Əsas Səhifə > Ana xəbər / Güney Press > Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib

Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib


Bu gün, 06:40

Oktyabrın 22-də Birləşmiş Ştatlar prezidenti Donald Trampın Rusiyanın iki neft nəhəngi - “Rossneft” və “LUKOIL”ə sanksiyalar tətbiq etməsi dünya enerji bazarlarında çalxalanma yaradıb. Hər iki şirkət Rusiyadan kənarda olan aktivlərini qorumağa çalışır, əsas vasitələrdən biri isə aktivlərin “dost” şirkətlərə ötürülməsidir. Çünki Trampın imzaladığı sanksiya paketində Rusiya neft-qaz nəhəngləri üçün “öldürücü” zərbələr planlaşdırılıb. ABŞ bankları və maliyyə institutları “LUKOIL” və “Rosneft” ilə əməliyyat aparmaqdan məhrum ediliblər. Şirkətlər ABŞ-dəki aktivlərini idarə edə bilmir və ABŞ dolları ilə beynəlxalq əməliyyatlar ciddi məhdudlaşdırılıb.

Ticarət və ixrac məhdudiyyətləri də tətbiq ediləcək və nəticədə Rusiya şirkətlərinə ABŞ-dən hər hansı avadanlıq, texnologiya və neft sənayesində istifadə olunan komponentlərin ixracı qadağan olunub. Bundan başqa, yeni layihələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq mümkün deyil.

Trampın sanksiya paketində enerji və neft satışına məhdudiyyətlər də nəzərdə tutulub. Sanksiyalar Rusiyanın neft ixracı ilə bağlı əlavə limitlər və gömrük maneələri yaradır. Xüsusilə Avropa ölkələri və digər tərəfdaşlar ABŞ-nin yönləndirməsi ilə “LUKOIL” və “Rosneft”in məhsullarını almaqda çətinlik çəkə bilərlər.

Həmçinin, hər iki şirkətin rəhbərləri və bəzi menecerləri ABŞ vizaları üçün məhdudiyyətə məruz qalıblar. Onların ABŞ-də şəxsi aktivlərinin dondurulması mümkündür.

Bunlarla yanaşı, ABŞ sanksiyalarına əməl etməyən üçüncü ölkə və şirkətlər də əlavə məhdudiyyətlər ala bilər. Bu, beynəlxalq tərəfdaşları “LUKOIL” və “Rosneft”lə işləməkdən çəkindirmək üçün seçilib.

“Newsweek” jurnalı yazır ki, bununla da ABŞ lideri Rusiyanı neft gücü kimi zəiflətməyi hədəfləyir. Qeyd olunur ki, məhdudiyyətlər artıq Çin dövlət şirkətlərini Rusiya neftini almağı dayandırmağa məcbur edib. Rusiya neftinin ikinci ən böyük alıcısı olan Hindistan isə Rusiya neftilə bağlı dekabr ayı üçün bir dənə də olsun sifariş verməyib.

Almaniyada çalışan enerji analitiki Tomas O'Donnell “Newsweek”-ə bildirib ki, ABŞ-nin hərəkətləri, Ukraynanın Rusiya neft emalı zavodlarına uğurlu hücumları ilə birlikdə, "Rusiyanı neft gücü kimi tərksilah edə" bilər. O, hesab edir ki, əlavə sanksiyalar və infrastruktura hücumlar Rusiyanın enerji gəlirlərinin çökməsi üçün "güclü bir multiplikator" rolunu oynayacaq.

Qeyd edək ki, ABŞ-nin "LUKOIL" və "Rosneft"ə sanksiya tətbiq etməsindən sonra "LUKOIL" xarici aktivlərini satmaq qərarına gəldiyini açıqlayıb. Satış OFAC-ın “wind-down” lisenziyası çərçivəsində aparılır. Aktivlər arasında Avropadakı neft emalı zavodları, yanacaqdoldurma məntəqələri və bir neçə neft-qaz layihəsi var.

İsveçrə treyderi “Gunvor” aktivləri almaq istəsə də, ABŞ tərəfindən bu prosesə maneələr yaradılıb.

Xatırladaq ki, “LUKOIL” Azərbaycanın neft-qaz sektorunda, eləcə də yanacaq satışı bazarında paylara malikdir:

“Şahdəniz” qaz yatağı: 19,99% pay;

Cənubi Qafqaz Boru Kəməri: iştirakçı tərəfdaş;

Yanacaqdoldurma məntəqələri: 87 məntəqə və 1 neft deposu;

EKTO brendi: pərakəndə yanacaq satışlarında mühüm pay.

Şirkət “Şahdəniz” layihəsindəki 19,99 faizlik payını 13 dekabra qədər satmağa çalışacaq. Bildirilir kim sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin bütün beynəlxalq bank əməliyyatları bağlanacaq və bu vəziyyət “LUKOIL”un layihə üzrə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək.

Məlumata görə, dekabrın 13-dən sonra şirkət “cash call” adlanan maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu ödəniş hissəsi layihənin davamlı işləməsi üçün ayrılan vəsaitdir və yalnız ABŞ dolları ilə həyata keçirilir. Öhdəliklərin təmin olunmaması “LUKOIL”u 13 fevral 2026-cı il tarixindən etibarən defolt riski ilə üz-üzə qoyur. Bildirilir ki, “LUKOIL”un payına ən ciddi iddiaçı kimi ABŞ şirkətləri göstərilir. Onlar hazırda layihədə iştirak etmirlər və yeni giriş imkanları axtarırlar.

