Əsas Səhifə > Ana xəbər / Güney Press > Həbsdə olan həmkarlarının yanına gedəcəklər...

Həbsdə olan həmkarlarının yanına gedəcəklər...


Bu gün, 07:22

Prezident İlham Əliyevin məmurlara, icra başçılarına növbəti tapşırıq və tövsiyələri bir daha göstərdi ki, Azərbaycan dövlətinin idarəçilik fəlsəfəsi xalqa xidmət, ədalət və şəffaflıq prinsiplərinə əsaslanır. Dövlət başçısı birmənalı vurğuladı ki, rəhbər vəzifə daşıyan hər bir şəxs xalqa xidmət missiyasını öz fəaliyyətinin mərkəzinə qoymalıdır. Ölkə rəhbəri bildirdi ki, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq hər bir rəhbərin başlıca vəzifəsidir. Əlbəttə, Prezidentin bu çağırışı məmurlardan təvazökarlıq, dürüstlük və məsuliyyət tələb edən yüksək dövlətçilik mədəniyyətinin təzahürüdür. Dövlət başçısı həmçinin korrupsiya və rüşvətxorluğa qarşı sərt mövqe nümayiş etdirərək bildirdi ki, qanunsuzluğa yol verən hər bir şəxs qanun qarşısında cavab verməli olacaq. O, məmurların təkəbbür və harınlıqdan uzaq durmasının vacibliyini bir daha qeyd etdi, xalqın etimadını itirən şəxslərin heç bir halda cəzasız qalmayacağını diqqətə çatdırdı. Bəyan etdi ki, sosial ədalət və şəffaflıq prinsipləri idarəetmənin təməlini təşkil etməlidir. Prezident diqqətə çatdırdı ki, mərkəzdən gələn bəzi qanunsuz tapşırıqlar dövrü arxada qalıb.

Prezidentin mühüm tapşırıqlarını Sherg.az-a təhlil edən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, vətəndaşların ən çox narazı olduğu qurumlar içərisində rayon icra başçıları ilk yerlərdən birini tutur. Ekspertin sözlərinə görə, cənab Prezidentin də qeyd etdiyi kimi, bəzi icra başçıları öz şəxsi maraqlarını dövlətin və xalqın maraqlarının üstünə qoyaraq daha çox varlanmağa, daha çox obyektlər açmağa, sahibkarlıqla məşğul olmağa cəhd göstərirlər:

"Eyni zamanda müşavirədə qeyd olundu ki, mərkəzdən də icra başçılarına qanunsuz tapşırıqlar verilir. Bunların nədən ibarət olduğunu yaxın günlərdə biləcəyik. Ancaq icra başçılarının və Prezidentin xüsusi nümayəndələrinin fəaliyyətinin güclənməsinə ehtiyac var. Həbs olunan icra başçıları digərləri üçün nümunə, dərs olmalıdır ki, bu cür fəaliyyətin axırı həbsxanada bitir. İcra başçıları yerlərə xalqın mənafeyini güdmək üçün təyin olunublar. İnsanlarla görüşmək, onların problemlərini öyrənmək, onlara həssas yanaşmaq vacibdir. Xüsusilə Vətən müharibəsi, İkinci Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə xüsusi diqqət göstərmək icra başçılarının və onların yerlərdəki nümayəndələrinin əsas vəzifəsidir. Güman edirəm ki, baş verən son hadisələr və cənab Prezidentin icra başçılarına verdiyi tapşırıqlar digərləri üçün də təlimat olacaq".

Analitik vurğulayıb ki, məmurlar insanlar üçün çalışmalı, onları razı salmaq üçün əllərindən gələni etməlidirlər:

"Eyni zamanda yerlərdə iş yerlərinin açılması, sahibkarlara kömək göstərilməsi, fermerlərə dəstək verilməsi icra başçılarının əsas vəzifəsidir. Bu addımlar atılarsa, Azərbaycan yüksək iqtisadi inkişafa nail ola bilər. Çox təəssüf ki, icra başçıları bəzən sahibkarlara, fermerlərə mane olurlar. Bu cür insanlar uzun müddət işləyə bilməzlər və mütləq cəzalanacaqlar. Həbsdə olan həmkarlarının yanına gedəcəklər. Ümid edək ki, vəziyyət düzələcək, rayonlarda əhalidən icra başçıları barəsində xoş sözlər eşidəcəyik. Bunun üçün icra başçıları, onların nümayəndələri öz işlərində ciddi dönüş yaratmalı, dövlət başçısının göstərişlərinə əməl etməlidirlər".


Geri qayıt