Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı

Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı


Bu gün, 17:01

Azərbaycanda sürücülər son iki gündə LUKOIL yanacaqdoldurma məntəqələrində kartla ödəniş edə bilmədiklərini bildiriblər. Məlumata görə, şirkətin AЗS-lərində hazırda yalnız nağd ödəniş qəbul olunur. Haqqin.az-ın sorğusuna cavab verən LUKOIL-in Azərbaycandakı nümayəndəsi təsdiqləyib ki, ödəmə terminalları ABŞ sanksiyaları səbəbindən işləmir. Şirkət əməkdaşının sözlərinə görə, sanksiyalar beynəlxalq ödənişlərdə ciddi çətinlik yaradıb və banklar bir çox tranzaksiyaları bloklayır.

ABŞ Maliyyə Nazirliyi 24 oktyabr 2025-ci ildə LUKOIL və onun 34 törəmə müəssisəsini sanksiya siyahısına daxil edib. Bu qərarla şirkətin dollar əməliyyatlarına məhdudiyyət qoyulub, ABŞ-dakı aktivləri dondurulub və Amerika təşkilatları ilə kommersiya əlaqələri qadağan edilib. Nəticədə LUKOIL-in beynəlxalq hesablaşmaları çətinləşib və bir çox bank ödənişləri qəbul etməkdən imtina edib.

Sanksiyalardan sonra LUKOIL 27 oktyabrda xarici aktivlərini satmaq niyyətini açıqlayıb. 5 noyabr 2025-ci ildə isə şirkət Lukoil International GmbH-nin 100% satışına İsveçrənin Gunvor şirkətinin təklifini qəbul edib. Lakin ABŞ sanksiyaları bu sövdələşmənin icrasını çətinləşdirir.

LUKOIL-in Azərbaycandakı bəzi iri enerji layihələri — “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və Xəzər qaz kəmərləri — Böyük Britaniyanın sanksiyalarından müvəqqəti istisna edilsə də, ABŞ məhdudiyyətləri bu fəaliyyətlərə aid deyil. Bu səbəbdən şirkətin maliyyə əməliyyatlarında risklər davam edir.

Nəticədə məhdudiyyətlər LUKOIL-in Azərbaycandakı gündəlik fəaliyyətinə də təsir göstərib. Yanacaqdoldurma məntəqələri əməkdaşlarının bildirdiyinə görə, ödəmə terminallarının işləməməsi birbaşa sanksiya ilə bağlıdır və hazırda yalnız nağd ödəniş mümkündür.


Geri qayıt