Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyilBu gün, 09:23 |
|
Rusiyanın ötən gecə Kiyevə endirdiyi raket zərbəsi nəticəsində "İskəndər" tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Raket diplomatik nümayəndəliyin ərazisinə düşərək böyük bir çat yaradıb və divarı qismən dağıdıb. Pəncərələr sınıb, diplomatların maşınlarına isə ziyan dəyib. Ukrayna hakimiyyəti ziyanı qiymətləndirir. Səfirlik işçilərindən heç biri xəsarət almayıb. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Kiyevdəki səfirlik ərazisinə raket zərbəsi ilə bağlı etiraz notası təqdim edilib. Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib. Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib. 2025-ci il avqustun 28-də isə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb. Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb. Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb. Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb. Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub. Bununla yanaşı, Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub. Prezident İlham Əliyev Kiyevdə səfirliyin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib. Dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib. Prezident beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb. Ədalət Partiyasının sədri Mütəllim Rəhimov "Şərq"ə deyib ki, baş verən hadisə çox təəssüfedicidir. Ekspert bildirib ki, dinc şəhərlərin müharibə dövründə atəşə tutulması müharibə cinayətidir: "Biz bu hadisələri yaşamışıq. 2020-ci il 44 günlük müharibədə Ermənistanın Azərbaycanın mülki sakinlərini hədəf almasının, Gəncə, Bərdə, Tərtər kimi şəhərlərə raket atmasının şahidi olmuşuq. Bu, vandalizmdir. Müharibənin qanunları, bir xətti, müstəvisi olur. Savaşlar da həmin istiqamətdə həyata keçirilir. Təbii ki, müharibə dönəmində strateji hədəflər vurula bilər. Heç kim buna irad tutmur. Arxa cəbhədə logistika məntəqələri, hərbi silah-sursat istehsal edən zavod-fabriklər sıradan çıxarıla bilər. Amma dinc şəhərlərin bombalanması, sivil insanların qətlə yetirilməsi nə məntiqə, nə əxlaqa, nə də hüquqa sığır. Xüsusən, indiki məqamda paytaxt Kiyevin bombalanması qəbuledilməzdir. Bu addım Rusiyaya başucalığı gətirmir. Dinc sakinlərin nə günahı var? Mülki adamları, uşaqları, qadınları, qocaları evlərində öldürmək nə deməkdir? Axı onlar döyüşlərdə iştirak etmirlər". M.Rəhimov hesab edir ki, müharibə gedən bölgələrdə dinc insanların yaşadığı binaların bilmədən vurulmasını hardasa qəbul etmək olar: "Lakin təmas xəttindən xeyli uzaqda yerləşən paytaxtın vurulması, Azərbaycan səfirliyinin yaxınlığına "İsgəndər" raketinin qəlpələrinin düşməsinə heç kim bəraət qazandıra bilməz. Rusiya mütləq buna cavab verməlidir. Moskva özünü hərbi jandarm kimi aparmamalıdır. Beynəlxalq hüququn qayda-qanunlarına tabe olmalıdır. Rusiyanın Kiyevin mərkəzinə hücumları müharibə cinayətidir və daha ağır sanksiyalar tətbiq olunmalıdır. Dinc insanları, səfirlikləri hədəfə alanlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. ABŞ Prezidenti D.Tramp Rusiya rəhbəri V.Putini Alyaskaya dəvət edirsə, beynəlxalq məhkəmə qərarı ilə axtarışda olan bir siyasətçi ilə görüşürsə, onun imicini təmizləyirsə, Rusiya bundan ruhlanaraq Kiyevi bombalayır, mülki sakinləri hədəf alır". Partiya rəhbəri bir məqamı da xatırladıb: "Rusiyanın Belqoroddan keçən qaz xətti istiqamətində neçə ildir müharibə getsə də, həmin xətlə bağlı heç bir problem yaşanmamışdı, yəni Avropaya qaz nəqli davam edirdi. Ancaq Rusiya-Azərbaycan münasibətləri gərginləşən kimi "SOCAR"ın Ukraynadakı yanacaq anbarları hədəf alındı. İndi də səfirliyimizin yaxınlığına raket atılır. Moskva Bakıya təzyiq göstərmək məqsədilə bu cür addımlara gedir. Bunlar təsadüf ola bilməz. Rusiya çox yaxşı bilir ki, Kiyevin mərkəzində nə, haradadır, hansı dövlət qurumu, hansı səfirlik harada yerləşir. Rusiya Ukrayna ərazisindəki hərbi obyektlərin yerini də dəqiqliklə bilir. Rusiyanın əlində olan raketlər də dəqiq hədəf alma imkanlarına malikdir. Hədəfdən yayınma ehtimalı çox aşağıdır. Rusiya bütün dünyaya savaş açır. Təkcə Azərbaycana yox, keçmiş postsovet ölkələrinə mesaj verir ki, hər kəslə hərbi dildə danışır, diplomatik dildən istifadə etmir". Geri qayıt |