Əsas Səhifə > Ana xəbər / Güney Press > 9 gün sonra təyyarəmizin vurulmasının bir ili tamamlanır... AMMA...
9 gün sonra təyyarəmizin vurulmasının bir ili tamamlanır... AMMA...16-12-2025, 09:18 |
|
9 gün sonra - dekabrın 25-də Qroznı səmasında AZAL-a məxsus mülki təyyarənin vurulmasının bir ili tamamlanacaq. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına görə, aviaqəzaların yekun araşdırma hesabatı hadisənin baş verdiyi tarixdən etibarən 12 ay ərzində dərc olunmalıdır. Yəni son müddətin bitməsinə artıq sayılı günlər qalır. Ötən həftə Qazaxıstanın Nəqliyyat Nazirliyi faciə ilə bağlı belə bir məlumat yaymışdı ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı yekun hesabatı dərc etməzdən əvvəl iki xarici laboratoriyanın araşdırma nəticələrini gözləyir. Maraqlıdır ki, məhz bu ərəfədə Rusiyadakı azərbaycanlılara, xüsusən də diaspor üzvlərinə qarşı təzyiqlər artıb. Məsələn, bugünlərdə Voronej vilayətində xüsusi təyinatlı polis dəstəsi (SOBR) Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib. Rusiya KİV-lərinin məlumatına görə, əməliyyat nəticəsində diasporun bir neçə üzvü saxlanılıb. Həmçinin Şahin Şıxlinskiyə qarşı cinayət işində açıq-aşkar qərəz müşahidə edilməkdədir. Bu ölkədə soydaşlarımıza qarşı müşahidə olunan zorakılıq, həbslər, alçaldıcı əməliyyatlar və açıq diskriminasiya artıq ayrı-ayrı insidentlər kimi qiymətləndirilə bilməz. Baş verənlər ardıcıl, məqsədli və mərkəzdən idarə olunan siyasi xəttin tərkib hissəsi kimi görünür. Gerçək belədir ki, Rusiyada yaşayan azərbaycanlıların sıxışdırılmasına və təzyiq altına alınmasına yenidən start verilib. Məhz belə bir ərəfədə Rusiyanın müxtəlif regionlarında azərbaycanlılara qarşı təzyiqlərin kəskinləşməsi diqqətdən yayınmamalıdır. Xüsusilə Voronej vilayətində baş verən son hadisələr Kremlin seçdiyi yeni konfrontasiya xəttini açıq şəkildə üzə çıxarır. Bu, hüquq-mühafizə tədbiri deyil, siyasi xəbərdarlıqdır. Kreml açıq şəkildə nümayiş etdirir ki, əgər Azərbaycan AZAL təyyarəsi məsələsini gündəmdə saxlayacaqsa, cavab Rusiyada yaşayan soydaşlarımız vasitəsilə veriləcək. Bu isə dövlət səviyyəsində şantaj və kollektiv məsuliyyət tətbiqi deməkdir. Yay aylarında Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxlinski və onun oğlu saxlanılıb, diaspor üzvlərinə məxsus əmlaklara əl qoyulub, bir sıra şəxslər vətəndaşlıqdan çıxarılaraq deportasiya təhlükəsi ilə üz-üzə qalıb. Bundan bir qədər əvvəl isə Səfərov qardaşlarının amansızcasına qətlə yetirilməsi faktı baş verib. Bu gün Şahin Şıxlinskidən başqa Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərovlar həbsdədir və qondarma ittihamıarla onların mühakiməsi aparılır. Bütün bu işlər üzrə aparılan istintaqlarda erməni əsilli müstəntiqlərin ön plana çıxması isə prosesə əlavə siyasi və tarixi çalar verir. Bəlli olub ki, Şahin Şıxlinski barəsində ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli A.S.Karapetyan alıb. Bu da son deyil - iş üzrə əsas şahidlərdən biri də Rusiya Daxili İşlər Nazirliyinin digər bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır. Xatırladaq ki, bu ilin noyabrında Düşənbədə Prezident İlham Əliyevlə görüş zamanı Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsi ilə bağlı şəxsən və ictimai şəkildə söz vermişdi. Lakin bir il ərzində nə günahkarların adları açıqlanıb, nə məsul şəxslər cəzalandırılıb, nə də kompensasiya mexanizmi işə salınıb. Əksinə, proses məqsədli şəkildə uzadılmaqdadır. Son baş verənlər, soydaşlarımıza qarşı təzyiqlərin yenidən artması nədən xəbər verir, nəyin siqnallarıdır? Putin Əliyevə verdiyi vədləri tutacaqmı? Sonuncu günü gözləyirlər? Xatırladaq ki, qəzaya uğrayan təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, iki stüardessa da daxil olmaqla, 29 nəfər sağ qalıb. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın vurulan təyyarəmizlə bağlı tələbləri yerinə yetirməməsi növbəti gərginliyə səbəb ola bilər. Onun fikrincə, Kreml lideri Düşənbə görüşündə verdiyi sözü tutmasa münasibətlərdə etimadsızlıq və inamsızlıq yaranacaq. Hüquq müdafiəçisi hesab edir ki, Rusiya Azərbaycanı itirmək istəmirsə gözləntilərimizi yerinə yetirməlidir: “Azərbaycanın ən sonuncu atacağı addım beynəlxalq müstəvidə hüquqi mübarizə aparmaq ola bilər. Lakin bu səviyyəyə vəziyyətin çatmasında maraqlı deyilik. Azərbaycan beynəlxalq hüquqa uyğun tədbirlər görülməsini tələb edir. Bu da təyyarəni vuranların cəzalandırılması və təzminat ödənilməsidir. Nədənsə Rusiya bu sadə məsələni uzadır və İstintaq Komitəsi hələ də bir tədbir görməyib. Bu da şübhələr yaradır ki, Moskva sözünün üstündə durmaya bilər. Amma biz tələsik nəticə çıxarmaq istəmirik və inanırıq ki, Rusiya İstintaq Komitəsinin yekun nəticələri açıqlanacaq”. Ç.Qənizadə yada salıb ki, Putin raketin qəlpələrinin təyyarəmizə dəydiyini etiraf edib: “Mən anlaya bilmirəm ki, istintaq daha nəyi araşdırır. Bu faktı Putin təsdiq edirsə, istintaq üçün qaranlıq qalan nə ola bilər? Belə çıxır ki, işi uzatmaq cəhdləri var. Hər halda, gələn ilin əvvəlinə qədər məsələnin yubanması da istisna deyil”. Müsahibimiz Rusiyada azərbaycanlılara qarşı yeni hücumların başlanmasının təyyarə işinin ört-basdır edilməsi cəhdi ilə əlaqəli olduğu istisna etmir: “Amma bu təzyiqlər Bakını təyyarə mövzusunda geri çəkilməyə vadar edə bilməz. Biz Rusiyanın qonşuluğa xas hərəkət etməsini gözləyirik. Bir ildir ki, araşdırma gedir, amma Rusiya sanki heç nə tapa bilmir. Bütün tərəflərə aydın olan reallıq Rusiya İstintaq Komitəsi üçün "müəmma" kimi qalmaqdadır. Zənnimcə, qarşıdakı 10 gün ərzində bu qeyri-müəyyənliyə son qoyulmalıdır. Əks halda, Bakı Moskvaya etirazını bildirməli olacaq. Ona görə də diaspor üzvlərinə təzyiqlərlə Rusiya təyyarə cinayətindən yaxasını qurtara bilməz". Professor Qabil Hüseynli isə hesab edir ki, Rusiyanın azərbaycanlılara təzyiqləri gücləndirməsinin məqsədi təyyarə ilə bağlı tələbimizi yada salmamaqdır: “Ancaq Azərbaycanın bu mövqeyindən geri çəkilmək niyyəti yoxdur. Moskvanın sonuncu təzyiq rıçaqı azərbaycanlılar üzərindən təhdid etməkdir. Bu "kartı" da işə salaraq Bakını təyyarə məsələsində susdura biləcəklərini hesablayırlar. Düşünürəm ki, bu xoşagəlməz vəziyyətə Rusiya prezidenti özü son qoya bilər. Azərbaycan müttəfiqləri olan güclü bir dövlətdir və təzyiqlərlə bizi yolumuzdan döndərmək mümkün deyil". Onun sözlərinə görə, ilin sonuna lap az qalıb və Rusiya təyyarə ilə bağlı qərarını açıqlamalıdır, Putin dəymiş zərərlə bağlı kompensasiyanın ödənilməsi üçün addım atmalıdır: “Bunun əksi münasibətlərdə yeni böhrana gətirib çıxaracaq. Rusiya müharibədən sonra daha böyük təzyiq dalğası ilə üzərimizə gəlməyə hazırlaşırsa, buna qarşı da müqavimət gücümüz var. Sadəcə, Rusiya anlamalıdır ki, regionda onun təsir imkanları əvvəlki qədər olmayacaq”. Geri qayıt |