Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanın “Göyçə isteriyası”

Ermənistanın “Göyçə isteriyası”


Bu gün, 06:03

Musavat.com xəbər verir ki, Ermənistan mediası Sevan (Göyçə) gölü ilə bağlı müzakirələri yenidən siyasi manipulyasiyaya çevirib və Azərbaycan haqqında əsassız ittihamlar tirajlamağa başlayıb.

SputnikARM-ın kolumnisti Arman Abovyan iddia edir ki, guya Azərbaycan “böyük Turan” konsepsiyasına uyğun olaraq Ermənistan ərazilərinə sahiblənmək üçün “su məsələsini qabardır”.

O, Prezident İlham Əliyevin son çıxışında gölün tarixi adının — Göyçənin — çəkilməsini “narahatlıq doğuran siqnal” kimi təqdim edir və bunu Azərbaycanın guya “erməni torpaqlarına iddiası” kimi yozmağa çalışır.

Halbuki reallıq tamamilə fərqlidir: Göyçə gölü Cənubi Qafqazın ən böyük təbii su hövzəsidir və regionun ekoloji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan rəsmiləri bu mövzunu qaldırarkən yalnız tarixi-coğrafi faktları xatırladır və ekoloji problemlərin artan risklərini vurğulayır. Ermənistan mediasının irəli sürdüyü “Azərbaycanın təcili suya ehtiyacı var və Göyçəyə göz dikib” kimi fikirlər isə daxili auditoriya üçün hazırlanmış növbəti mifdən başqa bir şey deyil. İrəvanda bu mövzunun siyasi alətə çevrilməsi, əslində, ölkə daxilində artan gərginliyi xarici “təhdid” obrazı ilə yüngülləşdirməyə, ictimai diqqəti real problemlərdən yayındırmağa xidmət edir.

Azərbaycan isə sadəcə tarixi toponimləri bərpa edir, regiondakı su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyini xatırladır və Ermənistan mediasının iddia etdiyi kimi heç bir “torpaq iştahı” nümayiş etdirmir. İrəvanın Göyçə ilə bağlı yaratdığı isteriya məhz bu səbəbdən daha çox öz daxili siyasi böhranının təzahürüdür.

Musavat.com


Geri qayıt