Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakının simvoluna çevrilmiş bina dələduzluqla zəbt edilmiş torpaqda inşa edilibmiş
Bakının simvoluna çevrilmiş bina dələduzluqla zəbt edilmiş torpaqda inşa edilibmiş16-12-2025, 14:15 |
|
Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə Azərbaycan vətəndaşı Aygün Aydın qızı Mahmudovanın iddiası üzrə məhkəmə prosesi davam edir. Məhkəməyə müraciətlərindən sonra, Mahmudovanın iddiasına görə, saxta etibarnaməni tərtib edən notarius müəmmalı şəkildə ölüb. Notariusun güllə yarasından ölməsi intihar kimi rəsmiləşdirilib. Qadın bildirir ki, ailəsinə təhdidlər artdıqca, dövlət orqanları susmaqla cinayətkarları qoruyublar. Bütün yerli instansiyalarda iddiaları rədd edilən Mahmudova işini Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) daşıyıb. AİHM 18 yanvar 2024-cü il tarixli qərarı ilə onun hüquqlarının kobud şəkildə pozulduğunu tanıyıb. Bu qərardan sonra Ali Məhkəmənin Plenumu 9 oktyabr 2024-cü ildə əvvəlki bütün qərarları ləğv edərək işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib. Lakin Aygün Mahmudovanın sözlərinə görə, hakim Fərrux Qasımov işin “Gilan” MMC-nin maraqları istiqamətində nəticələnməsi üçün hər cür oyuna əl atır: “Hakim vəsatətlərimizə baxmır, sübutları gizlədir, saxtakarlıqları ört-basdır edir. Qanunla cinayətkar oyunları davam edir”. Müraciətdə ən qalmaqallı iddia 2025-ci ilin avqustunda “Gilan” MMC tərəfindən məhkəməyə təqdim edilən 25 yanvar 2008-ci il tarixli, nömrəsiz, qeydiyyatsız xəzinə ödəniş tapşırığı ilə bağlıdır. Sənədə əsasən, guya həmin gün “Gilan” MMC-nin kassasından Cabir Zaidov adlı şəxsə 1,3 milyon ABŞ dolları ödənilib. “Bu sənəd 17 il ərzində heç bir prosesdə olmayıb. “Gilan” onu 2025-ci ildə birdən-birə təqdim edib. Nə mühasibat uçotunda var, nə də baş mühasibin imzası. Aydındır ki, bu, sonradan uydurulmuş saxtakarlıqdır”. Mahmudova hesab edir ki, bu “kağız” əsl günahkarları məsuliyyətdən yayındırmaq üçün düzəldilib və Cabir Zaidov günah keçisinə çevrilib. Aygün Mahmudova iddia edir ki, 2023-cü ilin yanvarında “Gilan”dan onun mülkü 408 min manata satın alınıb, halbuki əmlakın real dəyəri milyonlarladır. O, ölkə rəhbərliyinə ünvanladığı müraciətində “Gilan” sindikatını yalnız Prezidentin yumruğu durdura bilər” yazır. Bildirir ki, 2008-ci ildən bəri ailəsi “Gilan” MMC və onun himayəçilərinin cinayətkar oyunlarının qurbanına çevrilib: “Haram qazanc hesabına rüşvət almış məmurlar və onlara qulluq edən satqın hakimlər Allahı unudub. Onlar Heydər Əliyevin vəsiyyətlərini, Prezident İlham Əliyevin göstərişlərindən sanki bixəbərdirlər. Ona görə də bu fikirdəyəm ki, onları yalnız dəmir yumruğunuz nizama sala bilər”. Aygün Mahmudova “Gilan” MMC-ni Azərbaycanda özəl, heç kimə tabe olmayan, “öz qanunları” ilə yaşayan bir təşkilat kimi təsvir edir: “Rəsmi məlumatlara əsasən, “Gilan” və ona bağlı şirkətlərin ölkədaxili aktivləri on milyardlarla manata çatır. Bu sərvətin bir hissəsi dələduzluq və saxtakarlıqla əldə olunub. Məktubun sonunda Aygün Mahmudova birbaşa ölkə rəhbərliyinə müraciət edir: “Xahiş edirəm ki, işə qarışasınız. Məhkəmələrdə “Gilan”la əlbir olan hakimlərin özbaşınalığına son qoyulmalıdır”. “Gilan” MMC rəsmilərinin mövqeyini dinləməyə hazırıq. Musavat.com Geri qayıt |