Əsas Səhifə > Ana xəbər / Güney Press > NATO Bakını “cənub cinahına” qoşur?

NATO Bakını “cənub cinahına” qoşur?


5-12-2025, 08:44

2025-ci ilin NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə” mövzusunda seminar-məşğələ keçirilir.

Təlimlərdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin və onun tabeliyindəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin mühəndis ixtisaslı zabitləri iştirak edirlər. Keçirilən məşğələ zamanı iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim edilir.Seminar-məşğələ dekabrın 5-dək davam edəcək.

Maraqlıdır ki, NATO-nun Cənubi Qafqazdakı ofisinin rəhbəri Aleksandr Vinnikov da Azərbaycana gəlib. Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “Facebook”da yazıb. “Biz təhlükəsizlik vəziyyətini, mövcud çağırışları və əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik. Ukraynanın və tərəfdaşlarımızın mövqelərinin əsas istiqamətlərdə uzlaşdırılması vacibdir”, - deyə diplomat qeyd edib.

Onu da xatırladaq ki, 6-7 noyabr 2025-ci il tarixlərində NATO-nun Şimali Atlantik Şurası səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Fransa, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxil idi.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, habelə xarici işlər naziri Ceyhun Bayramov, xarici işlər nazirinin müavini Fariz Rzayev, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb, həmçinin ADA Universitetini ziyarət edib.

1994-cü il mayın 4-də Belçikanın Brüssel şəhərində NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sazişinin imzalanması ilə Azərbaycan-NATO münasibətlərinin beynəlxalq müstəvidə təməli qoyulub. Bununla da ölkəmiz NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanıb. Azərbaycan elə ilk gündən bu proqrama qoşulmaqla özünü etibarlı və nümunəvi tərəfdaş kimi göstərməyə müvəffəq olub.

Bakı-Moskva münasibətləri gərgin olan vaxt Rusiya Azərbaycanın NATO ilə əlaqələrinə dair xəbərlərinə qıcıqlı reaksiyası ilə də diqqət çəkirdi. Kremlə yaxınlığı ilə tanınan media Azərbaycanın Qarabağda əldə etdiyi qələbədən sonra Qərbə yönəldiyini və NATO ilə daha dərin əməkdaşlıqlar barədə düşündüyünü iddia edirdi.

Sirr deyil ki, zəngin enerji resurslarından tutmuş müasir, döyüş qabiliyyətli orduya, eləcə də çoxvektorlu xarici siyasətə qadir Azərbaycan NATO-nun “cənub cinahında” mərkəzi aktora çevrilib.

Bu dövr ərzində müxtəlif proqramlar, kurslar olub, təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq getdikcə genişlənməkdədir. Amma bizim NATO dövləti olan Türkiyə kimi müttəfiqimiz var. Ən əsası NATO-ya üzvlük qədər təhlükəsizliyə təminat verən Şuşa Bəyannaməsi var. Bunun özü elə alyansa qoşulmaq qədər böyük əhəmiyyəti olan sənəddir. Yeri gəlmişkən, Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz - 2025" (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib.

Təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər. Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.

Eyni zamanda Azərbaycan nüvə dövləti Pakistanla müttəfiqdir. Bu mənada Şimali Atlantika Alyansına üzvlük müsbət tərəfləri ilə yanaşı, ciddi problemlər də gətirə bilər. Əksinə, Türkiyə və Pakistanla hərbi müttəfiqliyi daha da möhkəmləndirməli, bir ittifaqa çevirməliyik.

Yada salaq ki, NATO hərbi təşkilat olaraq “soyuq müharibə” dövründə 1949-cu il aprelin 4-də yaradılıb. Yaradılarkən 12 dövlətdən ibarət olan, indi, sıralarında keçmiş postsovet ölkələrindən 3-ü daxil olmaqla, 32 dövləti birləşdirir.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a şərhində bildirdi ki, hazırda Azərbaycanın NATO üzvü olmaq qərarı və hədəfi yoxdur: “Bu mövqe Azərbaycanın siyasi və hərbi rəhbərliyi tərəfindən də zaman-zaman bəyan edilib. Azərbaycan-NATO əməkdaşlığı 30 ildən artıqdır davam etdirilir. Azərbaycan Ordusu keçmiş sovet ordusu sistemindən Türkiyə ordusu modelinə keçib. Türkiyə ordusu isə NATO-nun ikinci ən güclü ordusudur. Bu o deməkdir ki, Azərbaycan NATO-nun rəsmi üzvü olmadan da ordusunu NATO ordusu standartlarına uyğunlaşdıra bilər və əslində türk ordusu modelinə keçid həm də özündə bunu ehtiva edir”.

Ekspert onu da dedi ki, Azərbaycan Ordusunun Türk-NATO ordusu modelinə inteqrasiya olması Alyansa üzv olmayan, Alyansla rəqabət aparan və gərginliklər yaşayan dövlətlərə qarşı deyil: “Bilirsiniz ki, postsovet respublikalarının, o cümlədən Azərbaycanın NATO ilə əlaqələrinin dərinləşməsini daha çox Rusiya daim qıcıqla qarşılayır. Rusiya istənilən keçmiş SSRİ respublikasının NATO-ya üzvü olmasını NATO-nun Rusiyaya doğru genişlənməsi və Rusiyanı sanki mühasirəyə alması kimi qəbul edir. Bu cür yanaşdığı üçün də Rusiya NATO üzvü olmaq istəyən, Alyansla əməkdaşlığı dərinləşdirmək xətti götürən respublikalara düşmən kimi baxır. Biz bunu Pribaltika ölkələrinin, ən son isə Ukraynanın timsalında gördük. Ukraynanın NATO üzvü olacağını bəyan etməsindən sonra Rusiya bu ölkəyə düşmən kəsildi və bu düşmənçiliyin nəticələri, təəssüf ki, bu gün ortadadır”.


Geri qayıt