Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı-Moskva xəttində qəfil canlanma
Bakı-Moskva xəttində qəfil canlanmaBu gün, 08:27 |
|
Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MGIMO) “Dəyişən Beynəlxalq Münasibətlər Arxitekturasında Rusiya-Azərbaycan Əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir MGIMO Azərbaycan Klubunun təşəbbüsü və universitetin rektorluğunun dəstəyi ilə təşkil edilib. Dəyirmi masada MGIMO rektoru professor Anatoli Torkunov, səfir Rəhman Mustafayev, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri, universitetin müəllim və professor heyəti, Rusiya ekspert icmasının nümayəndələri və MGIMO-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Səfir Rəhman Mustafayev dəyirmi masa iştirakçılarını Azərbaycanın hazırkı daxili və xarici siyasətinin prioritet istiqamətləri barədə məlumatlandırıb. Xüsusilə o, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası proqramı və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesi barədə danışıb. Diplomat həmçinin Ermənistan və Azərbaycan arasında normallaşma prosesi, o cümlədən görülən etimadın artırılması tədbirləri barədə ətraflı məlumat verib. Xəzər beşliyi, “3+3", "Mərkəzi Asiya + Azərbaycan" və Türk Dövlətləri Təşkilatı çərçivəsində qonşu dövlətlərlə regional əməkdaşlığın dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğu vurğulayıb. Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin dinamikasından danışan səfir qeyd edib ki, onlar zamanın sınağından və ötən ilin dekabr ayında AZAL sərnişin təyyarəsinin vurulması ilə bağlı böhrandan keçib. Diplomat əlavə edib ki, bu il oktyabrın 9-da Azərbaycan və Rusiya liderlərinin Düşənbə görüşü ikitərəfli münasibətlərin normallaşdırılmasında ilk mühüm addım olub. Dəyirmi masada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinin, MGIMO-nun müəllim heyətinin və rusiyalı siyasi ekspertlərin çıxışları olub, eləcə də Azərbaycan-Rusiya gündəliyi ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tədbir sual-cavab sessiyası ilə başa çatıb. Bundan əvvəl isə Rusiyanın və Azərbaycanın İsraildəki səfirləri bir araya gələrək münasibətləri müzakirə etmişdi. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb. O, Brüsseldə “EU Today”a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yanlış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Moskva qarşısında dörd əsas məsələni istəyib: rəsmi üzr, tam istintaq, məsul şəxslərin məsuliyyətə cəlb olunması və kompensasiya. “Bu məsələlər həll olunduqdan sonra anlaşılmazlıqlar səhifəsini çevirir və iki ölkə arasında normal qonşuluq münasibətlərinə davam edirik”, - o əlavə edib. Bakı-Moskva münasibətlərində tam yumşalma olduğunu demək mümkünmü? Bu təmaslardan sonra vurulan təyyarə ilə bağlı Kreml liderinin verdiyi vədlər yerinə yetiriləcəkmi? Professor Qabil Hüseynli hesab edir ki, Azərbaycan heç zaman Rusiya ilə gərginlikdə maraqlı olmayıb. Onun fikrincə, qarşı tərəfin addımları əlaqələrin korlanmasına gətirib çıxarıb: “Təyyarə vurulana qədər münasibətlər rəvan idi və axarı ilə gedirdi. Sonra Rusiya təzyiqləri artırdı: Yekaterinburq hadisələri, deputat Badamovun deportasiyası, həbslər, təhdidlər... Yəni Rusiya təyyarə ilə dayanmadı. Bu da indiyə qədər soyuqluğa səbəb olub. Əgər Rusiya bu ayın sonunadək verilən sözü yerinə yetirsə, yeni ildən münasibətlərdə təzə səhifə açılacaq. Hərçənd təyyarə ilə bağlı istintaqın gələn ilin əvvəlində yekunlaşacağı haqda bəzi səslər eşidilməkdədir. Deyəsən, Rusiya işi uzatmaq istəyir. Belə davam edərsə, münasibətlər tam sağalmayacaq”. Hüseynli bütün hallarda Rusiya təhlükəsinin həmişə aktual olduğunu düşünür: “Təkcə Azərbaycan deyil, postsovet respublikaları daim təhdidlə üzbəüz qalmaqdadır. Ukrayna kimi özünə qohum ölkəyə və xalqa hərbi təcavüz edən bir dövlətdən hamıya təhlükə var. Sadəcə, biz Rusiya ilə normal qonşuluq əlaqələrini davam etdiririk. Cənab Hikmət Hacıyev də son müsahibəsində dedi ki, təyyarə ilə bağlı məsələlər həllini tapanda artıq bu səhifə çevriləcək və adi qonşuluq əlaqələri olacaq. Demək istəyirəm ki, Azərbaycan Rusiya ilə Moskva deklorasiyası imzalasa da, heç bir strateji müttəfiqlik münasibətləri yoxdur. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, işğalla barışmamağı tövsiyə edirik, humanitar yardım göstəririk, o cümlədən də Rusiya əleyhinə sanksiyalara qoşulmuruq, ona sanksiyalardan yayınmaqda kömək də etmirik, ticarət dövriyyəsində də artım müşahidə olunmur. Bu da münasibətlərin xarakterini özündə əks etdirir. Azərbaycan şimal qonşusuna inanmır, amma əbədi qonşuluq taleyimizdir və bundan qaçış yoxdur deyə normal əməkdaşlıq etməliyik”. Q.Hüseynlinin sözlərinə görə, son təmaslar münasibətlərin yaxşılığa doğru getdiyini göstərir: “Bu ayın sonuna yaxın MDB ölkələrinin liderləri Peterburqa çağırılıb və ənənəvi qeyri-rəsmi sammit keçiriləcək. Azərbaycanın iştirakı Rusiyanın təyyarə ilə bağlı atacağı addımlardan asılı ola bilər. Çünki ötən il dövlət başçısı həmin tədbirə gedirdi və o gün təyyarə vuruldu. İndi Rusiya təzminat ödəməli və həbslər həyata keçirməlidir ki, görüş üçün fürsət olsun”. “Yeni Müsavat” Geri qayıt |