Əsas Səhifə > Ana xəbər / Güney Press > “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub
“Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzubDünən, 15:28 |
Bakıda fəaliyyət göstərən "Pover on” (MMC) Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibində fəaliyyət göstərən “Music Gallery” mağazasının meneceri Rüfət Əliyevin məhkəməsi başa çatıb."DİA-AZ" Yurd.Media-ya istinadən xəbər verir ki, o, Nərimanov rayonunda yerləşən “Music Gallery" elektronika mağazasının anbarından MMC tərəfindən etibar edilmiş 48 869 manatlıq müxtəlif növ məhsullarını sataraq pulunu mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən R. Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, "Pover on” MMC əsasən məişət elektrik mallarının, kompüterlərin, audio və video aparatlarının pərakəndə satışı ilə məşğuldur: “MMC ilə 1 avqust 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən mağaza meneceri vəzifəsinə təyin olunmuşam. Əmək müqaviləsinə əsasən mənə etibar edilmiş malların satışını, paylanmasını təşkil etmişəm. Mən qumar oyunlarının aludəçisi olmuşam. Telefonuna "mostbet” proqram təminatı yükləmişəm. Həmin proqramla online qumar oyunları oynamışam. Qumar oyunları oynamaq üçün mənə pul lazım olub. Buna görə mağazanın anbarında olan mobil telefonları qüsurlu olaraq qeyd etmək və götürərək satmaq qərarına gəlmişəm. Məhsullar qüsurlu olduğu halda həmin məhsullar satışa çıxarılmayıb və qüsurlu olduğundan sistemdə görsənməyib. Bununla da mənim həmin məhsulları götürmək imkanım yaranıb”. Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 dekabr 2024-cü il tarixdən etibarən 22 yanvar 2025-ci il tarixədək anbardarlardan smartfonlar və playstationlardan bəzilərinin müştərilərinin olduğunu, qüsurlu olaraq qeyd etmələrini, cihazları ona təqdim etmələrini bildirib. Onun ifadəsinə görə, hər iki anbardar ona tabe olduqları üçün dediklərini ediblər və onun dediyi model cihazları qüsurlu kimi qeyd edərək ona təqdim ediblər. Təqsirləndirilən şəxs bildirib ki, həmin cihazları Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyası yaxınlığında yerləşən lombarda qoyaraq pul götürüb, həmin pulları da “mostbet” online qumar oyunları oynayaraq uduzub. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüquqları məhdudlaşdırılıb. O, 3 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Geri qayıt |