAR18-12-2025, 07:05 |
|
“Onu təkcə DTX deyil, bütün Azərbaycan xalqı ittiham etməlidir” – Ramiz Mehdiyevlə bağlı sensasion detallar ortaya çıxdı Etnik separatizm və dini ekstremizm cəhdləri 1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri işləyərkən müşahidə etdiyim ən ciddi problemlərdən biri regionda zaman-zaman etnik separatizm və dini ekstremizm toxumu səpmək cəhdləri idi. Bu cür soyuq külək həm Gürcüstan, həm də Rusiya tərəfdən əsməkdə idi. Rusiya dairələri Şimali Qafqazda lövbər salmış olan “ideoloqlarının” xidmətindən yararlanmaqla ən müxtəlif üsul və vasitələrlə Azərbaycanın şimal-qərb bölgəsində yaşayan saxur və avar icmaları içərisində pozuculuq işi aparmağa cəhd edirdi. Dağıstandan olan professor Harun İbrahimov bu sahədə xüsusi fəallıq göstərməkdə idi. Onun tarixi saxtalaşdırmağın ən yaramaz nümunəsi olan “Qafqaz Albaniyası və ləzgistan” adlı bədnam əsəri də məhz elə o dövrdə yayılmışdı. Hacı Maqomedovun separatçı və ekstremist dairələrdən ilham alan silahlı dəstəsi isə Balakən və Zaqatalada ard-arda soyğunçuluq törətməklə ictimai-siyasi sabitliyi pozmaq niyyətində idi. Gürcüstan tərəfi də sakit dayanmırdı. Şimal-Qərb qonşumuzun elmi, dini və millətçi dairələrə aid nəşrləri Azərbaycanla bağlı hər cür hədyanlar yazırdı. Regionda yaşayan,antik mənbələrdə belə alban tayfalarından biri kimi adı çəkilən etnik ingiloylar arasında fəal pozuculuq işi aparılırdı. Qafqaz Albaniyasına aid bir çox tarix və mədəniyyət abidələrinin guya gürcülərə aid olduğuna dair miflər yaymaqda idilər. Etiraf etməliyəm ki, belə bir kifayət qədər mürəkkəb şəraitdə rəsmi dövlət strukturlarının bəzi səlahiyyət sahibləri bu təxribatlar fonunda çox dişsiz görünürdü. Sən demə içimizdəki sapı özümüzdən olan baltalar elə o zamandan bu istiqamətdə “işləyirmişlər”. Bu gün artıq kartlar bir-bir açılmaqdadır. Xüsusilə ağır dövləti cinayətlərdə ittihan olunan sabiq administrasiya rəhbəri artıq ev dustağıdır. Onun Rusiya kəşfiyyatına işlədiyi çoxdandır ki, hər kəsə bəllidir. Amma çoxları bilmir ki,o həm də Gürcüstan kəşfiyyatına xidmət edib. Bununla əlaqədar şahidi olduğum konkret bir olay üzərində dayanmaq istərdim.
