Əsas Səhifə > Ana xəbər / Güney Press > Mehdiyevin gizli şəbəkəsi haqda yeni məlumat
Mehdiyevin gizli şəbəkəsi haqda yeni məlumatBu gün, 09:36 |
|
Ölkə gündəminin əsas mövzusu olan Ramiz Mehdiyev və onun ətrafında gedən proseslər yeni şəkil alıb. Artıq həbslər başlayıb. AXCP sədri Əli Kərimli, partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim noyabrın 29-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat çərçivəsində saxlanıblar. Ə.Kərimli və M.İbrahim məhkəmənin hökmü ilə 2 ay 15 gün müddətə həbs olunublar. Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli İstanbuldan Bakıya deportasiya edilmək üçün Türkiyənin aidiyyatı orqanlarına təhvil verilib. Amma hələ Azərbaycana gətirilməyib. İctimaiyyəti maraqlandıran əsas budur ki, R.Mehdiyevə yaxınlığı ilə seçilən digər şəxslər haqda nə zaman ölçü götürüləcək? Əsasən də bəzi sabiq və indiki vəzifəli şəxslər, bir sıra deputatlar, QHT və media rəhbərləri Mehdiyev şəbəkəsinin üzvləri olublar. Məsələn, sabiq kənd təsərrüfatı naziri, hazırda Milli Məclisin üzvü olan Heydər Əsədov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev bu şəbəkənin üzvləri kimi təqdim olunur. Eləcə də bir sıra deputatlar – Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Azər Əmiraslanov, Əhliman Əmiraslanov, sabiq baş nazir Novruz Məmmədov, vitse-spiker Ziyafət Əsgərov, prezidentin keçmiş köməkçisi Əli Həsənov və s. R.Mehdiyev barəsində tərif söyləyirlər. Globalinfo.az-a danışan siyasi şərhçi Şakir Ağayev bildirib ki, əvvəllər Ramiz Mehdiyevin dəstəyi ilə deputat mandatı almış şəxslərin bu gün onu tənqid etməyə can atması diqqətçəkən mənzərə yaradıb. Onun sözlərinə görə, həmin deputatlar indi özlərini xilas etmək üçün Mehdiyev haqqında danışmağa başlayıblar: “Çox təəssüf ki, bu insanların bəziləri 10-15 il əvvəl də Ramiz Mehdiyevin kim olduğunu çox yaxşı bilirdilər. O vaxt bunları bilirdinizsə, niyə susurdunuz? Niyə onun siyahısı ilə deputat seçilir və buna razılıq verirdiniz? Əgər bu müddət ərzində susmusunuzsa, deməli, proseslərin bir hissəsi olmusunuz. Bu cür paradoksal hallar tək-tük deyil, əksinə, kifayət qədər geniş yayılıb”. Şakir Ağayevin fikrincə, vəziyyətdən çıxış yolu yeni parlament seçkilərinin keçirilməsidir: “Parlamentdə heç kimə bağlı olmayan, yeni düşüncəli insanlar təmsil olunmalıdır ki, Prezidentin apardığı siyasəti və islahatları həyata keçirmək gücünə malik olsunlar. Bu deputatların çoxunun kabinetində Ramiz Mehdiyevin portreti olub. Hətta bəziləri bunu gizlədirdilər. İçlərində ona qarşı bir simpatiya və ya illərin vərdişi var. Çünki elə deputatlar var ki, 20-25 ildir onun dəstəyi ilə parlamentdədir və firavan həyat sürürlər. Bəziləri isə mümkün kompromatlardan ehtiyat edərək səssiz qalır”. Ağayev əlavə edib ki, bu deputatların mandatlarının kütləvi şəkildə geri alınması parlamentin tərkib balansını poza bilər: “Ən optimal yol yeni seçkilərin təşkili və parlamentin tərkibinin yenilənməsidir. Ramiz Mehdiyevi vaxtında tənqid etmək lazım idi. O dövrdə bunu edənlər də olub və bəziləri müəyyən təzyiqlərlə üzləşiblər. İndi isə bir çox deputatlar sadəcə özlərini qorumaq üçün bunu edirlər. Təkrar edirəm, hazırkı şəraitə uyğun olaraq yeni seçkilərin keçirilməsi ən doğru yoldur”. Hüquqşünas Rövşən Məmmədov deyib ki, deputat Azər Əmiraslanov haqqında araşdırma aparılmalıdır: “Ola bilsin, araşdırma zamanı cinayət tərkibli digər məsələlər ortaya çıxsın. O zaman Baş Prokurorluq təqdimat verərsə, Milli Məclis Azər Əmiraslanovun toxunulmazlığının ləğvi barədə qərar qəbul edə bilər. Bu zaman deputat barəsində cinayət işinin qaldırılması və onun səlahiyyətlərinə vaxtından tez xitam verilməsi mümkündür”. Hüquqşünas daha bir məsələyə aydınlıq gətirib: “Fikrimcə, artıq bu barədə araşdırma aparılır. Hətta onu deyə bilərəm ki, bu araşdırmalar daha çox məmurlara çatacaq”. Geri qayıt |