Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyana dəstək, yoxsa TƏHLÜKƏLİ OYUN?

Paşinyana dəstək, yoxsa TƏHLÜKƏLİ OYUN?


Bu gün, 09:48

“Ermənistan destruktiv fəaliyyətə əl ata, təhlükəsizliyi və mövcud razılaşmaları pozmaq üçün müxtəlif addımlar ata bilər”.

Bunu Yenicag.az-a açıqlamada politoloq İlyas Hüseynov deyib.

O, Avropa İttifaqının Rusiyaya qarşı mübarizə üçün Ermənistana 50 milyon avro ayırması barədə fikirlərini səsləndirib.

Politoloq bildirib ki, Avropa İttifaqının Azərbaycanla münasibətlərində müəyyən irəliləyişlər müşahidə olunsa da, Brüsselin Ermənistana 50 milyon avro ayırması təəssüf doğurur.

“Bu vəsait Rusiyaya qarşı hibrid müharibə kontekstində ayrılır. Lakin Ermənistan destruktiv fəaliyyətə əl ata, təhlükəsizliyi və mövcud razılaşmaları pozmaq üçün müxtəlif addımlar ata bilər.

Nəzərə almaq lazımdır ki, gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmin seçkilər ölkə üçün həyati əhəmiyyət kəsb edir. Ermənistanın baş naziri Nikol Paşinyan yenidən seçilmək, xalqın etimadını qazanmaq və sülh istiqamətində fərqli fəaliyyətə başlamaq niyyətindədir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi, sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması hazırda əsas prioritetlər kimi müəyyənləşdirilir.

Bu baxımdan, 50 milyon avronun Ermənistanda dövlətçiliyi xarici təsirlərdən qorumaq məqsədi ilə ayrılması başadüşüləndir. Hazırda ölkədə kilsə rəhbərliyi ilə siyasi elita arasında mübarizə gedir. Qarşıdurma isə günü-gündən daha da kəskinləşir. Erməni katolikosuna qarşı hökumətin fəallaşması, digər tərəfdən müxtəlif güc mərkəzlərinin Apostol Kilsəsinin arxasında dayanması siyasi sabitliyə ciddi təsir göstərir və elektoratı hökumətə qarşı yönəldir.

Belə bir gərgin vəziyyətdə Avropa İttifaqının Rusiyaya qarşı addım kimi göstərilən bu maliyyə dəstəyi, əslində, mövcud hakimiyyətə siyasi dəstək kimi də qiymətləndirilə bilər”, – deyə o bildirib.


Geri qayıt