Əsas Səhifə > Ana xəbər / Güney Press > LÜKS EVLƏR... YOXSA LÜKS ÖLÜM MƏNBƏYİ?
LÜKS EVLƏR... YOXSA LÜKS ÖLÜM MƏNBƏYİ?Bu gün, 10:41 |
Azərbaycanda sürətlə artan şəhərsalma, çoxmərtəbəli yaşayış binalarının sayı və yeni yaşayış komplekslərinin inkişafı ilk baxışda müasirlik göstəricisi kimi görünür. Lakin parıltılı fasadların arxasında gizlənən təhlükəsizlik boşluqları narahatedici həddə çatıb. Təəssüf ki, ölkədə bina evlərinin əksəriyyəti sakinləri qorumağa deyil, yalnız satılmağa hesablanıb.Ən ciddi problem yanğın təhlükəsizliyidir. Bəzi binalarda yanğın siqnalizasiya sistemi ya ümumiyyətlə yoxdur, ya da dekor üçün quraşdırılıb və fəaliyyət göstərmir. Fövqəladə hallarda istifadə olunmalı olan havalandırma şaxtaları bağlanır, ehtiyat çıxış qapıları isə ya kilidli, ya da mebel anbarına çevrilmiş vəziyyətdə olur. İnsan həyatı üçün nəzərdə tutulan sistemlərin biznes məqsədilə zəbt edilməsi, ən yaxşı halda məsuliyyətsizlik, ən pis halda hüquqi cinayətdir. Digər problem liftlərin texniki baxımıdır. Yeni istifadəyə verilən binalarda belə liftlərin qəfil dayanması, alışması, təmir müddətinin həddən artıq uzadılması adi xəbər kimi qarşılanır. Çünki liftlərin çoxu beynəlxalq standartlara uyğun deyil, mütəmadi sertifikatlaşdırılmır və yalnız şikayət olanda diqqətə alınır. Sakinlər hər gün talelərini şansa buraxaraq yuxarı mərtəbələrə qalxırlar. Həyət planlaşdırılması da təhlükə mənbəyidir. Maşın dayanacaqları uşaqların oyun meydançaları ilə birləşib, avtomobillərin sürətlə hərəkəti balacalar üçün real risk yaradır. Müşahidə kameraları bəzən formal xarakter daşıyır, görüntü keyfi¬yyətsizdir, qeydiyyat sistemi yoxdur, mühafizə işçiləri peşəkar deyil. Belə olanda təhlükəsizlik yalnız illüziyaya çevrilir. Tikinti şirkətləri mənzilləri reklam çarxlarında lüks kimi təqdim edir, lakin təhlükəsizliklə bağlı məlumat vermir. Dövlət yoxlamaları isə çox vaxt kağız üzərində aparılır, real monitorinq yalnız faciələrdən sonra baş tutur. Halbuki təhlükəsizlik lüks deyil, insanın təməl hüququdur. Bina yalnız dörd divar deyil, həyatımızın mərkəzidir. Uşaqlarımız orada böyüyür, yaşlılarımız orada nəfəs alır, ailələrimiz orada yaşayır. Bu məkanda təhlükəsizlik təsadüfə deyil, qaydaya çevrilməlidir. Leyla Mirzə, Bizimyol.info Geri qayıt |