“Azərbaycan Respublikası ərazisində yaşayan çoxsaylı etnik qruplardan biri də ingiloylardır. Əfsuslar olsun ki, bir sıra hallarda mətbuat səhifələrində, radio və televiziya verilişlərində, hətta bəzi rəsmi şəxslərin çıxışlarında ingiloyların gürcülərlə qarışdırıldığının şahidi oluruq. Bəzi şəxslər bunu ola bilsin ki, bilərəkdən edirlər. Amma əksər hallarda bu dolaşıqlıq, məlumatsızlıq, tarixi reallığı bilməmək ucbatından baş verir. Fevral ayının 14-də AzərTac vasitəsilə yayılmış növbəti məlumatda da bu cür dolaşıqlığa yol verilib. Respublika qəzetlərinin dərc etdiyi həmin məlumatda deyilir: “Gürcüstan Təhsil Nazirliyinin nümayəndələri Balakən, Zaqatala və Qax rayonlarında gürcü millətindən olan vətəndaşların kompakt şəkildə məskunlaşdığı kəndlərdə olmuş, gətirdikləri…. dərslikləri gürcü dilində təhsil alan şagirdlərə vermişlər…”. Arayış üçün bildiririk ki, Balakən və Zaqatala rayonlarında gürcülərin kompakt yaşadığı kənd yoxdur. Odur ki, həmin rayonlarda yaşayan ingiloyların gürcü kimi təqdim olunması tamamilə yanlış yanaşmadır. Xatırladaq ki, Gürcüstan ərazisində fəaliyyət göstərən bəzi millətçi və separatçı dairələr Azərbaycan ərazisində yaşayan ingiloyların “gürcüləşdirilməsində”, onların “gürcü” kimi təqdim və təbliğ olunmasında maraqlıdırlar. Odur ki, Azərbaycanın mətbuat və informasiya vasitələri tərəfindən ingiloyların bilərəkdən, yaxud da bilməyərək gürcü kimi təqdim olunması əslində daha çox məhz kənar dövlətlərin millətçi və separatçı dairələrinin maraqlarına xidmət kimi dəyərləndirilə bilər”. Mənim təkzib xarakterli yazım işıq üzü görən kimi AzərTAc-ın direktoru Şamil Şahməmmədov hay-haray qaldıraraq bölgə müxbiri Elxan Rüstəmova təcili surətdə Zaqatala və Balakən rayonların icra hakimiyyətlərindən mənim yazdıqlarımın həqiqət olmadığı barədə rəsmi arayış almağı tapşırıb. Təbiidir ki, rayonların heç birində ona belə bir arayış verən olmayıb. Əksinə, şəraiti bilmədən səhv məlumat yaydığına görə onu qınayıblar. 2. Boz kardinaldan separatizm cəhdlərinə dəstək! Bu olaydan bir neçə gün sonra redaktor Əmir Mustafayev mənə dedi ki, sənin ingiloylarla bağlı təkzibin qəzetdə gedən gün Ramiz Mehdiyev günorta vaxtı mənə evə zəng etdi və çox əsəbi halda iradlar səsləndirdi:
Görünür, mənim “ingiloylar gürcü deyil” yazdığıma görə erməni-gürcü qarışığı olan həyat yoldaşı Qalina xanım “boz kardinal”ı möhkəm danlayıbmış. O da hirsini baş redaktorun üstünə töküb. Dəhşət! Görün kimlər kimləri acılayır, ittiham edir?!!! Vətənin, dövlətin və xalqın maraqları keşiyində durmaq əvəzinə erməni-gürcü kökənli xanımının xətri xoş olsun deyə separatizmə dayaq olan bu cür üzdəniraq dövlət adaımına nə deyəsən?! 3. “Azərbaycan” qəzeti R.Mehdiyevin təsir dairəsində Çox keçmədi ki, boz kardinal tərəfindən baş redaktorun torbası tikilərək yola salındı. Az sonra məhz boz kardinalın tapşırığı əsasında mən də bölgə müxbiri vəzifəsindən uzaqlaşdırıldım. Mənimlə demək olar ki, eyni vaxtda Flora Xəlilzadə, Xalid Niyazov, Araz Qurbanov, Elşad Miralim kimi neçə-neçə peşəkar və vicdanlı qələm sahibləri də “Azərbaycan” qəzetindən uzaqlaşdırılmış oldu. Ədalət naminə deməliyəm ki, o zaman baş redaktorun bu qərarına qarşı bölgədəki fəaliyyətimlə bağlı az-çox məlumatlı olan insanlar, xüsusən də, dövlət müşaviri Hidayət Orucov, şair Bəxtiyar Vahabzadə, Şəkidən deputat olan akademik Yaqub