Əsas Səhifə > Ana xəbər / Güney Press > Dollarla bağlı mübahisəli durum yarandı

Dollarla bağlı mübahisəli durum yarandı


Bu gün, 06:23

Son günlər bankların möhürlü və ya zədələnmiş dollarları dəyişərkən 20 faizədək kəsinti tətbiq etməsi ilə bağlı iddialar ciddi müzakirə yaradıb. Məsələ bankların müştəriyə hansı şərtləri tətbiq edə biləcəyi haqda sualları gündəmə gətirib.

Bankların möhürlü dolları dəyişəndə vətəndaşdan faiz tutması qanunidirmi? Bu əməliyyatı hansı normativ sənəd tənzimləyir və ümumiyyətlə, bankın belə bir haqqı varmı?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, dolların dəyişdirilib-dəyişdirilməməsi bankın öz hüququdur:

“Bank istəsə valyutanı qəbul edib dəyişə və ya əksini edə bilər. Yalnız ABŞ Mərkəzi Bankına və ya ordakı digər banklara müraciət edərək dolları dəyişməyi tələb etmək mümkündür. Necə ki, başqa ölkələrin valyutalarını – məsələn, rupini gətirib bankdan dəyişməyi istəyirsiniz və uyğun bilsə dəyişir, bilməsə etmir, dollar və rupi bu baxımdan eyni statusdadır. Lakin manatla bağlı tələblərimizi banklara yönəltmək hüququmuz var. Əgər kommersiya bankı zədələnmiş və ya yararsız manatı qəbul etmirsə, Azərbaycan Mərkəzi Bankın (AMB) nağd pul ofislərinə müraciət edib həmin vəsaiti yenisi ilə əvəz etmək olar. Eyni qaydada xarici valyutalara görə də məsuliyyət həmin ölkələrin mərkəzi və digər banklarına məxsusdur. Buna görə yerli kommersiya banklarının xarici valyutanı məcburi qəbul etmək kimi öhdəliyi yoxdur və bu sahədə qaydaları özləri müəyyənləşdirirlər”.

İqtisadçı qeyd edib ki, valyutanın üzərinə yazı yazmaq və bu kimi dəyişikliklər onu etibarsız hala gətirir:

“Bank üzərində yazı olan pul vahidini başqasına sata bilmədiyi üçün qəbul etmir. Yeganə çıxış yolu vətəndaşın həmin valyutanı ABŞ-da dəyişdirməsidir. Burada başqa alternativ yoxdur”.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, banklar komissiya və xidmət haqlarını sərbəst şəkildə müəyyən edə bilirlər:

“Bu, xarici valyutanın dəyişdirilməsi zamanı da tətbiq olunur. Zədələnmiş xarici valyutaya gəldikdə isə qaydaları tam olaraq bankların özləri müəyyənləşdirir. Milli valyuta ilə vəziyyət fərqlidir: bank zədələnmiş manatı müştəridən qəbul edir və AMB-də problemsiz şəkildə dəyişə bilir. Yəni bank üçün risk yoxdur. Amma söhbət xarici valyutadan, xüsusilə dollardan gedirsə, bankın onu kimə satacağı sual altındadır. Çünki zədələnmiş və ya möhürlü dolları heç kim almaq istəmir.

Bank xarici valyutanı müştəridə saxlamaq üçün almır, məqsəd onu digər müştərilərə daha yüksək qiymətə satmaqdır. Əgər valyuta zədəlidirsə, bank onu yalnız daha ucuz qiymətə ala bilər ki, sonra ABŞ-a göndərib dəyişsin. Bu isə banka əlavə xərc yaradır. Məhz buna görə də belə hallarda əlavə faiz və ya komissiya tətbiq olunur”.


Geri qayıt