Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda bir qrup siyasi dəllal yenidən çırmanıb
Ermənistanda bir qrup siyasi dəllal yenidən çırmanıbBu gün, 09:20 |
|
Ermənistanda bir qrup siyasi dəllal yenidən Qarabağ məsələsini gündəmə gətirmək üçün qollarını çırmayıb. Onlar indi də Qarabağın Ermənistana “birləşdirilməsi” kimi çeynənmiş ideyanı ortaya atıblar. Erməni Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababayan iddia edib ki, bu prosesi reallaşdırmaq lazımdır. “Müasir tariximizin ən təməl daşı Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsini elan etmək idi. Onu həyata keçirmək lazımdır”. Göründüyü kimi, Ağababayan kimi sarsaqlar yenə qızışıb, həvəsə gəliblər. 44 günlük müharibədən aldıqları dərsləri unudublar. Buyursunlar, bu dəfə 44 gün lazım olmayacaq. Ən pis halda 1 həftə kifayət edəcək. İntəhası, onların baş naziri Paşinyan həmin çürük ideyanı konstitusiyadan çıxarmağa hazırlaşır və martda yeni qanunvericilik mətni hazır olacaq. Yəni erməni millətçiləri, daşnak qüvvələri birdəfəlik unutmalıdırlar ki, Qarabağın Ermənistana birləşdirilməsi absurd məsələdir. Hətta bunu işğal dövründə edə bilməyiblər. Paşinyan isə bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyib və 8 avqustda sülh mətni paraflanıb. Orada isə tərəflərin bir-birinə qarşı ərazi iddiaları qaldırmaması razılaşdırılıb. Bəs Ağababayan kimilər niyə hələ də sərsəm çıxışlar edirlər? Erməni cəmiyyəti doğrudanmı gələcəkdə Qarabağın Ermənistana birləşdiriləcəyinə inanır? Ermənilərlə azərbaycanlıların qarşılıqlı səfərləri bu prosesə təsir edəcəkmi? Deputat Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında Alvina Ağababayanın fikirlərinin heç nəyə əsaslanmadığını qeyd etdi: “Ermənistanın siyasi səhnəsində zaman-zaman ortaya çıxan revanşist ritorika, xüsusilə də Qarabağın guya Ermənistana "birləşdirilməsi" kimi əsassız çağırışlar bir daha göstərir ki, müəyyən dairələr hələ də tarixi reallığı və 44 günlük Vətən müharibəsinin nəticələrini qəbul etmək iqtidarında deyillər. Alvina Ağababayan kimi şəxslərin ortaya atdığı bu sərsəm fikirlər nə hüquqi əsaslara, nə siyasi məntiqə, nə də regional reallığa uyğun gəlir. Bu cür açıqlamalar yalnız erməni cəmiyyətində revanşizm toxumlarını səpməyə xidmət edir və bölgədə sülh prosesinə xələl gətirir. Reallıq isə çox sadədir. Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa edib. Bunu Ermənistanın özü də rəsmən etiraf edib, 8 avqustda paraflanan sənəddə tərəflərin bir-birinə qarşı ərazi iddialarından imtina etməsi təsbit olunub. Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyaya dəyişikliklər edilməsini gündəmə gətirməklə illərlə erməni cəmiyyətinə yeridilmiş saxta “miatsum” ideyasının nə qədər mənasız və davam etdirilməsinin mümkünsüz olduğunu dolayısı ilə təsdiqləyir". Deputat bildirdi ki, bu iddialar daxili auditoriyanı manipulyasiya etmək fonunda regionda sülh istəməyən qüvvələrlə koordinasiyalı əməkdaşlığın təzahürüdür: “Bu gün kimlərsə hələ də Azərbaycan torpaqlarına sahib olmaq xəyalı qurursa, gərək