Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan meydanda tək qala bilər
Paşinyan meydanda tək qala bilərBu gün, 08:30 |
|
Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə sülh prosesindən danışıb. Ermənistan və Azərbaycan arasında sülhün artıq bərqərar olduğunu vurğulayan baş nazir deyib ki, indi məqsəd onu qorumaq, gücləndirmək və institutsionallaşdırmaqdır. Xalqa müraciət edən Paşinyan onlardan çətinliklə əldə olunmuş sülhü qorumalarını istəyib: "Əminəm ki, Ermənistan xalqı 2026-cı il parlament seçkilərində sülhü qoruyacaq. Bir an belə şübhəm yoxdur ki, bunu edəcək. Çünki bu, onun öz sülhüdür, övladlarının, ailəsinin, nəvələrinin və nəticələrinin sülhüdür. Biz Ermənistanı geosiyasi tələdən çıxardıq. Biz onu elə bir yerə gətirdik ki, Ermənistanın qarşısında bütün istiqamətlərdə perspektivlər açıldı. Ermənistan xalqı öz suveren iradəsi ilə hansı inkişaf vizionunu qəbul edəcəyinə qərar verə bilər. Xalq seçkilərdə sülhü müdafiə etməlidir". "Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan son dövrlərdə dəfələrlə qeyd edib ki, parlament seçkilərində qələbədən sonra Ermənistanda əsas şüarı sülh olan "4-cü respublika" yaranacaq. Ekspert vurğulayıb ki, "4-cü respublika" konflikti əsas götürən "3-cü respublika"dan kəskin şəkildə fərqlənəcək: "Qarşıdan gələn parlament seçkiləri bu iki yanaşma arasında mübarizə meydanına çevriləcək. Yəni bəlli olacaq ki, ermənilər sülhü, yoxsa konflikti seçəcəklər. Əgər bu konflikt ideologiyasının daşıyıcıları olan Koçaryan-Sarkisyan cütlüyü əvvəlki seçkilərdəki kimi Paşinyanın əsas rəqibləri olsaydı, baş nazir o qədər narahat olmazdı. Hər iki sabiq prezidentin Ermənistanda nüfuzu Paşinyandan bir neçə dəfə aşağıdır. Ancaq problem ondan ibarətdir ki, bu gün Paşinyan əleyhinə digər qüvvələr seçkiqabağı prosesə qoşulublar. Bunların içərisində Ermənistanda kifayət qədər nüfuzu olan Kilsə və oliqarxlar var. Rusiya özünə yaxın bütün qüvvələri blok şəklində birləşdirib parlament seçkilərinə aparmaq istəyir. Kilsə-Koçaryan-Karapetyan bloku artıq formalaşıb". Analitikin qənaətincə, seçki yaxınlaşdıqca digər müxalif qüvvələrin də bu bloka qoşulması mümkündür: "Bu vəziyyət Paşinyanı narahat etməyə bilməz. Təəssüf ki, Qərb Paşinyana hələlik lazım olan dəstəyi vermir. Əgər belə davam edərsə, Paşinyanın seçkiləri udmaq şansı xeyli azalacaq. Çünki erməni cəmiyyətində ən populyar siyasətçi Paşinyan olsa da, Kilsə öz nüfuzuna görə yalnız ordudan geri qalır. Sahibkarların da nüfuzunu, təsir imkanlarını nəzərə almaq lazımdır. Hər şey sülh və münaqişə tərəfdarlarının necə dəstəklənəcəyindən asılı olacaq. Əgər Qərb, Türkiyə və qonşular Paşinyan hökumətinə zəruri dəstəyi verərlərsə, sülh tərəfdarları qalib gələcək. Əks halda Paşinyan meydanda tək qalacaq və revanşistlərin şansı xeyli artacaq. Bu da sülh prosesi daxil olmaqla, planlaşdırılan çox böyük işlərin yarımçıq qalması deməkdir". Geri qayıt |