Əsas Səhifə > Ana xəbər / Güney Press > "Rüstəm İbrahimbəyovun siyasi iddiaları sonra ortaya çıxdı"
"Rüstəm İbrahimbəyovun siyasi iddiaları sonra ortaya çıxdı"5-12-2025, 09:23 |
|
Əli Kərimlinin həbsi ilə bağlı aparılan istintaq prosesinin kökləri 2012-ci ilə gedib çıxır və bu müddət ərzində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çoxsaylı tanınmış şəxslərin ifadələrinin alındığı bildirilir. İstintaqın diqqət mərkəzində həmin illərdə fəaliyyət göstərmiş ictimai-siyasi təşəbbüslər, xüsusilə 2009-cu ildə yaradılan Ziyalılar Forumu və 2013-cü ildə elan olunan Milli Şuranın fəaliyyəti dayanır. Məlumatlara görə, o dövrün ictimai proseslərində yer alan müxtəlif ziyalılar və siyasi xadimlər də istintaqa cəlb olunub və bu qurumların yaranması, fəaliyyəti, eləcə də həmin çağın siyasi prosesləri ilə bağlı suallarla üzləşiblər. Cəmil Həsənli verdiyi ifadə zamanı ona Ziyalılar Forumu haqda da suallar verildiyini deyib. Onun sözlərinə görə, Ziyalılar Forumunun fəaliyyət istiqamətləri,hansı məqsədlə yaradılması, xarici əlaqələrə dair suallar ünvanlanıb. Qeyd edək ki, Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Forumun əsas yaradıcıları yazıçı-dramaturq Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazov olub. Azərbaycan Ziyalılar Forumunun əsas məqsədi ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq olub. Formun üzvləri isə Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Cəmil Həsənli, professor Rafiq Əliyev, Eldar Namazov, Gültəkin Hacıbəyli, Çingiz Hüseynov, Cavanşir Quliyev, Musa Yaqub, Eldəniz Quliyev, Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərrəmli, Ramiz Abutalıbov, Arzu Abdullayeva, Zəfər Quliyev, Erkin Qədirli olub. Qeyd edək ki, artıq Ziyalılar Forumu fəaliyyət göstərmir. Bu siyahıdakılardan Rüstəm İbrahimbəyov 2022-ci ildə 83 yaşında Moskvada, Çingiz Hüseynov 2024-cü ildə 95 yaşında Qüdsdə, Ramiz Abutalıbov 2022-ci ildə 85 yaşında Moskvada, Musa Yaqub 2021-ci ildə 84 yaşında İsmayıllıda, Zəfər Quliyev 64 yaşında Tiflisdə vəfat edib. Digərləri hazırda Bakıda yaşayırlar və əvvəlki ictimai aktivlikləri nəzərə çarpmır. Siyahıdakılardan ən gənci Erkin Qədirli Milli Məclisin deputatıdır. Məlumatlara görə, Ramiz Mehdiyev işi ilə əlaqədar aparılan istintaq prosesinə Ziyalılar Forumunun üzvü olmuş bəzi şəxslər də ifadə vermələri üçün cəlb ediliblər. Həmçinin yayılan xəbərlərə görə, Ziyalılar Forumunun nə üçün yaradıldığı, fəaliyyəti, Ziyalılar Forumunun 2009-cu ildə təsis edilməsinin və fəaliyyətinin Milli Şuranın yaradılmasına hazırlıq olub-olmadığı kimi məsələlər araşdırılır. Ziyalılar Forumunun üzvlərindən olmuş professor Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda ziyalılar təşkilatları, ziyalıların formalaşdırdığı təşkilatlar həmişə olub və Ziyalılar Forumunun yaradılması, fəaliyyəti də bu ənənənin davamı idi: “Ziyalılar Forumu siyasi təşkilat deyildi. Ziyalılar Forumunun siyasətdən kənar tamamilə başqa funksiyası var idi. İctimai fəaliyyət olan bu fəaliyyət ölkəmizdə mədəniyyət, təhsil, elm sahəsində müşahidə olunan, ölkəmizin, xalqımızın daha da inkişafına müsbət təsir etməyən problemləri dilə gətirmək, problemlərin həlli üçün təkliflər vermək və həllinə çağırışlar etmək idi. Ziyalılar Forumu bu istiqamətdə çox faydalı işlər gördü, məsələləri mətbuata çıxardı, ictimai faydalı müzakirələr təşkil etdi. Ziyalılar Forumunun yaradılması və fəaliyyəti Milli Şuranın yaradılması üçün hazırlıq rolu oynaya bilməzdi. Rüstəm İbrahimbəyovun siyasi iddiaları sonra ortaya çıxdı. Ziyalılar Forumunun üzvlərindən fərdi qaydada kimlər siyasətlə məşğul idisə, onları Milli Şuraya dəvət etdilər. Ziyalılar Forumu işıqlı məqsədlər üçün yaradılmışdı və tarixi rolunu oynadı. Onun üzvləri olmuş bəzi şəxslərin sonradan Milli Şurada olması Ziyalılar Forumunu gözdən sala bilməz. Ziyalılar Forumu tarixin bir mərhələsində öz müsbət rolunu oynamış oldu". Geri qayıt |