Əsas Səhifə > Ana xəbər / Güney Press > “9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi”

“9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi”


Bu gün, 09:43

Ermənistanın sabiq prezidenti Robert Köçəryan TV5-ə müsahibəsində 9 noyabr 2020-ci il və 8 avqust 2025-ci il tarixlərində imzalanmış sənədlər barədə danışıb.

Modern.az-ın məlumatına görə, Köçəryan bildirib ki, həmin vaxt heç bir müxalifət nümayəndəsi baş nazir Nikol Paşinyandan 9 noyabr sənədinin ləğvini tələb etmirdi, çünki hər kəs anlayırdı – bu sənəd müharibədə məğlubiyyətin rəsmiləşməsi idi. Eyni zamanda hamı başa düşürdü ki, bu sənəd Qarabağı qorumaq üçün son imkan sayılır.

Köçəryanın sözlərinə görə, o dövrdə bu sənədə möhkəm sarılmaq və onun tam icrasına nail olmaq lazım idi.

Ek-prezident əlavə edib ki, sənədin 9-cu bəndindəki “maneəsiz yol” anlayışı sonradan Vaşinqtonda imzalanmış analoji sənədlə eyni mahiyyət daşıyır. Fərq ondadır ki, 2020-ci ildə Qarabağ mövcud idi, Laçın dəhlizi fəaliyyət göstərirdi və həmin 9-cu bənd məhz bu dəhlizlə simmetriyanı qorumaq üçün daxil edilmişdi.

Köçəryan deyib ki, Ermənistan rusiyalı sülhməramlıların Qarabağdan getməsi üçün əlindən gələni edib.

O qeyd edib ki, Rusiya yalnız 9 noyabr sənədinə şahid olmayıb, həm də onu imzalayıb və Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsuliyyətini öz üzərinə götürüb.

"Lakin Ermənistan mahiyyət etibarilə bu prosesdə iştirak etməkdən birtərəfli şəkildə imtina edib".

"Ermənistan Praqada "Artsax" da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bundan sonra Rusiya Azərbaycanla münasibətlərdə hansı rol oynayır? Ermənistan Respublikasının bu bəyanatı ilə vasitəçilik missiyası ləğv edilib.

Bu bəyanatla münaqişənin bütün konfiqurasiyası dəyişdi, çünki üç ölkənin lideri Qarabağın statusu məsələsinin qeyri-müəyyən qaldığı və sonrakı danışıqların mövzusu olmalı olduğu haqda üçtərəfli bəyanat imzaladılar. Bu halda Ermənistan deyir: Mən bu məsələyə müdaxilə etmirəm; get və Qarabağ məsələsini Azərbaycanla istədiyin kimi müzakirə et. Bu, həmçinin Rusiya sülhməramlılarının mövcudluğunun statusunu qeyri-müəyyən edir. Qarabağın itirilməsi Praqa bəyannaməsinin birbaşa nəticəsidir.

Əgər biz Rusiyanın Qarabağ üçün ömürlük məsuliyyət daşımalı olduğuna inansaydıq, əgər Ermənistan o bəyanatı verməsəydi, şübhəm yoxdur ki, beş illik müddət daha beş il uzadılar və siyasi həll təklif olunardı. Bəlkə də 2019-cu ildə rədd edilən təklif bəzi dəyişikliklərlə masa üzərinə qoyulardı və onlar həll yolu tapmağa çalışardılar", - deyə Ermənistanın ikinci prezidenti qeyd edib.


Geri qayıt