Əsas Səhifə > Ana xəbər / Güney Press > Müəllimlər məktəbdə qalmağa məcbur deyillər
Müəllimlər məktəbdə qalmağa məcbur deyillərBu gün, 10:38 |
|
Son günlərin əsas müzakirə mövzusu müəllimlərin ştat vahidi sisteminə keçirilməsi, müəllimlərin dərs saatlarından sonra da məktəbdə qalıb əlavə işlərlə məşğul olmasını tələb edən sistemin tətbiq ediləcəyi ilə bağlıdır. Məsəl günlərdir müzakirə olunur, müsbət yanaşanlarla yanaşı mənfi yanaşanlar, tərifləyənlər, tənqid edənlər hamı bir-birinə qarışıb. Lap bizim hazırkı təhsil sistemimiz kimi. Elə bir dolaşıq vəziyyət yaranıb ki, kələfin ucu haradadır, kimin əlindədir, bilinmir. Bu ucu birisi tapsaydı, dartıb kələfi açardı. Bəlkə, təhsilimiz ağ günə çıxardı. Belə bir vəziyyətdə elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi” verilişində yeni sistem barədə danışıb, müəmmalı vəziyyətə aydınlıq gətirib, gətirməyib, onu təhsil sahəsinin mütəxəssisləri daha yaxşı bilər. E.Əmrullayevin açıqlaması belədir: “Bir daha qeyd etmək istəyirəm ki, müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən iş müzakirə edilərsə, daha təkmil olar. Çünki atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür. Xüsusilə ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz bir yanaşmadır. Amma təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz arzuedilən nəticələr vermir. Son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox əməkhaqqı təklif edilməklə həftədə 30-36 saatlıq tam ştat əsasında da əməkhaqqı hesablansın. Müzakirələr zamanı əsas problem kimi 3 məqamı xüsusi vurğulamaq istərdim: Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, “müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tamştatlı sistemə keçməlidir” fikri “müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar” fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək. İkinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu, yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, “bu islahatı etmək üçün infrastruktur yoxdur” və ya “uzaq məsafədən müəllim necə işə gəlib gedəcək” kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır. Digər məqam isə hörmətli media nümayəndələrimizin təqdim edilən məlumatların içərisindən detalları ayırıb neqativ xəbər kimi verməsi həvəsidir. Dünən İctimai Televiziyada bu islahat haqqında ətraflı məlumat verdik. 1 saata yaxın təqdimat yerli media orqanlarının birində “210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI” başlığı ilə təqdim edildi. Halbuki bu verilişdə həm də 1589 manat alan müəllimlərin sayı açıqlanmışdı və bu say 210 manat maaş alan müəllimlərin sayından ən azı 4 dəfə çoxdur. Hörmətli media mənsublarımız hər hansı səbəbdən bu fərqi ya görmədilər, ya da görsələr də, paylaşmaq istəmədilər. Bu, sadəcə bir misaldır, bu cür neqativə köklənmiş davranışın arxasında hansı sosial-psixoloji səbəblərin dayandığını isə yəqin ki, sahə mütəxəssisləri araşdırmalıdırlar. Bu məqamlara toxunmağı vacib bildim, təbii ki, ictimai müzakirə aparmaq özü bir bacarıq tələb edir. Zamanla inanıram ki, bu istiqamətdə də müsbət irəliləyiş olacaq. Nikbin olmaq lazımdır – bu gün təhsil sistemində mənfidən daha çox müsbət proseslər baş verir. Hər birinizə uğurlar arzulayıram!”. Bu günlərdə məlum məsələ ətrafında mütəxəssislərin bir çoxu fikir bildirdiyinə və “adətimizə uyğun” hər kəs də təmsil olunduğu tərəfin mövqeyini müdafiə mövqeyindən çıxış etdiyinə görə, fərqli bir izaha ehtiyac duyulur. “Altun” Kitab Evinin direktoru, bir çox dərsliklərin müəllifi olan fəlsəfə doktoru Rafiq İsmayılov Sherg.az-a açıqlamasında tətbiqi gözlənilən ştat vahidi, 8 saatlıq iş rejimi və sair məsələlər barədə danışdı: - Hərdən özümü qoyuram müəllimin yerinə, düşünürəm ki, görəsən niyə 8 saatlıq iş rejimi hamını belə narahat edir? Axı əksər müəssisələrdə 5 günlük, 8 saatlıq iş rejimidir. Amma ağlıma gəlir ki, bu rejim, o rejimdən deyil. Gündə 8 saat işləyən mühəndis, mühasib, məmur və başqa birisi iş yerində istəyəndə xəyala dalır, iş yoldaşına bir lətifə danışır, durub özünə bir stəkan çay süzür. Sinifdə dərs deyən müəllimin belə bir lüksü yoxdur. O, 45 dəqiqənin 35-ni ayaq üstə keçirir, 30-35 şagird qarşısında hər an sözünə, duruşuna, oturuşuna fikir verməli olur. Hələ bəzi uşaqlarla yaşanan psixoloji gərginliyi demirəm. Bəs dünya təcrübəsində “dərs saatı + əlavə məktəb öhdəlikləri” modeli necə qurulur? Maraqlıdır ki, bu model Avropada və Şərq