Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıdan Avropaya ötürülən “donos”lar

Bakıdan Avropaya ötürülən “donos”lar


Dünən, 22:23

Son dövrlərdə xaricdə fəaliyyət göstərən blogerlərin aktivliyində nəzərəçarpacaq dəyişiklik və “keyfiyyət” fərqi hiss olunur. Davamlı müşahidələr göstərir ki, informasiya hücumlarının səciyyəsi tədricən tranformasiya edib. Yəni, əvvəllər səsləndirilən ittihamlar ümumi sözlərdən, şablon fikirlərdən və emosional çağırışlardan ibarət idi. Lakin indi vəziyyət fərqlidir - artıq daxili məlumatlar və siyasi sistemin içindən çıxan xəbərlər tirajlanır. Bu cür informasiyaların xaricdəki blogerlərin öz təşəbbüsü ilə əldə olunması real görünmür və mənbənin xarici dairələr deyil, birbaşa Bakıdan olduğu ehtimalını gücləndirir.
Xaricdəki blogerlərin kontentində daxili məlumatların səsləndirilməsi onu deməyə əsas verir ki, onlara ötürülən materiallar məhz Bakıdan çıxır.
2019-cu ilə qədər, “Mehdiyev-Həsənov” medianı idarəetmə ənənəsinə uyğun, belə bir təcrübə formalaşmışdı: mətbuatda hansı dövlət qurumuna hücum edilirdisə, sonradan onun arxasından ya tender maraqları, yaxud kreslo davası ortaya çıxırdı. Ramiz Mehdiyevə və onun komandasına beyət etməməyin “cəza mexanizmləri” həm də bu formada işləyirdi. Düzdür, hazırda kompromatlar savaşı ciddi nəzarətə götürülüb, amma mövcud olan boşluqları doldurmaq üçün ciddi fürsət də yaranıb. Təsadüfi deyil ki, indi həmin ənənə yaşayır, kompromatlar sel kimi axır, amma başqa formatda - Bakıdan ötürülən materiallarla və xaricdə fəaliyyət göstərən müxalif blogerlər vasitəsilə...
XİN-i hədəfləyən “milli kələntər”lər kimlərdir?
Xarici İşlər Nazirliyi ilə bağlı vəziyyət bir qədər fərqlidir. Mən öz yazılarımda bu qurumla bağlı kifayət qədər sərt tənqidi mövqedən çıxış etmişəm və bu yazılar jurnalist araşdırmasından o tərəf keçməyib və heç bir ötürülən məlumata, sifarişə söykənməyib. Lakin son zamanlar xaricdəki blogerlər tərəfindən XİN-in hədəf alınması təsadüfi deyil, bu, bir projedir. Tirajlanan materialların araşdırılması göstərir ki, XİN-in hədəf alınması prosesi dövlətin funksional və çevik dayaqlarının zəiflədilməsinə, “dövlət vitrini”nin ləkələnməsinə hesablanıb.
Bəs, bu hücumlar hansı məqamlarda həyata keçirilir? Dövlətin hücum diplomatiyasının ciddi rəğbət və etimad qazandığı bir ərəfədə...
Sanki İkinci Qarabağ Müharibəsinə qədər Azərbaycan diplomatiyası müdafiə mövqeyində dayanmışdı, 2020-ci ildən etibarən müstəqil Azərbaycan tarixində hücum diplomatiyasının yüksələn xətt üzrə inkişaf etməsi bir çoxlarını narahat etməyə bilməzdi.
Maraqlıdır, XİN-ə qarşı kompromat kampaniyasında fərqli qanunauyğunluq müşahidə olunmaqdadır. Bu qurum hansı hallarda hədəfə gəlir:
- Azərbaycan strateji və cəsarətli mövqe sərgiləyib mühüm təşəbbüslərlə çıxış edəndə,
- Ağır proseslərin poliqonuna çevrilən bölgədə nəhəng güclərlə kəllə-kələyə gələndə,
- Azərbaycanın milli maraqlarına məqsədli şəkildə zidd addım atan xarici qüvvələrin maraqları tapdalananda...
AntiXİN kampaniyasının arxasında hansı maraqlar durur?
