Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanın silahlanması...

Ermənistanın silahlanması...


Bu gün, 09:55

Ermənistan Müdafiə naziri Suren Papikyan bildirib ki, Ermənistan müdafiə münasibətlərinin şaxələndirilməsi prosesini başa çatdırıb və yalnız yeni nəsil silahlar əldə edir. "2022-ci il müdafiə münasibətlərimizi şaxələndirmək qərarına gəldiyimiz il oldu. Bu, həm konkret münasibətlərə, həm də silah və hərbi texnikanın alınmasına aiddir. Biz yalnız yeni nəsil silahlar əldə edirik", - deyə Papikyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, "problem aradan qaldırılıb, şaxələndirmə əldə edilib". Eyni zamanda, Papikyan bildirib ki, bu, Ermənistanı militarizasiya etməkdən getmir. "Ölkəmizin müdafiə qabiliyyətini artırmaq üçün hər şey edilir. Ermənistan ordusundan və silahlarından yalnız ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün istifadə edəcək. Silahlı qüvvələrimizdən Ermənistan sərhədlərindən kənarda istifadə etmək niyyətimiz yoxdur", - deyə o qeyd edib. Nazir həmçinin bildirib ki, Ermənistan öz hərbi sənayesini fəal şəkildə inkişaf etdirir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər hansı bir ölkənin silahlanması, xüsusən Suren Papikyanın ifadə etdiyi kimi, yeni nəsil silahlarla silahlanmasının iki mənası ola bilər: "Ya bu ölkə kənardan təhdidlərə özünü müdafiə etməyə çalışır, ona görə həmin ölkə müdafiə silahları daha çox alır, ya da bu ölkə müharibə etməyə hazırlaşır. Hansısa ölkəyə qarşı işğalçılıq siyasəti həyata keçirməyə çalışır. Belə olanda həmin ölkə daha çox hücum silahları alır".

Deputatın fikrincə, hazırda Ermənistanda, iki vəziyyətdən biridir: "Ya Ermənistan yeni revanşist müharibəyə hazırlaşır, ya da kənardan təhdid hiss edir. Kənardan təhdid mənbəyi kimi gördüyü Azərbaycanın müharibə etmək kimi bir fikri yoxdur. Çünki Ermənistanın ən zəif vaxtında belə Azərbaycan Ermənistana hücum etmədi. Kənardan təhdid olmadığına görə Ermənistanın silahlanmasının bir mənası yoxdur. Əslində, silahlanmamalıdır.

Belə olan halda ikinci variantı nəzərdən keçirək. Deməli, Ermənistan mövcud reallığı qəbul etmir, yenidən revanşist müharibəyə hazırlaşır. Ona görə də ən müasir yeni nəsil silahlar alır. Məntiqi nəticə ondan ibarətdir ki, hazırda Ermənistan sülhü deyil, müharibəni daha çox üstün tutur. Əks təqdirdə, iki ölkə arasında Amerika Birləşmiş Ştatlarında paraflanmış sülh layihəsi sənədindən sonra Paşinyanın komandasının ən sadiq üzvlərindən biri olan Papikyan müharibəyə hazırlıqla bağlı bəyanat verməzdi. Demək ki, Ermənistan paraflanmış sənədi və onun müddəalarını şübhə altına alır. Azərbaycan faktiki olaraq Ermənistanın quru nəqliyyat blokadasından çıxarıb, Azərbaycan üzərindən Ermənistana yüklər daşınır. Ona görə də bu cür açıqlamalar məhz indiki vaxtda edilirsə, bu, əlbəttə ki, sülh gündəminə həm də zərbə vurmuş bir açıqlamadır. Ermənistan doğrudan da sülhəmi hazırlaşır, yoxsa müharibəyəmi? Ermənistan bir daha mövqeyini dəqiqləşdirməlidir".


Geri qayıt