Mahmudov, Prezident Administrasiyasının region üzrə kuratoru Rəhim Abbasov, habelə Balakən və Zaqatala rayonlarının icra hakimiyyəti və digər rəsmi dövlət orqanlarının rəhbərləri məni açıq şəkildə müdafiə etdilər. Təsəvvür edin, Bəxtiyar Vahabzadə bu məsələ ilə bağlı Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin qəbulunda olaraq narazılığını bildirib. Şöbə müdiri də Bəxtiyar müəllimə deyib ki, mətbuat məsələləri ilə Əli Həsənov məşğul olur, ona demək lazımdır. Bəxtiyar müəllim oradan birbaşa Ulu öndər Heydər Əliyevin qəbuluna gedərək, “Cənab Prezident, şəkililər məni evdə rahat oturmağa qoymurlar. Soruşurlar ki, heç bir əsas olmadan bölgə müxbiri Qafar Cəbiyev niyə vəzifəsindən kənarlaşdırıb?!” Ulu öndər isə, – “Baxtiyar, sən də, şəkililər də heç narahat olmayın! “Azərbaycan” qəzeti o redaktorun şəxsi qəzeti deyil! Bir halda ki, sən də, şəkililər də o müxbir haqqında belə yaxşı fikirdəsiniz, mən ona daha yaxşı bir iş verərəm”. 4. R.Mehdiyev silsilə elmi əsər, dərslik və məqalələri nə vaxt və necə yazırdı? R.Mehdiyevin akademikliyi də, onun fəlsəfə, tarix, siyasət mövzusunda olan cilid-cilid «əsərləri» də başdan-başa analoqu olmayan xaltura nümunəsidir. Axı, konspekt olmadan iki-üç cümləni ard-arda düzüb-qoşub danışmaqda çətinlik çəkən akademik (?!) bu qədər elmi əsər, dərslik və palaz-palaz məqalələri nə vaxt və necə yazırdı? Bunun üçün onun nə vaxtı, nə fiziki gücü, nə də intellektual bazası yox idi. Əslində o “əsərlərin” əksəriyyəti Prezident Administrasiyasında bilavasitə ona xidmət edən analitik təhlil şöbəsi və “Azərbaycan” qəzeti əməkdaşları tərəfindən xarici ədəbiyyatdan köçürülürdü. Onun adından tarix, fəlsəfə və siyasi mövzuda əsərlər yazan digər diplomlu “mirzələr”də az deyildi. Təbii ki, boz kardinal da o “mirzələrə” borclu qalmırdı. “Əl-əli, əl də üzü yuyar” məsəlində deyildiyi kimi. Bu minvalla da Azərbaycan elmi sözün əsil mənasında zibillənməkdə idi. O, administrasiya rəhbəri olarkən akademik mühitdə hər şeyə barmaq edib. Akademiya institutlarının bütün rəhbər vəzifələrinə təyinatlar mütləq şəkildə onunla razılaşdırılıb. Elm adamları çox yaxşı bilirlər ki, son 20 ildə Akademiyaya seçkiləri məhz o “keçirib”. Akademiklərin və AMEA-nın müxbir üzvlərinin bir çoxu məhz onun şinelindən çıxıb. 5. Boz kardinalın çətiri altında olan “Elm Fondu”nda nələr baş verib?! “Azərbaycan” qəzetindən gedəndən sonra da boz kardinal məni rahat buraxmadı. Teleradio Şurasında işlədəyim dönəmdə Əli Həsənovun vasitəsi ilə daim təzyiq altında saxlanıldım. AMEA-da işlədiyim dönəmdə “Elm Fondu”nun elan etmiş olduğu qrant müsabiqələrə qatılarkən olmazın haqsızlıqlarla üzləşdim. “Elm Fondu”nun sabiq icraçı direktoru Elçin Babayev və sonradan onu əvəz etmiş Mehriban İmanovanın təqdim etmiş olduğum son dərəcə aktual layihələrə münasibətdə vermiş olduqları səhv və ədalətsiz qərarlar əsla başadüşülən deyildi. Amma zaman keçdikcə hər şey aydın oldu. Sən demə bir çox digər sanballı vəzifələri ilə yanaşı, həm də “Elm Fondu”nun Himayədarlar Şurasının sədri olan boz kardinalın icraçı direktor Elçin Babayevə, onun da öz yerinə qoyub getdiyi Mehriban İmanovaya mənimlə bağlı tapşırıqları olub. Şəbəkəyə bir baxın! E.Babayev birbaşa R.Mehdiyevin kadrıdır. Nə elmi çəkisi, nə də keçdiyi yol onun “Elm Fondu” və BDU kimi nüfuzlu bir ali məktəbə rəhbər olmasını haqq etmirdi.
