Əsas Səhifə > Ana xəbər / Güney Press > Quru sərhədlərlə bağlı son dəqiqə açıqlaması

Quru sərhədlərlə bağlı son dəqiqə açıqlaması


Bu gün, 06:37

Məlum olduğu kimi pandemiya vaxtından Azərbaycanda quru sərhədlər bağlıdır. Ümumiyyətlə bu məsələ ilə bağlı müxtəlif və xeyli sayda açıqlamalar da mütəmadi olaraq mətbuatda yayımlanıb.

Quru sərhədlərin bağlı qalmasının əsas səbəblərindən biri kimi təhlükəsizlik məsələsi qeyd olunur.

Qeyd edək ki, ölkəmizdə quru sərhədlər 2026-cı il yanvarın 1-i tarixinədək rəsmən bağlıdır.

Bəs ehtimallara görə, 2026-cı ilin əvvəllərindən etibarən Azərbaycanın quru sərhədləri açıla bilərmi? Quru sərhədlərimizin bağlı olması ölkə iqtisadiyyatı üçün hansı çətinliklərə səbəb olur?

Fazil Mustafa: “Sərhədlərin uzun müddət bağlı qalması iqtisadiyyat və turizm üçün ciddi çətinlik yaradır”

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Referans Media-ya bildirib ki, quru sərhətlərin bağlı olması müəyyən məhdudiyyətlər yaratmaqla yanaşı, iqtisadiyyata da mənfi təsir göstərir. Onun sözlərinə görə, məsələ əsasən təhlükəsizlik amili ilə izah olunur və dövlətin bu sahədə prioritet yanaşması anlayışla qarşılanmalıdır.

“Təbii ki, sərhətlərin bağlı qalması müəyyən narahatlıqlar yaradır və iqtisadi baxımdan da ziyanı var. Amma qeyd olunduğu kimi, bu addım daha çox təhlükəsizlik motivləri ilə əsaslandırılır. Əlbəttə, ölkənin müəyyən təhdidlərdən qorunması vacibdir və bu baxımdan sərhətlərin hazırkı vəziyyətdə bağlı qalmasını başa düşmək olar.”

Deputat vurğulayıb ki, bununla belə, vəziyyətin uzun müddət davam etməsi mümkün deyil və iqtisadiyyatın inkişafı üçün alternativ həll yolları tapılmalıdır.

“Bu proses uzunmüddətli ola bilməz. İqtisadiyyat bizim üçün həyati əhəmiyyət daşıyır. Xüsusilə turizm sektorunun inkişafı baxımından addımlar atılmalıdır. Ən azı turistik məqsədlə ölkəyə gəlmək istəyən şəxslərin rahat şəkildə gəlişini təmin etmək üçün sərhətlərin açılması vacibdir.”

Fazil Mustafa qeyd edib ki, turizm Azərbaycanın neftdənkənar sektorunda prioritet istiqamətlərdən biridir. Neft hasilatının azalması fonunda diqqət mərkəzində olan sahələrdən biri məhz turizmdir.

“Neft sektorunun hasilatının azalması fonunda ən çox diqqət yetirilən sahə turizmdir. Quru sərhətlərin bağlı qalması isə bu sahənin inkişafını ləngidir və sektoru çətin vəziyyətə salır.”

Deputat əlavə edib ki, sərhədlərlə bağlı məsələ daim gündəmdədir və problemlərin həlli istiqamətində addımların atılmasına ümid var.

“Bu istiqamətdə dəfələrlə çağırışlar etmişik. Ümid edirik ki, yaxın dövrdə müsbət nəticə verəcək addımlar atılacaq və vəziyyət tədricən normallaşacaq,” – Fazil Mustafa qeyd edib.


Geri qayıt