Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyev ətrafında sirli gedişat

Ramiz Mehdiyev ətrafında sirli gedişat


Bu gün, 17:22

Son günlər sosial şəbəkələrdə Ramiz Mehdiyev haqqında keçmişdə deyilən tərif dolu çıxışların ard-arda yayılması diqqət çəkib. Vəzifəli şəxslərdən tutmuş deputatlara, siyasətçilərə qədər bir çox tanınmış simanın Mehdiyevi “göylərə qaldırdığı” videoların eyni vaxtda gündəmə gəlməsi müxtəlif suallar yaradıb. Bəzi iddialar bunun həm “Mehdiyevçi şəbəkə”nin ifşası, həm də həmin şəxslərin siyasi proseslərdən uzaqlaşdırılmasına hesablandığını deməyə əsas verir.

Bu paylaşımlar təsadüfdür, yoxsa məqsədli şəkildə dövriyyəyə buraxılır? Mehdiyevi tərifləyən çıxışların ictimailəşməsi istintaqın gedişinə hansısa formada təsir göstərə bilərmi? Ola bilərmi ki, bu videolar həmin şəxslərin fakt qarşısında qoyulması və növbəti mərhələdə iddialarından könüllü şəkildə geri çəkilmələrinə şərait yaratmaq məqsədi daşıyır?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Rusiyaya bağlı 5-ci kolonun təmizlənməsi və zərərsizləşdirilməsi günün ən mühüm tələblərindəndir:

Ramiz Mehdiyev ətrafında sirli gedişat - Yeni cinayət işi açıla bilər

Heydər Oğuz

“Amma bunu şantaj predmetinə çevirib vaxtilə Ramiz Mehdiyev barəsində xoş sözlər söyləyən hər kəsi hədəfə almaq da doğru deyil. İstəsək də, istəməsək də o, bu ölkənin idarəçiliyində mühüm vəzifələr tutan şəxs olub. Çoxu məhz bu səbəbdən Ramiz Mehdiyev barəsində xoş sözlər deyib. Ola bilər ki, niyyətləri də pis olmayıb. Sadəcə, yüksəlişin yolunu bunda görüblər və belə vəziyyətin yaranmasının səbəbkarı onlar deyillər. Haqlarını almaq üçün ləyaqətsiz adamların qapısında sürünmək, onlara mədhiyyə demək məcburiyyətində qalmaq, əslində, bu adamlar üçün də növbəti haqsızlıq sayıla bilər. Ölkədəki mövcud durumun əsl zərərçəkəni olduqlarına görə onları qınamaq və şantaj etmək də ədalətə sığmır. Kimlərisə şantaj edərək susdurmaq da bir zülmdür. Bunun ortaya çıxmasında yer alan hər kəs böyük cinayət törədir və qınanılası şəxslərdən biri də onların özləri olmalıdır”.

Hüquqşünas Ramil Süleymanov isə bildirib ki, hər kəsin kiminsə barəsində fikir bildirmək hüququ var:

“Lakin öncə həmin şəxslərin cəmiyyətdəki nüfuzuna baxmaq lazımdır. Bəzilərinin davranışı və keçmiş fəaliyyəti uzun illərdir yaltaqlıq nümunəsi kimi tanınır. Bu səbəbdən də onların səsləndirdiyi fikirlərdən çox, şəxsiyyətləri ön plandadır. Digər tərəfdən, mümkündür ki, həmin şəxslər fakt qarşısında qoyulub və məcburiyyət altında bəzi açıqlamalar veriblər. Bu isə yalnız istintaq zamanı dəqiqləşdirilə biləcək məsələdir. Əgər onlar hüquq-mühafizə orqanları tərəfindən tam qorunacaqlarına əmin olsalar, hədə-qorxu ilə tələb etmə faktı üzrə ayrıca cinayət işi açılması mümkündür. Şəxsin hər hansı hüquqdan imtina etməyə, yanlış məlumat verməyə və ya mülkiyyəti əlindən çıxarmağa məcbur edilməsi şantaj kimi qiymətləndirilir və bunu istintaq araşdırmalıdır. Belə hal təsdiqlənərsə, bu vəziyyət Ramiz Mehdiyevin daha ağır hüquqi duruma düşməsi demək olacaq və hədə-qorxu ilə tələb etmə faktı üzrə ayrıca cinayət işi qaldırıla bilər”.

Ramiz Mehdiyev ətrafında sirli gedişat - Yeni cinayət işi açıla bilər

Ramil Süleymanov

Hüquqşünas qeyd edib ki, Cinayət Məcəlləsinin (CM) 182-ci maddəsinə əsasən, şəxsin və ya onun yaxın qohumlarının barəsində rüsvayedici məlumatların yayılması hədəsi ilə müəyyən hüquqların, imtiyazların və ya əmlakın ələ keçirilməsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Bu əməlin qrup halında törədilməsi 5 ildən 10 ilədək, xüsusilə külli miqdarda törədilməsi isə CM-nin 182.4-cü maddəsinə əsasən 13 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”.


Geri qayıt