Bu hücumların arxasında duran alqoritm ötən il Azərbaycanda COP29 keçirildiyi vaxt daha aşkar müşahidə olunurdu. Ölkəmizin dünyanın ən irimiqyaslı tədbirini keçirməsi və COP-un sədri seçilməsi dünya səviyyəsində “yüksək diplomatiya liqasına” daxil oması anlamına gəlir. Qlobal proseslərin başına keçmək isə mütləq kimlərinsə maraqları ilə toqquşmaq deməkdir. Bakı Sammitinin son qərarı qəbul olunacagı gün Almaniyanın keçmiş baş diplomatı Annalena Berbokun elə COP məkanından bizi hədələyən canlı yayımları bu toqquşmanın həddindən xəbər verirdi.
COP-a sədr keçəndən dərhal sonra Azərbaycana qarşı erməni lobbisi və Qərb dairələrinin birgə təşkilatçılığı ilə təzyiq xarakterli media kampaniyası başladı. Təsadüfi deyil ki, bu kampaniya ilə paralel xarici xüsusi dairələrinin əlaltısına çevrilmiş blogerlər də məhz COP-a baş danışıqçısı təyin edilən XİN müavini Yalçın Rəfiyevi hədəfə alan “kompromat videoları” yaydılar.
Bu il COP-da sədrlik dövrümüz bitsə də, Azərbaycan Braziliyada bir sıra önəmli təşəbbüslərlə çıxış edərək bu yüksək liqada davamlı qalmaq niyyətini sərgiləmiş oldu. Üstəlik Qələbə günü ərəfəsində Xarici İşlər Naziri Ceyhun Bayramov İTV-yə geniş müsahibəsində Ermənistanın kapitulyasiyasına aparan yolda ölkə başçısının hansı qlobal qüvvələrin təzyiqini ram etməsi haqqında bəzi mətləblərin üstünü açdı, bu, həm də bəzi ölkələrə “artıq sizdən çəkinmirik” mesajının verilməsi anlamına gəlirdi. Məhz bundan sonra da Azərbaycanın COP heyətinin diplomatlarına qarşı növbəti hücum dalğası start götürdü.
Heç şübhəsiz XİN-i hədəf alan, COP heyətinin aparıcı simaları haqqında xaricdəki söyüş müxalifətinin hücumlarnın zamanlaması da təsadüf sayıla bilməz. Elə ən düşündürücü məqamda da budur ki, ölkənin daxilindən məlumatlar ötürən şəxslərlə ölkənin strateji qurumlarını hədəf alan söyüşcül blogerlərin maraqları üst-üstə düşür.
Məsələn, Azərbaycana qarşı aparılan çirkli məlumat axını kanallarından biri bir neçə gün əvvəl xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərovun (COP29 heyətinin baş məsləhətçi) guya “XİN-i de-fakto idarə etdiyi, kadrların tərəfindən təyin edildiyi haqqında” sensassiya ilə çıxış edir. Diqqəti cəlb edən odur ki, Tural Sadıqlının çox küstar üsullarla hazırlanan mətni “nümayişkəranə” şəkildə üzündən oxuması bu “dəqiq” məlumatların ölkənin daxilindən ötürüldüyünün vizual isbatıdır.
Ardınca da bu “dəqiq iddianın” sübütu kimi cəmi iki nəfərin adı çəkilir - onlardan biri 20 ilə yaxındır XİN sistemində çalışan və nazir müavini postuna addım-addım yüksələn Yalçın Rəfiyevdir (COP29-un baş danışıqçısı). İkinci şəxs isə uzun illər XİN sistemində işləmiş, İƏT kimi beynəxlaq təşkilatın regional ofisinin Baş direktoru vəzifəsində çalışımış Elməddin Mehdiyevdir (COP29-da danışıqçı). Belə çıxır ki, XİN-nin 50-dən çox ölkədə səfirlik və nümayəndəlikləri, Nazirliyin aparatında yüzlərlə əməkdaşı olduğu halda, “nazirliyi idarə edən” Elşad İskəndərov cəmi ikicə nəfəri vəzifəyə təyin etdirə bilib?