ABŞ Maliyyə Nazirliyi “LUKOIL”un xarici əməliyyatlarına 21 noyabrdan 13 dekabra qədər müvəqqəti icazə verib. Bolqarıstanda isə şirkətə 2026-cı ilin aprel ayına qədər maliyyə əməliyyatları üçün istisna tanınıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Pressklub.az-a şərhində bildirib ki, Rusiya neft-qaz nəhənglərinin vəziyyəti indiki halda nə sadədir, nə də çıxılmaz. Onun sözlərinə görə, hər şey danışıqlardan asılıdır, o cümlədən hökumətlərin və layihə iştirakçılarının “LUKOIL”a hansı səviyyədə dəstək göstərməsinə də bağlıdır: “Azərbaycan özünün qaz layihələrinin icrasında artıq bir dəfə belə halla qarşılaşıb. Bu, 2013-cü ildə baş vermişdi. ABŞ və Avropa İttifaqı İrana qarşı sərtləşdirilmiş sanksiyalar tətbiq edən zaman... Həmin ərəfədə rəsmi Bakı və əsasən də layihənin operatoru bp Vaşinqton administrasiyası nümayəndələri ilə apardıqları davamlı danışıqları nəticəsində "Şahdəniz"də 10% paya malik İran şirkətinə qarşı sanksiyaların yumşaldılmasına nail oldular. Düzdür, İran tərəfinə layihədəki payını maliyyələşdirmək imkanı verilsə də, amma onun layihədən əldə edəcəyi mənfəət sanksiyalardan azad olunmadı: bu vəsait Avropada xüsusi hesabda toplanırdı. İndi “LUKOIL”la bağlı da məsələ real olaraq hesab edirəm ki, dekabrın ilk həftəsində aydınlaşa bilər”.

Ekspert xatırladır ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “LUKOIL”a qarşı tətbiq etdiyi sanksiyalara onun törəmə şirkətlərini də daxil edib. “Amma sanksiyalar Rusiya özəl şirkətinin 50%-dən çox paya malik olduğu törəmə şirkətlərini nəzərdə tutur. Onlarla bütün əməliyyatlar noyabrın 21-nə qədər tamamlanmalıdır”, - o əlavə edib.

İ.Şaban bildirir ki, “bloklama sanksiyaları” kimi tanınan bu qadağalar o deməkdir ki, ABŞ vətəndaşları, ABŞ-də işləyən şəxslər və şirkətlər “LUKOIL”la iş görə bilməz və onunla qarşılıqlı əlaqədə olan üçüncü şəxslər də sanksiyalarla üzləşmək riski daşıyır: “Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi “LUKOIL”a müəyyən əməliyyatları tamamlamaq üçün daha çox vaxt – 13 dekabr 2025-ci il tarixinədək ləğvetmə lisenziyasını uzadıb”.

Ekspert xatırladır ki, “LUKOİL” “Şahdəniz” qaz layihəsində 19,99% paya malikdir. Onun sözlərinə görə, “Şahidəniz” kimi birgə layihələrdə tərəfdaşlar öz paylarına müvafiq xərcləri qarşılayırlar, yəni vəsait köçürürlər. “Sanksiyalar hüquqi qüvvəyə mindikdən sonra “LUKOIL” bu cür öhdəlikləri yerinə yetirməkdə problemlərlə üzləşə bilər, xüsusən də ödənişlər dollarla və beynəlxalq banklar vasitəsilə həyata keçirilirsə. “LUKOIL” sanksiyaların təsirini minimuma endirmək üçün xarici aktivlərinin bir hissəsini satmaq niyyətində olduğunu açıqlayıb. Bununla belə, satış prosesi mürəkkəbdir: o, sanksiya məhdudiyyətləri çərçivəsində həyata keçirilməlidir və yalnız xüsusi icazəverici lisenziyalarla mümkündür”, - o vurğulayıb.

İlham Şaban xatırladır ki, “Rosneft” Rusiyanın ən böyük, dünyada isə “Saudi Aramco”dan sonra ikinci ən çox neft çıxaran şirkətidir, ildə 250-260 milyon ton - 16.16 milyard barrel neft çıxarır. “LUKOIL” isə bütün Rusiya üzrə özəl sektordan ən böyük vergi ödəyicisidir: “Sanksiyalara görə, şirkətləri birinci növbədə ABŞ və Avropadan çıxarırlar, deyirlər bizim ərazilərimizdə işləməyin. İkincisi, böyük aktivləri hədəfdədir. Məsələn, “LUKOIL” İraqda “Qərbi Kurna 2” layihəsində operatordur, gündəlik 450 min barrel neft çıxarır. Daha sonra Mərkəzi Asiya gəlir, şirkətin Qazaxıstanın neft sektorunda payı var. Özbəkistanda 13-14 milyard kubmetr qaz çıxarır, operatordu, hələ ki, səs-səmir yoxdur”.


Geri qayıt