Əsas Səhifə > Ana xəbər / Güney Press > Vardanyanın Bakıdan sarsaq çağırışı
Vardanyanın Bakıdan sarsaq çağırışıBu gün, 09:13 |
|
Qarabağda separatçı və qanunsuz silahlı-siyasi strukturların təşkilində iştirak etdiyi üçün hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın oğlu ilə telefon danışığı yayılıb. Danışıq zamanı o, oğluna “əsl qəhrəman ümidin qalmadığı yerdə onu yenidən yandırandır”, “insan özündə işığı və xeyiri daşımalıdır” və və bu kimi təxribatçı fikirlər səsləndirib. Təbii ki, bu bəyanatlar real vəziyyətdən yerlə göy qədər uzaqdır və yalnız emosional təsəlli xarakteri daşıyır. Vardanyan Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində mərkəzi hakimiyyətə qarşı qondarma “dövlət”, “nazirlik” və “ordu” strukturunun maliyyələşdirilməsi və idarə olunmasına rəhbərlik edib. O, Qarabağ bölgəsində separatizmin gücləndirilməsi, silahlı dəstələrin təchiz edilməsi, Azərbaycan ordusuna və dinc şəhərlərə raket hücumlarında iştirak, eləcə də yerli əhaliyə qarşı qanunsuz təsir mexanizmlərinin yaradılması ilə bağlı istintaqa cəlb olunub. Hazırda Vardanyan barəsində istintaq davam edir və o, törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verir. Amma belə çıxır, o öz əməllərindən hələ də peşman deyil və axmaq ideyalarla yaşamağa davam edir, Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyi əleyhinə yenə fikirlər səsləndirir. Onun separatizmə və işğalçılığa çağırış anlamı verən yuxarıdakı sarsaqlaması maddəsini ağırlaşdıra bilərmi? Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Vardanyan növbəti dəfə öz “qəhrəmanlıq” şousunu nümayiş etdirib: “Onun oğlu ilə telefon danışığı zamanı səsləndirdiyi ifadələr cəmiyyət tərəfindən haqlı olaraq qəzəblə qarşılanıb. Bu sözlər təkcə emosional təsəlli deyil, Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş açıq çağırış kimi qiymətləndirilməlidir: ”Çünki Ruben Vardanyan Qarabağda qanunsuz “dövlət”, “nazirlik” və “ordu” strukturunun maliyyələşdirilməsində, separatizmin idarə olunmasında və silahlı birləşmələrin təchizatında birbaşa iştirak edib. O, Azərbaycan Ordusuna və dinc əhaliyə qarşı hücumların maliyyə dayaqlarını təşkil edən şəxslərdən biridir. Hazırda Vardanyan barəsində istintaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmələrin yaradılması və idarə olunması) və 280.2 (dövlət əleyhinə açıq çağırışlar) maddələri ilə aparılır. Bu cür çıxışlar, xüsusilə işlətdiyi sarsaq ifadələr, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təbliğatdır. Cinayət Məcəlləsinin 281.2-ci maddəsi məhz bu tip hərəkətləri əhatə edir. Hətta bu fikir xaricə ötürülüb ictimailəşdirilirsə, bu, artıq təkrar və davamlı niyyət kimi dəyərləndirilə bilər. Hüquqi dildə desək, bu, cinayət tərkibinin genişlənməsi deməkdir. Onun son “çıxışı”- yəni telefon danışığında səsləndirdiyi separatçı fikirlər Cinayət Məcəlləsinin 281.2-ci - Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönəlmiş açıq çağırışlar maddəsinin tətbiqinə əsas yarada bilər. Bu maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əgər istintaq həmin danışığı yeni sübut kimi qiymətləndirsə, Vardanyanın ittihamları ağırlaşdırılmış cinayət tərkibli əməllərlə birləşdirilə bilər". Cavad Cavadov deyib ki, məhkəmə təcrübəsində təqsirləndirilən şəxsin öz əməllərinə münasibəti, yəni peşman olub-olmaması mühüm amil olaraq nəzərə alınır: “Ruben Vardanyan bu sarsaq bəyanatı ilə bir daha göstərir ki, o, nə törətdiyi cinayətin məsuliyyətini anlayır, nə də ondan imtina etmək niyyətindədir. Bu isə onun üçün yalnız mənəvi deyil, həm də hüquqi baxımdan çətin nəticələr doğura bilər. Məhkəmə orqanları adətən belə inadkar davranışı cəzanı yüngülləşdirən deyil, ağırlaşdıran hal kimi nəzərə alır. Ruben Vardanyanın Bakıdan sarsaq çağırışı isə bir daha sübut edir ki, o, hələ də reallıqdan uzaq, məğlub ideologiyanın girovudur. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə oynamaq istəyən hər kəs bilməlidir ki, qanun qarşısında ümid deyil, yalnız məsuliyyət var. Hər hansı bir sərsəm açıqlama ilə cəzadan yayınmaq mümkün deyil”. Geri qayıt |