Yeri gəlmişkən tam məsuliyyətlə deməliyəm ki, birbaşa R.Mehdiyevin himayəsi və nəzarəti altında fəaliyyət göstərən “Elm Fondu” neçə illərdir ki, dövlətin ayırmış olduğu böyük məbləğ vəsaitləri talan etməklə məşğuldur. Yəni, Fond elmin inkişafına deyil, bu məqsədlə dövlətin ayırmış olduğu böyük pulların mənimsənilməsi fonduna çevrilmişdir. Əfsuslar olsun ki, Elm Fondunun fəaliyyətindəki çox ciddi korrupsiya halları bu gün də tüğyan etməkdədir. Azərbaycan elmi ictimaiyyəti elmimizin inkişafı üçün dövlət tərəfindən ayrılan böyük məbləğ pulları qanunsuz yollarla mənimsəyənlərdən də haqq-hesab çəkiləcəyi anı səbirsizliklə gözləməkdədir. 6. Boz kardinalın İnstitut direktorunu himayə etməsinin acı nəticələri Hər kəsə çox yaxşı bəllidir ki, hələ administrasiya rəhbəri olduğu dönəmdə belə R.Mehdiyev və onun adamları Akademiyada idarəçiliyi pozmaqla məşğul olub. Onun təyin və himayə etdiyi bisavad və yırtıcı kadrlar elm məbədimizi bazara çevirdilər. Mən digər sahələrdə vəziyyətin necə olduğunu bilməsəm də, ictimai elmlər sahəsidə vəziyyət son dərəcə acınacaqlı durumda idi. Məsələn, mənim əməkdaşı olduğum AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu R.Mehdiyevin nəzarəti altında olduğu dönəmdə sözün əsil mənasında kriminal yuvaya çevrilmişdi. Təsəvvür edin, öz tərcümeyi-halını yazmağı bacarmayan birisi boz kardinalın himayəsi sayəsində nə az, nə də çox düz 15 il direktor oldu. Soruşan olmadı ki, kimya elmləri namizədi hara, Arxeologiya İnstitutuna direktor olmaq hara? Görün, bu kimyagər xanım dayısının himayəsi sayəsində nələr etdi? İnstitut tarix və arxeologiyaya əsla aidiyyəti olmayan təsadüfi adamlarla dolduruldu. Çöl tədqiqatlarına ayrılan pulların böyük hissəsi dələduz ünsürlər arasında bölüşdürüldü. Ölkə Prezidentinin xüsusi sərəncamları ilə birbaşa arxeoloji tədqiqatlar üçün ayrılmış vəsaitlərin belə böyük hissəsi təyinatı üzrə xərclənmədi. Arxeoloji fondun təmiri üçün ayrılan böyük məbləğ pullar tam olaraq mənimsənildi. Su, neft, qaz kəmərləri çəkilişi və digər iri tutumlu tikinti layihələrindən gələn fantastik məbləğ büdcədən kənar vəsaitlərin böyük bir hissəsi sözün əsil mənasında talan edildi. Ona-buna saxta dissertasiyalar yazdırmaqla çoxsaylı təsadüfi şəxslərə alimlik diplomları verildi. Bu yerdə daha bir konkret faktı yada salmaqla kifayətlənəcəm. Məsələn, Azıx mağarasının dünya şöhrətli tədqiqatçısı professor Məmmədli Hüseynov 1994-cü ildə vəfat edərkən stolunun üstündə “Azıx-SSRİ ərazisində ən qədim paleolit düşərgəsi” adlı fundamental əsər nəşr üçün tam hazır vəziyyətdə idi. Əsər Azıxda aparılmış kompleks tədqiqatların yekununa həsr olunmuşdu. İnstitut Elmi Şurasının çapa məsləhət bildiyi bu