Əsas Səhifə > Ana xəbər / Güney Press > 2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ...
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ...Bu gün, 03:38 |
|
Azərbaycanda oktyabr ayı ərzində ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. 2025-ci ilin oktyabr ayında qiymətlər ötən ilin oktyabr ayına nisbətən 5,9 faiz artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məhsullarının qiyməti 8,2 faiz, qeyri-qida məhsulları 2,5 faiz, xidmətlər isə 5,6 faiz bahalaşıb. Sentyabr ayı ilə müqayisədə oktyabrda qiymətlər 0,5 faiz artıb, yanvar-oktyabr dövründə isə 5,7 faiz yüksəlib. Qida məhsulları və içkilər isə oktyabrda əvvəlki aya nisbətən 0,8 faiz, yanvar-oktyabr aylarında 6,9 faiz bahalaşıb. Son bir il ərzində ərzaq qiymətlərinin artmasının səbəbi nədir? Növbəti ildə də bu tendensiya davam edəcəkmi? Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans-a açıqlamasında bildirib ki, ərzaq qiymətlərinin artmasının bir çox səbəbləri vardır; bu, tək bir amillə izah olunan proses deyil. Həssas səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycan özünü ərzaq məhsulları ilə tam təmin etməkdə çətinlik çəkir. Hazırda ölkə üzrə ərzaq təminatında özünütəminetmə səviyyəsi cəmi 25–26 faiz civarındadır, qalan hissə isə idxal hesabına ödənilir. Digər bir problem pərakəndə satış sahəsində müəyyən rəqabət olsa da – müxtəlif market şəbəkələrinin mövcudluğuna baxmayaraq – toptan satış bazarının azsaylı oyunçuların əlində cəmləşməsidir. Ekspert onu da diqqətə çatdırıb ki, bu isə bazarda qiymət diktəsinə səbəb olan əsas amillərdən biridir. Bununla yanaşı, ərzaq məhsulları üzrə vergi və gömrük güzəştləri kifayət qədər məhduddur. Daha çevik vergi və gömrük siyasətinə ehtiyac var ki, dövlət bu alətlər vasitəsilə ərzaq qiymətlərinin tənzimlənməsini həyata keçirə bilsin. Məsələn, bir çox ərzaq kateqoriyalarına 18% əlavə dəyər vergisi tətbiq olunur. Halbuki bəzi ölkələrdə ƏDV diferensial şəkildə müəyyən edilir – yəni müxtəlif məhsullar üzrə bir neçə vergi dərəcəsi mövcud olur və hökumətlər tələb olunduqda bu dərəcələri artırıb-azaltmaqla qiymət tənzimlənməsi aparırlar. Azərbaycanda isə bu sahədə dəyişikliklərə gedilmir və vahid 18% dərəcəsi tətbiq olunur. "Ümumilikdə, ərzaq qiymətlərinin bahalaşmasına səbəb olan amillər çoxdur. Bu problemlərin aradan qaldırılması üçün hökumət orqanları islahatların dərinləşdirilməsinə, kiçik və orta sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılmasına çalışmalıdır. Yəni kompleks addımlar atılmalıdır", - deyə ekspert qeyd edib. Geri qayıt |