Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE

Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE


Bu gün, 11:17

““Tramp Yolu”nun (Zəngəzur dəhlizi) tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu parlamentdə hökumət saatı zamanı deyib. Onun sözlərinə görə, bütün detallar bu ilin sonuna qədər müzakirə olunmalı, bütün plan ilin birinci yarısında kağız üzərində təqdim edilməlidir. Tikinti işlərinə ilin ikinci yarısında başlamaq planlaşdırılır.

“Amma mən hələlik bu barədə danışmaq istəmirdim, çünki bu cür planlar həmişə cədvəldən kənara çıxır”, - deyə Paşinyan bildirib. O, digər məsələlərlə yanaşı, Tramp komandasının iş yükünü də qeyd edib. “Biz son tarixlərdə işin başlamasını təmin etmək üçün hər şeyi edəcəyik”, - deyə Ermənistanın Baş naziri bildirib.

Nikol Paşinyanın sözlərinə görə, dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək. Çünki hər hansı digər marşrut qeyri-real olardı:

“Qaz kəməri və elektrik xətləri də xeyli şimalda yerləşəcək. Qaz kəmərinin və elektrik xətlərinin Zəngəzurda qalıb-qalmayacağı hazırda məlum deyil. Xəritədə hər şey hamar görünür, amma relyef tələbləri diktə edir”, - deyə Paşinyan vurğulayıb. “Şərq-Qərb yolları Şimal-Cənub layihəsinə inteqrasiya olunacaq. Seçimlər hələ də müzakirə olunur”,-deyə o bildirib. Nikol Paşinyanın açıqlaması Azərbaycanla Ermənistan arasında nəqliyyat və komnmunikasiya əlaqələrinin açılmasına dair bir detallara aydınlıq gətirir.

Baş nazirin sözləri göstərir ki, Beynəlxalq Sülh və Rifah Naminə “Tramp marşrutu”nın inşasına Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərindən sonra başlanılacaq. Layihənin icra müddəti ilə yanaşı, Nikol Paşinyan hökuməti özü də bu prosesin seçkilərdən əvvəl reallaşmasında maraqlı deyil. Çünki Zəngəzur dəhlizinin açılması istiqamətində konkret addımların atılması seçkilər öncəsi revanşist müxalifətin Paşinyana qarşı istifadə edəcəyi “qara piar” ola bilər.

Yəni müxalifət Paşinyanı “Zəngəzuru Azərbaycana verməkdə”, “Ermənistan ərazilərini satmaqda” ittiham edir. Ona görə də Paşinyan seçkilərə qədər “Tramp marşrutu”nun tikintisinə başlamağa tələsmir. Paşinyanın sözlərindən məlum olur ki, əraziyə baxış keçirən mütəxəssislər Sovet dövründə mövcud olmuş və Birinci Qarabağ müharibəsində dağıdılmış dəmir yolu xəttini bərpa etməyi qərara alıb.

Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu xəttindən gedir. Ermənistanın sonradan təklif etdiyi Arazdəyən-Sədərək dəmir yolu layihəsi qəbul olunmayıb. Bununla da Azərbaycanın 2020-ci ildə Zəngəzur dəhlizinin açılması ilə bağlı irəli sürdüyü dəmir yolu xətti daha əlverişli marşrut hesab edilib. Bu yolun Azərbaycan ərazisindən Ermənistan sərhədinə qədər olan hissəsi 2026-cı ilin ikinci yarısında hazır olacaq.

Yəni Zəngəzur dəhlizini təmin edəcək infrastrukrun xeyli hissəsi artıq inşa edilib. Ona görə də yeni dəmir yolunun çəkilməsinə ehtiyac yoxdur. Sovet dövründən qalma dəmir yolunun bərpası bu marşrutun Türkiyə sərhədinə qədər əvvəllər mövcud olmuş hissəsini yenidən qurmağa imkan verəcək.

Digər tərəfdən, Ermənistan yüksək dağlıq relyef əraziyə malik olduğundan, başqa istiqamətdə yeni dəmir yolu xətti çəkmək çətindir. Paşinyanın açıqlaması göstərir ki, kommunikasiyaların açılmasından sonra Ermənistan üzərindən neft, təbii qaz, elektrik enerjisi, hiperoptik kabellər çəkilə bilər.

Baş nazir qaz kəmərlərinin xeyli şimalda yerləşəcəyini deyir. Qeyd edək ki, Sovet dövründə Azərbaycanla Ermənistan arasında təbii qazın nəql edildiyi iki boru xətti mövcud olub. Bunlardan biri Qazax-İcevan, digəri isə Gorus-Xankəndi kəməridir. Gələcəkdə çox güman ki, hər iki kəmərin bərpası mümkün ola bilər.

Müşfiq Abdulla
"Cebheinfo.az"


Geri qayıt