Əsas Səhifə > Ana xəbər / Güney Press > Sülh sazişi imzalanmadan Türkiyə-Ermənistan sərhədi bağlı qalacaq

Sülh sazişi imzalanmadan Türkiyə-Ermənistan sərhədi bağlı qalacaq


Bu gün, 09:33

Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir.

Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə ilə sərhədin açılması Ermənistan Baş naziri Nikol Paşinyana seçkilər ərəfəsində əlavə siyasi dəstək verə bilər: "Sülh müqaviləsinin rəsmiləşdirilməsi bölgədə sabitlik yarada və enerji kəmərlərinin təhlükəsizliyini təmin edə bilər. Bu kəmərlər Xəzər dənizi regionu və Mərkəzi Asiyadan Avropaya neft və qaz daşıyır, Rusiyanı əhatə etmədən".

Xatırladaq ki, Türkiyə sərhədi 1993-cü ildə Qarabağ müharibəsi zamanı Azərbaycanla həmrəylik nümayiş etdirərək bağlamışdı.

Onu da deyək ki, ötən ay Türkiyə tərəfinin adından məlumat yayılmışdı ki, hazırda Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə olunmur.

İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar prosesi davam edir. Sərhədlərin açılması prosesin gedişindən asılı olacaq. Hələlik bununla bağlı konkret müddət yoxdur.

Siyasi analitiklər də hesab edir ki, Türkiyənin yaxın aylarda Ermənistanla quru sərhədini açmaq ehtimalı Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşması ilə bağlıdır. Ankara bu addımı yalnız Ermənistan–Azərbaycan münasibətlərində real irəliləyiş olduğu təqdirdə atacaq. Yəni sərhədin açılması prosesinin əsas şərti Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşma və Ermənistanın regional kommunikasiyalarla bağlı öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır.

Politoloq Elxan ŞahinoğluSherg.az-a bildirib ki, Türkiyə Azərbaycan torpaqlarının işğalı zamanı, özəlliklə də Kəlbəcər rayonu işğal olunandan sonra Ermənistanla sərhədlərini bağladı və açmadı: “Türkiyə daim vədinə sadiq qaldı. Azərbaycan torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edəndən sonra Prezident İlham Əliyevin belə bir açıqlaması oldu ki, artıq qardaş Türkiyə Ermənistan siyasətini istədiyi şəkildə müəyyənləşdirə bilər, Azərbaycanın buna etirazı yoxdur. Türkiyə ilə Ermənistan arasında bundan sonra dialoq başladı və dialoq davam edir. Buna baxmayaraq, Türkiyə sərhədi açmağa tələsmir. Türkiyə rəsmiləri bəyan edirlər ki, Ermənistanla Azərbaycan arasında birinci növbədə sülh sazişi imzalanmalıdır. Sülh sazişi bu ilin 8 avqustunda paraflanıb və Prezident İlham Əliyevin də söylədiyi kimi artıq biz sülh quruculuğu ilə məşğuluq. Üstəlik, İlham Əliyevin Astanadakı çıxışından sonra Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana çatdırılıb. Bu mənada da düşünürəm ki, Türkiyə Ermənistanla sərhədi açmaq məsələsində sərbəst ola bilər. Amma hər halda Türkiyə rəsmilərinin əvvəlki mövqeyi belədir ki, sülh müqaviləsinin imzalanmasını gözləmək lazımdır”.

Politoloqun fikrincə, sülh sazişinin imzalanması üçün Paşinyan gələn ilin iyun ayında parlament seçkilərində qələbə çalıb sonra yeni konstitusiya qəbul etməlidir: “Hələ ki, Paşinyanın seçilmək üçün reytinqi var. Lakin iyun ayına qədər Ermənistanda hadisələrin necə inkişaf edəcəyi, hansı hadisələrin baş verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir. Ona görə də Türkiyə sərhədin açılması məsələsində hələ bir müddət də gözləmə mövqeyində qalacaq”.


Geri qayıt