yadda saxlasın ki, 30 illik işğal dövründə bunu edə bilməyiblər, 44 günlük müharibədə isə Ali Baş Komandanımızın siyasi iradəsi, ordumuzun gücü, xalqımızın birliyi qarşısında darmadağın oldular. Azərbaycan bundan sonra da öz suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini ən yüksək səviyyədə qorumağa qadirdir. Revanşist düşüncəli qüvvələr anlamalıdırlar ki, bu cür çıxışlar Ermənistanı daha böyük uçuruma aparır. Bu gün Azərbaycanla Ermənistan arasında dialoqun genişlənməsi məhz sülhə aparan yolun tərkib hissələrindən biridir”. Ədalət Partiyasının sədri Mütəllim Rəhimli qeyd etdi ki, Ermənistanda hələ də xəyal quranlar var: “Ermənilər 44 günlük müharibədən sonra Paşinyana dəstək verərək, onun hakimiyyətdə qalmasını təmin ediblər. Yəqin ki, ”Böyük Ermənistan" ideyasının şirin xəyaldan başqa bir şey olmadığını anlayıblar. Müharibədə məğlubiyyət isə ermənilərə bu düşüncənin onlara fəlakətdən başqa bir şey gətirmədiyini görüblər. Bununla belə, Ermənistanda hələ də ümidlərlə yaşayanlar var. Çünki onların yaxşı yaşamaları, siyasi və ictimai mövcudluqları yalnız bu cəfəng ideyanı müdafiə etməkdən keçir. Bu ideya olmasa onlar da olmayacaq. Ona görə də həmin şəxslər Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdırlar. Bu regionda geosiyasi maraqları olan ölkələrin niyyətləri ilə üst-üstə düşür. Ona görə də Alvina Ağababayan kimilər xarici güclərin əlində oyuncağa çevrilməyə hazırdırlar". Onun sözlərinə görə, Paşinyan təhlükəli rəqiblərinin hamısının dizini yerə gətirməklə potensial təhlükə mənbələrinin hamısını zərərsizləşdirməyə müvəffəq olub: “Gələn il keçiriləcək parlament seçkilərinədək bu prosesi tamamilə başa çatdırmaq niyyətindədir. Lakin Paşinyanın Qarabağa iddiaların tamamilə kəsilməsini də istəməsi inandırıcı deyil. Belə olduqda onun lazımlılığı sual altına düşür. Lakin vaxtaşırı belə sərsəm ideyalarla çıxış edənlər Paşinyanın lazımlılığını gündəmdən düşməyə qoymurlar. Onun nə qədər obyektiv, reallıqları dərk edən, sülh tərəfdarı olduğunu cəmiyyətə diqtə edirlər. Paşinyan bununla da regionda sabitliyin Ermənistan tərəfindən qarantı olduğunu Qərbə göstərir. Eyni zamanda Rusiyaya da ümid yeri qoyur. Məhz Ağababayan kimilərin çağırışları bunu təmin edir. Həm də bütün dünyaya göstərir ki, Azərbaycanla dialoq qurmağa qadir yeganə şəxsdir. İki əks baxış arasındakı manevrləri ilə bunu bacarır. Bundan istifadə edərək Türkiyə ilə də sərhədləri açmağa çalışa bilər. Ona görə də Ağababayan kimilərin Paşinyanın öz proyekti olduğunu da istisna etmək olmaz. İki ölkə arasında vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılıqlı səfərləri Ermənistanda ikili oyunların ifşa olunması baxımından da yaxşı fürsət yaradır. İnformasiya mübadiləsi nəticəsində əsl həqiqətlər üzə çıxarılacaq. Nəticədə Ermənistan cəmiyyəti doğru ilə yalanı bir-birindən ayırmağı bacaracaq. Bununla da sərsəm ideyalara dəstək verməkdən imtina edərək real həyata qayıdacaqlar. Həmçinin ikili oyunlara da son verilməsinə tədricən nail olmaq mümkün olacaq". Geri qayıt |