Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyadan gələn saxta qida: Mal əti konservlərində...

Rusiyadan gələn saxta qida: Mal əti konservlərində...


Bu gün, 04:07

Rusiyada fəaliyyət göstərən "Qlavprodukt" şirkətinin Azərbaycana göndərdiyi mal əti konservlərində donuz əti DNT-si aşkar edilib.

Bu barədə "All Exclusive" "Telegram" kanalına istinadən "İnsayder" nəşri məlumat yayıb.Məlumata görə, şirkətin halal adı altında bişmiş mal əti konservləri Rusiya Silahlı Qüvvələrinə və Azərbaycan da daxil olmaqla bir neçə müsəlman ölkələrinə göndərilib.

Məhsulun genetik analizinin nəticələrindən sonra qanunsuzluqar aşkar olunub. Bildirilir ki, sözügedən şirkət bu ilin iyulunda keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçeyevə yaxın qurumun nəzarəti altına keçib.

Sentyabr ayında aparılan analizə əsasən, "Family Budget" markalı 500 qramlıq bişmiş ət konservlərində donuz ətinin DNT-si aşkar edilib.Bu "Qlavprodukt"un Oryol vilayətindəki törəmə şirkəti olan "Oryolprodukt" ASC tərəfindən istehsal edilib.

Xarici ölkələrdən ölkəyə konservlər idxal olunduqda AQTA tərəfindən yoxlanılırsa, niyə donuz əti mal əti adı altında satılır və bu, istehlakçı hüquqlarının pozulması deyilmi?

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, ölkənin quru və hava sərhədlərindən heç bir ərzaq malı AQTA-nın yoxlaması, rəyi olmadan ölkəyə daxil ola bilməz:

“Yəni qanunvericilikdə də belədir. AQTA-nın apardığı real iş də bu səviyyədədir. Ona görə nə təhlükəli, keyfiyyətsiz, saxta mal gəlirsə, AQTA bu işlərə cavabdehdir.

Əgər mal əti konservlərində donuz əti aşkar edilibsə və bu partiya mal Azərbaycanda varsa, onun üzərində donuz əti olduğu yazılmayıbsa, bu AQTA-nın böyük nöqsanıdır. O zaman milyon dollarla xalqımızın vəsaiti hesabına qurulmuş laboratoriyalar nə üçündür?

Düşünürəm ki, AQTA bu işlərə nəzarət edir. Ola bilər ki, donuz əti olsun. Ancaq onun üzərində mütləq yazılmalıdır. AQTA-da etiket məlumatları və müşahidəedici sənədlərlə tərkibini yoxlamağa borcludur və bu işlərə cavabdehdir.

İstehlakçılar bu kimi şübhəli mala rast gəldikləri halda AQTA-nın 1003 “qaynar xətt”inə məlumat vermələrini tövsiyə edirəm. Təəssüflər olsun ki, bu, xarici ölkədə müəyyən olunub və Azərbaycandakı media nümayəndələri bu məlumatı xarici informasiya mənbələrindən əldə edirlər.

Gərək AQTA qida sahəsində bütün dünya informasiyasını qabaqlasın. İlk olaraq gərək bizdən öncə onlar münasibət bildirsinlər. Yəni AQTA hadisələrin arxasınca sürünməməlidir”.


Geri qayıt