kitabın 9 müəllifindən 4-ü SSRİ miqyasında tanınan akademik alimlər idi. Təsəvvür edin, belə bir arxivacib əsər elmi ictimaiyyətdən gizlədilərək nəşr olunmadı. Qarabağ müharibəsinin davam etdiyi dönədə belə nə institut, nə də AMEA rəhbərliyi həmin əsərin nəşrinə əsla maraq göstərmədi. Mən bu məsələ ilə əlaqədar dəfələrlə həm institut, həm AMEA rəhbərliyi qarşısında məsələ qaldırsam da reaksiya verən olmadı. Daha səlahiyyətli orqanlara müraciətlərim də nəticəsiz qaldı. Yəni, institut direktoru Maisə Rəhimova birbaşa R.Mehdiyev tərəfindən müdafiə olunduğundan heç kəsin ona dişi batmadı. Doğrudur, kimlərsə deyə bilər ki, boz kardinal 15 il ərzində himayə etdiyi direkatoru sonda AMEA prezidenti olaraq elə özü də vəzifədən kənarlaşdırdı. Əslində isə onun bu qərarı həm özünü, həm də himayə etmiş olduğu direktoru gec də olsa məsuliyyətdən xilas etmək cəhdi kimi dəyərləndirilməlidir.
7. R.Mehdiyevin AMEA Prezidenti olması İlahinin cəzası idi Daş düşəydi o günə ki, R.Mehdiyev AMEA-ya prezident gəldi. Akademiya o gündən dönüb oldu intriqa meydanı. Bir çox nüfuzlu elm adamları təqib olundu, vəzifədən uzaqlaşdırıldı. Müharibə üçün milli PUA-lar istehsalına başlayan, onun sınaqlarını keçirməkdə olan Yüksək Texnologiyalar Parkını darmadağın etdi. AMEA sistemində özbaşına yeni vəzifələr icad etdi, qohum- əqrəbasını, keçmişi ləkəli olan dostlarını, şəriklərini ətrafına topladı. Beləliklə də elm məbədi olan AMEA sözün əsil mənasında barıt çəlləyinə döndü. Sözsüz ki, illərdir elm məbədində fədakarcasına çalışan, orada özünü Azərbaycan elminə fəda edən insanlara, – zəka sahiblərinə qarşı bu cür haqsızlıq etmək olmazdı. Edərsən, əvəzin alarsan! Aldı da! Çox keçmədi ki, Akademiyada hökmran olan akademik mühit Ramiz Mehdiyevə qarşı od püskürdü. Onun mövqeyi də, mövqesizliyi də, hər cür hikkə və özbaşınalığı da geniş ictimai qəzəb dalğası yaratdı. Görkəmli elm adamlarının onun əməllərini ifşa edən çıxışları bir-birin ardınca mətbuatda yer aldı. Əslində, onun AMEA-ya prezident gəlməsi və burada tam olaraq ifşa olunması İlahinin cəzası idi. O belə bir ictimai qınağı və məzəmməti komsomoldan administrasiya rəhbərliyinədək işlədiyi bütün vəzifələrdə etmiş olduğu haqsız əməllərinə, qanunsuz və ədalətsiz qərarlarına görə özü qazanmışdı. İnanın, o, əgər Prezident Administrasiyasından birbaşa təqaüdə getmiş olsaydı, bəlkə də heç bu çirkin əməllərinin üstü açılmayacaqdı. Amma nəfsi və xisləti onu ahıl yaşında daha rəzil yola sürüklədi. 8. Dəhşət! Xəyanətin miqyasına baxın! Qafar Cəbiyev, AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun şöbə müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar jurnalisti Xalq.online Geri qayıt |