Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Göyçədən danışdı və... çaşdı

Paşinyan Göyçədən danışdı və... çaşdı


Bu gün, 08:59

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 3-də AMEA-da çıxışı zamanı indiki Ermənistan ərazisindəki toponimlərin, yəni coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu bildirib.

“Təkcə 20-ci əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb”, - Prezident vurğulayıb və əlavə edib ki, həmin xəritələr təbliğ və tədqiq edilməlidir.

Maraqlıdır ki, üstündən 3 gün (!) keçmiş, noyabrın 6-da Ermənistan Baş naziri Nikol Paşinyan öz aləmində çıxışa cavab verib.

Sitat: “Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında Çar Rusiyasının xəritələrinə görə, Sevanın mövcud olmadığını, Göyçənin mövcud olduğunu söyləyib. Onların istinad etdiyi xəritədə ”Ermənistan" adı yazılıb, Azərbaycan isə, ümumiyyətlə, yoxdur. İndi bunu necə şərh edək?"

Paşinyanın sözlərinə görə, erməni jurnalistlərdən heç biri bu xəritənin mövcud olub-olmadığını müəyyən etməyə çalışmayıb. O iddia edib ki, əgər bu xəritə dərc olunacağı halda Ermənistan üçün əlverişsiz olduğu üzə çıxarsa, Azərbaycan üçün ikiqat əlverişsiz olacaq. Lakin o bunu faydasız iş adlandırıb: “Çünki əvvəlki dövrlərin xəritələri rəhbər tutulsa, onda nə Ermənistan Respublikasının, nə də Azərbaycan Respublikasının mövcud olmadığı ortaya çıxa bilər”.

Ermənistanın baş naziri, xüsusən də 8 avqust 2025-ci il tarixli razılaşmalardan sonra bunu mənasız mövzu adlandırıb. “Kim deyir ki, bunlar Azərbaycan adlarıdır? Onlar türk, ərəb, fars, monqol, rus adlarıdır. Ancaq bu heç nəyi dəyişmir”, - Paşinyan əlavə edib.

Əvvəla, məgər “türk” elə “Azərbaycan” demək deyil? Digər yandan, niyə Çar Rusiyasının xəritələrindəki Azərbaycan toponimlərinin adları indiki Azərbaycan Respublikası ərazisində əksərən olduğu kimi qalıb, Ermənistanda isə dəyişdirilib və erməniləşdirilib? Demək, torpaq tarixən ermənilərin olmayıb. Üçüncüsü, çox sonralar süni şəkildə yaradılan Ermənistan Çar Rusiyasının xəritələrində necə qeyd oluna bilərdi?..

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dosenti Boran Əziz “Yeni Müsavat”a bildirib ki, 18-ci əsrin ikinci yarısından sonra Azərbaycan tarixini öyrənənlərin bir qismi rus mənbələridir: “Rus mənbələrinin içərisində Azərbaycana səyyah adı ilə göndərilmiş kəşfiyyatçıların, eyni zamanda 19-cu əsrin əvvəllərində, Azərbaycanın işğalı dövründə rus hərbçilərinin yazdığı hesabatlar və s. var ki, onlar da bizim üçün olduqca qiymətlidir. Çünki bu hesabatlarda yerlərin adları olduğu kimi qeyd edilib. Təbii ki, rusların tələffüz edə bildiyi şəkildə yazılıb.

1828-ci il Türkmənçay müqaviləsinə qədər o torpaqlarda hər hansısa bir İrəvan vilayəti və ya 19-cu əsrin 40-cı illərinə qədər İrəvan quberniyası adına qətiyyən rast gəlmirik. Bütün bunların hamısı Rusiyanın qədim Azərbaycan torpaqlarında ermənilərə dövlət yaratmaq niyyətindən sonra peyda olub.

Azərbaycan prezidentinin dediyi kimi, toponimlərimizin tarixini təkcə tədqiq etmək yox, həm də xarici dillərdə çap etdirərək yaymağımız olduqca vacibdir.

Biz Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə baxsaq, heç birində erməni vilayəti adına rast gəlmirik. Orada ancaq Azərbaycan xanlıqlarının adı çəkilir. Təəssüf ki, torpaqlarımız Rusiya tərəfindən bütöv Azərbaycan şəklində deyil, ayrı-ayrı xanlıqlar kimi işğal olunduğuna görə, sonrakı dövr rus mənbələrində bir yerdə də Azərbaycan adı işlənməyib. Ona görə də insanlar elə bir hala salınmışdı ki, vətəninin adını unutmuşdu. Azərbaycanlılar rus qaynaqlarında yadelli, gəlmə və yaxud da müsəlman, tatar kimi qeyd edilmişdi.

Cümhuriyyət dövründə xanlıqlar kimi işğal olunan vətənimiz Azərbaycan adını bərpa etdi. Lakin bu o demək deyil ki, ona qədər bu torpaqlar Azərbaycan adlanmamışdır. Tamamilə yanlışdır. Sasani və ərəb qaynaqlarında şimal torpaqlarımızın Azərbaycan adlanması ilə bağlı yüzlərlə məlumat vardır. Buna görə də o dövr üçün Azərbaycanın inkar edilməsi əsassızdır".

Tarixçi deyir ki, təkcə Paşinyan deyil, İranın da bir sıra siyasi xadimləri Azərbaycanın yalnız İrana aid olması iddiasını irəli sürülər: “Bunlar siyasi xarakterli bəyanatlardır. Bütün hallarda deməliyik ki, istər Çar Rusiyası dövründə nəşr olunan xəritələr, istərsə də 1822-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan türklərinin yaşadığı torpaqlarda siyahıya almalar çox ciddi mənbədir. Biz İrəvan quberniyasının kəndlərinin adlarına və əhali tərkibinə baxsaq, o torpaqlarda yaşayanların kimlərdən ibarət olduğunu çox açıq-aydın görərik. Paşinyanın çıxışı daxili auditoriyaya hesablanmış fikirlərdir”.

“Yeni Müsavat”


Geri qayıt