Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda məmurları gözləyən aqibət
Azərbaycanda məmurları gözləyən aqibətBu gün, 07:51 |
|
Son dövrlər korrupsiya, mənimsəmə və vəsaitlərin ölkədən qanunsuz çıxarılması ilə bağlı müzakirələrin artması məmurların gəlir deklarasiyası məsələsini yenidən gündəmə gətirib. Ekspertlərə görə, korrupsiyanın qarşısını almağın ən effektiv mexanizmlərindən biri məhz gəlirlərin şəffaf şəkildə bəyan edilməsidir. Azərbaycanda bu tələb hələ 2005-ci ildə qəbul olunan “Gəlir deklarasiyası haqqında” qanunda öz əksini tapmışdı. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməli və vergi ödəməli idilər. Qanunun qəbulundan sonra Prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verdi, lakin müddətin bitməsindən illər keçsə də, qurum hər hansı iş ortaya qoymadı. Hazırda qanunun tətbiq edilməməsi məhz bununla izah edilir. Məmurların gəlir deklarasiyası məsələsi yenidən gündəmə gələ bilərmi? Mənimsəmə, korrupsiya əməllərinin qarşısının alınması istiqamətində gəlirlərin deklarasiyası effektiv olarmı? Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, gəlir deklarasiyası məmurların qanunsuz fəaliyyətinin və qeyri-qanuni gəlirlər əldə etməsinin qarşısını almağa xidmət edə bilər, amma bu, hələ problemin tam həlli demək deyil: “Bu günə qədər müxtəlif mərkəzi, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, nazirlər, onların müavinləri, icra başçıları və digər vəzifəli şəxslər korrupsiya, rüşvətxorluq faktlarına görə məsuliyyətə cəlb edilib. Amma təcrübə göstərir ki, həmin şəxslər əldə etdikləri qanunsuz gəlirləri çox vaxt öz adlarına rəsmiləşdirmir, qohumlarının və yaxın adamlarının adına əmlak alır, yaxud vəsaitləri gizli yollarla yerləşdirirlər. Buna görə də yalnız gəlir deklarasiyasının tətbiqi ilə bütün qanunsuz gəlirlərin aşkarlanması mümkün deyil. Korrupsiya faktlarının araşdırılmasını Hesablama Palatası və digər aidiyyəti qurumlar icra edir. Lakin qanunsuz əldə edilən və müxtəlif örtülü kanallarla ötürülən gəlirlərin tam şəkildə izlənməsi çətindir. Ona görə də dövlət bu məsələyə kompleks yanaşma tətbiq edir və mütəmadi olaraq məsul şəxslər barəsində hüquqi tədbirlər görülür. Hazırda da bu istiqamətdə həbslər davam edir və gələcəkdə də davam edəcəyi gözlənilir”. Hüquqşünas qeyd edib ki, cəzanın sərtləşdirilməsi təkbaşına arzuolunan nəticəni vermir: “Bəzi vəzifəli şəxslər başqalarının məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenə də eyni qanunsuz əməlləri təkrarlayırlar. Bu isə göstərir ki, problemin həlli üçün düşüncə və idarəetmə yanaşmasında dəyişiklik vacibdir. “Gəlir deklarasiyası haqqında” Qanunun tətbiqi məmurların gəlirləri üzrə hesabatlılığı müəyyən qədər artıracaq. Lakin qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin bu mexanizmdən yayınmağa çalışacağı da istisna edilmir. Onlar deklarasiya tələblərini öz maraqlarına uyğun şəkildə doldurmağa və faktiki gəlirlərini gizlətməyə cəhd göstərə bilərlər. Təbii ki, bu, bütün məmurlara şamil edilmir”. Geri qayıt |