Əsas Səhifə > Ana xəbər / Güney Press > Yeni dalğa 25 ildən artıq işləyən direktorlara da gəlib çatacaq

Yeni dalğa 25 ildən artıq işləyən direktorlara da gəlib çatacaq


Bu gün, 16:15

Hazırda Bakı şəhərində 30-dan çox direktor var ki, onlar 25 ildən artıqdır eyni məktəbdə direktor kimi fəaliyyət göstərirlər.

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli məktəb direktorlarının yeni qaydalara əsasən seçilməsinin keçmişdə yaşanan neqativ halları nə qədər azaldacağı barədə danışarkən deyib.

Onun sözlərinə görə, əsas problem isə uzun illər eyni məktəbdə işləyən, bir ərazidə “möhkəmlənmiş” direktorlarla bağlıdır:

“Yeni qaydaların tətbiqinin dalğası onlara da gəlib çatacaq. Onlar valideynlərlə və məktəbin idarə heyəti ilə şəxsi münasibətlər quraraq, bütün neqativ işləri görürlər”, – deyə o bildirib.

Ekspert bildirib ki, direktor seçimləri ilə bağlı dəfələrlə təkliflər və təşəbbüslər olub:

“Milli Məclis səviyyəsində, ictimai sektorda və sosial şəbəkələrdə bu seçimin təkmilləşməli olduğu dəfələrlə müzakirə edilib. Əvvəllər vəziyyət belə idi ki, istənilən şəxs direktorların işə qəbul imtahanını verərək asanlıqla məktəb direktoru ola bilirdi. Onun üçün idarəetmə qabiliyyəti və digər meyarlar əsas götürülmürdü. Təcrübə göstərdi ki, bu tip şəxslər sadəcə şablon sualları əzbərləyib imtahanı keçsələr də sonradan strateji vəzifəni daşımaqda çətinlik çəkir, nəticədə məktəbin vəziyyətini pisləşdirirdilər. Bu isə birbaşa icra orqanlarını narahat etdi.

Hazırkı meyarlar belədir ki, direktor vəzifəsinə namizəd olan şəxs azı 3 il pedaqoji sahədə fəaliyyət göstərməli, yeni texnologiyalardan istifadəni bacarmalı, idarəetmə və kommunikasiya qabiliyyətinə malik olmalı və s. meyarları qarşılamalıdır”.

Ekspert həmçinin vurğulayıb ki, bu gün Bakı şəhərində 100-dən çox məktəb direktorunun hələ də əvəzedici kimi işləməsi təhsil üçün müəyyən problemlər yaradır.

Məzahir Məmmədli əvvəlki neqativ halların aradan qalxması məsələsinə münasibət bildirərkən qeyd edib ki, pis hallar əvvəllər olduğu kimi indi də mövcuddur və onun kökünü kəsmək o qədər də asan olmayacaq:

“Bunun üçün düşüncə tərzi dəyişməlidir. Yeni seçilən direktorlar da bu cəmiyyətin nümayəndələridir. Məsələnin həlli üçün vətəndaş cəmiyyətinin dəstəyi vacibdir. Təkcə icra orqanları bu problemlərin qarşısını ala bilməz.

Məsələn, Bakı Şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyi bayramlarda məktəb rəhbərliyinə heç nə almaq olmaz tapşırığı verir. Ancaq təəssüflər olsun ki, yenə də neqativ hallar baş verir. Belə vəziyyətlərdə artıq valideynlər hərəkətə keçir.

Valideyn komitələri adı altında bəzi şəxslər ya müəllimlərə qarşı münasibət formalaşdırmaq, ya da şəxsi məqsədlər üçün neqativ işlərlə məşğul olurlar. Yeni təyin olunmuş direktorlar bu məsələlərdə daha korrekt davranacaq və yeni qəbul edilmiş qaydalar onları çəkindirəcək”.

Xatırladaq ki, direktorların işə qəbulu üzrə yeni qaydalara əsasən müsahibə zamanı namizədlər aşağıdakı parametrlər üzrə qiymətləndiriləcək: liderlik və strateji idarəetmə, tədris və pedaqoji bacarıqlar, idarəetmə və təşkilatçılıq bacarıqları, ünsiyyət və qarşılıqlı fəaliyyət, problemlərin həlli və qərar qəbul etmə bacarığı, rəqəmsal və texnoloji bacarıqlar, sosial və emosional bacarıqlar.


Geri qayıt