ölkələrində tamamilə fərqlidir. Avropa ölkələrində (Almaniya, İtaliya, Fransa və s.) əsas ölçü dərs saatıdır, məktəbdə keçirilən vaxt deyil, yəni “saat 8-dən 5-ə kimi məktəbdə olmalısan” kimi bir sistem yoxdur. Müəllim əlavə məktəb öhdəliklərini evdə yerinə yetirir: dərs planı yazır, şagirdlərin işlərini yoxlayır, layihələr hazırlayır, öz inkişafı üçün vaxt ayırır. Əlbəttə, bizdəki kimi, bəzi günlərdə məktəbdə qalmaq məcburiyyəti var (müəllim iclası, pedaqoji şura, valideyn iclası və s.). Yeri gəlmişkən, bu ölkələrdə dərs materialları nazirlik, məktəb tərəfindən təmin edilir, kağız üzərindən sənədləşmə çox azdır, qiymətləndirmə rəqəmsal olur. Bizdə 8 saatlıq iş rejimini təklif edənlər, çox güman ki, Şərq modelindən çıxış edirlər. Çin, Yaponiya, Sinqapur kimi ölkələrdə müəllimlik çox hörmətli peşə olsa da, müəllimlərin iş yükü çox ağır, iş həyatı çox streslidir. (Maaş məsələsinə toxunmuram.) Bu ölkələrdə müəllimin iş saatı məktəbdə keçirdiyi vaxtla ölçülür. Bu isə ortalama həftədə 45-50 saatdır (Yaponiyada – 60 saat). Həmin ölkələrdə daimi qiymətləndirmələr, valideyn təzyiqi, layihələr müəllimin həyatını stresli edir. Biz Şərq modelini seçirik? Yəqin, ona görə ki son onilliklərdə Çin, Koreya, Sinqapur kimi ölkələr dünya təhsil reytinqində böyük sıçrayış ediblər və hazırda bu xalqlar passionarlıq dövrünü yaşayırlar. Amma təhsilin səviyyəsini yüksəltmək üçün yalnız müəllimlərin iş rejimi ilə bağlı Şərq modelini bizdə tətbiq etmək kifayətdirmi? Güman etmirəm. Rafiq İsmayılov Avropa və Şərqi Asiya ölkələrindəki təhsil modelini əks etdirən cədvəl də təqdim edib. Buradan görünür ki, məsələn, Almaniya, Fransa, İtaliyada müəllimlərin iş-dərs saatı 15-25, Çin, Yaponiya, Sinqapurda 45-50 saatdır. Avropa məktəblərində müəllim dərs saatından sonra məktəbdə qalmır və ya könüllüdür, Asiya ölkələrinin məktəblərində isə qalır. Valideyn təzyiqi Avropa məktəblərində orta, az səviyyədə, Asiya məktəblərində yüksəkdir. Müəllimin ictimai nüfuzu birincilərdə normal-yüksək, ikincilərdə çox yüksəkdir. Sosial həyat da Avropa məktəblərində balanslı, o birilərində iş mərkəzlidir. Mütəxəssis qeyd edir ki, bu cədvəl Avropa və Şərq təhsil sistemlərinin mahiyyətcə iki fərqli yanaşma üzərində qurulduğunu açıq şəkildə göstərir. Avropa modeli müəllimin rifahını, sosial balansı və psixoloji rahatlığı önə çəkərkən, Şərq modeli daha çox intizam, uzun iş saatları və yüksək məsuliyyət üzərində dayanır. R.İsmayılov onu qeyd etdi ki, təklif olunan model hələ ki layihə şəklindədir: - Bu, layihədir. Sadəcə, eksperimentdir. 2 il müddətinə nəzərdə tutulur. 2 ildən sonra olmayacaq. Həm də könüllüdür. Bütün müəllimlər dərsdən sonra məktəbdə qalmağa məcbur deyillər. Belə modellər var dünya ölkələrində. İndi də bizdə tətbiq etmək istəyirlər. Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov da elm və təhsil nazirinin İctimai TV-nin “Diqqət Mərkəzi” verilişindəki çıxışından gəlinən nəticəni belə təqdim edib: - Tam ştat müəllimlərin iş saatı mütləq gün ərzində 6 olmayacaq, bu göstərici gün ərzində 4 və ya 5 saat da ola bilər. Bu kateqoriyaya aid müəllimlərin sayının təxminən 20 minə çatacağı gözlənilir. Hazırda 142 min müəllim var. Tam ştat müəllimlər həftəlik 18–24 saatlıq dərs yükü üzrə aldıqları əməkhaqqından əlavə əlavə ödənişlər də əldə edəcəklər. Yeni model ölkədə bütün məktəbləri və müəllimləri əhatə etməyəcək; müəllimlər bu məktəblərə könüllülük əsasında qoşula biləcəklər. Bu məktəblərdə çalışan müəllimlər ikinci sertifikasiya imtahanında yüksək nəticə göstərdikdə, üçüncü imtahandan azad olunacaqlar. İkinci imtahanda yenidən yüksək nəticə göstərən müəllimlərə maddi və sosial baxımdan müsbət üstünlüklər veriləcək. Qəsəbə və kənd məktəblərində dövlət hesabına həqiqi təmayül siniflər yaradılacaq və həmin siniflərdə yalnız seçilmiş müəllimlər dərs aparacaq. Kiçik məktəblər müəyyən meyarlar nəzərə alınaraq optimallaşdırılacaq. Gələcəkdə (uzun müddət sonra) universitetlərə tələbə və məktəblərə müəllim qəbulu imtahan üsulundan fərqli olaraq qismən müsahibə yolu ilə də həyata keçirilə bilər. P.S. Eksperimentlə bağlı müəllim və təhsil müətəxəssislərinin əsas iradı isə budur: Əgər məktəbdə müəllimin əyləşməyə sinif otağı, stulu yoxdursa, palto-plaşını asmağa asılqan, test kitabları və dəftərlərini saxlamağa rəf tapmırsa, hətta gün ərzində ayaqyolundan da istifadə edə bilmirsə, o müəllim məktəbdə qala bilməz. Geri qayıt |