Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır?
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır?Bu gün, 06:59 |
İran prezidenti Məsud Pezeşkian xəbərdarlıq edib ki, su təchizatı daha da pisləşərsə, Tehran təxliyə edilə bilər. O, ölkənin qərbindəki Sənəndəc şəhərinə səfəri zamanı bildirib ki, uzun illər davam edən quraqlıq və yeraltı su ehtiyatlarının azalması ciddi su böhranına səbəb olub. Paytaxtda vəziyyət kritikdir və yaxınlarda yağış yağmasa, ciddi su məhdudiyyətləri tətbiq olunacaq, hətta şəhər boşaldıla bilər. Pezeşkian təbii ehtiyatların səmərəli idarə olunması, su və enerji qənaətinin artırılması, iqlim dəyişikliyi şəraitində kənd təsərrüfatı və sənayenin inkişaf strategiyalarının yenilənməsinin vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ekoloq Rövşən Abbasov bildirib ki, Tehran sürətlə inkişaf etsə də, içməli su, kanalizasiya və sanitariya sistemləri inkişafdan kənarda qalıb. “Tehran kimi böyük şəhərlər su mənbələrinin etibarlılığı baxımından çətinliklərlə üzləşir. Quraqlıq bir neçə ay ərzində içməli su ehtiyatlarını kəskin azalda və su çatışmazlığı yarada bilər. Əlbəttə ki, prezidentin sözlərində böyük həqiqət var. Onun qeyd etdiyi kimi, Tehran uzun illər ərzində planlaşdırma olmadan sürətlə inkişaf edib. Yeni binalar inşa olunub, lakin içməli su, kanalizasiya və sanitariya sistemləri inkişafdan kənarda qalıb. Su mənbələri şəhərə uzaq deyil və böyük çaylardan alınmır, buna görə də su ehtiyatlarının tükənməsi realdır. Oxşar vəziyyət Bakıda da müşahidə olunur. Son illər əhali sıxlığı artıb, Abşeron yarımadasında su mənbələri məhduddur və su uzaq məsafələrdən gətirilir. Bakıdakı köhnə beşmərtəbəli binalar sökülərək yerində göydələnlər tikilir, əhali sıxlığı artır və kanalizasiya sistemində problemlər yaranır. Qısa müddətli risklər az olsa da, oxşar problemlər ola bilər. Azərbaycanın milli adaptasiya proqramına uyğun olaraq, Bakı üçün su mənbələrinin diversifikasiyası, o cümlədən Xəzər dənizindən suyun şirinləşdirilməsi layihələri uğurla həyata keçirilir. Buna baxmayaraq, yeni məhəllələr salınarkən su təminatı prioritet olmalıdır. Hər bina tikilərkən ilkin icazələrdən biri müvafiq su təminatının yoxlanılmasıdır ki, su mənbələri kifayət edirmi, yoxsa yox”-deyə Rövşən Abbasov qeyd edib. Geri qayıt |