Üzündən oxunan mətndəki marginal ritorikanın digər iddiası odur ki, “İsgəndərov İstanbulda işləyərkən Səudiyyə Ərəbistanı nümayəndələrinə Türkiyə əleyhinə məlumat ötürüb və buna görə də İƏT-dəki vəzifəsindən uzaqlaşdırılıb”. Əvvəla, İƏT Gənlər Forumu beynəlxalq təşkilatdır, orda təyinatı Türkiyə həyata keçirmir. İkincisi, Türkiyə mediasının da yazdığı kimi, Elşad İskəndərov səlahiyyət müddəti başa çatdığı üçün, həm də Türkiyə və digər İƏT ölkələrindən bu qurumun təsisçisi kimi və təşkilatda uzunmüddətli səmərəli fəaliyyətinə görə müxtəlif təltiflər alaraq, elə Türkiyədə keçirilən seçki qurultayından sonra Bakıya dönüb və XİN-də fəaliyyətini davam etdirib. Əgər iddia edildiyi kimi o, Türkiyənin tələbi ilə vəzifəsindən uzaqlaşdırılmışdısa, onun qohumu olmayan o zamankı nazir, Elmar Məmmədyarov onu işə necə qəbul edib, özü də xüsusi tapşırıqlar üzrə səfir kimi yüksək səviyyəli diplomatik vəzifəyə təyin edib?!...
Bütün bu yalanlara söykənən sensasiyaları bir-bir araşdırmağa dəyməz. Üzündən oxunan bu mətnlər, anadolular demiş “divara atılan çamur yapışmasa da izi qalacaq” prinsipinə hədəflənib. Əsas diqqəti cəlb edən iki nəticədir: birincisi, hədəfə alınan diplomatlarımızın hamısının Azərbaycanın uğurlu COP komandasının aparıcı simaları olmasıdır. İkincisi isə ötürülən “donos”larda vurulan eyhamlar - XİN-də gedən səssiz kadr islahatı nəticəsində təmizlənən antimilli “5-ci kolon”un vurulan maraqlarına işarələrdir.
Kələntərlərin xisləti və aqibəti...
"Sensasiya"nın sonunda isə T.Sadıqlının dili ilə danışan mətnin əsl sifarişçisi öz xislətini tam açıqlamış olur. Bildirir ki, Prezidentin köməkçisi Hikmət Haciyev vaxtilə “Elşad İskəndərovun nazir təyinatı üçün” Türkiyəyə minnətçi düşüb. Nə gədər gülünc görünsə də, bu fikrin səsləndirilməsi Sadıqlını danışdıranların vətnpərvərlikdə zərrə gədər payı olmadığını göstərir. Çünki Azərbaycan müstəqil ölkədir, qərarlar da Bakıda verilir və belə bir iddia ümumiyyətlə, ölkənin xarici siyasət mexanizmini nüfuzdan salmağa hesablanıb.
Bütün bu baş verənlər, hədəfli hücumların zamanlaması göstərir ki, xaricə ötürülən məlumatlar hansısa çayxana müxalifətinin və ya konspiroloqun yaradıcılıq məhsulu deyil, dövlətin öz içindən ötürülən məlumatlardır və dövlət orqanlarında yuva quran gizli satqınların fəaliyyətidir.
Yadınızdadırsa, bir müddət əvvəl də mətbuatda belə bir xəbər getmişdi ki, diplomatiya sistemində yuva salmış, amma ölkənin xarici siyasəti haqda xarici dairələrə, blogerlərə “kompromatlar” ötürən və bunula da dövlət sirlərini yayan diplomat həbs olunub.
Diplomatiya idarəsinə qarşı bu dəfəki qarayaxma həmləsinin üslubu elə bu yaxınlarda “XİN-də korrupsiya faktları” haqqında mətbuatda getmiş, saxtalığı araşdırılıb sübut olunaraq ictimailəşdirilmiş və pərdəarxası sifarişçisi aşkar edilmiş digər bir həmlə ilə də tam uyğunluq təşkil edir. Yəni, “karranti”lər kamuflyaj olduqlarını düşünürlər, amma “donos üslubları”ı onları tez ələ verir.
Ölkənin ən strateji qurumlarından birində “donosçu”ların fəaliyyəti uzun müddət davam edə bilməz. Böyük ehtimalla, “COP şantajı"nın sifarişçilərinin də adları tezliklə bəlli olacaq və hər kəs layiq olduğu cəzanı alacaq. Əks halda, sarsılan Azərbaycanın dövlət maraqlarıdır.
Müəllif: Samir Feyruzov
"DİA-AZ"

Geri qayıt