Məktəb dərsliklərinin dili və məzmunu ilə bağlı narazılıqlar hər il müzakirələrə səbəb olur. Yeniavaz.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev də bu sahədə problemlərin olduğunu qeyd edib. Nazir ötən ay yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil. Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib ki, dərsliklərin dili, məzmunu və mahiyyəti ilə bağlı cəmiyyətdə narazılıqlar var: “Bu məsələ uzun müddətdir müzakirə olunur. Bir sıra hallarda dərsliklərdə səhvlərə yol verilir. Elm və Təhsil Nazirliyinin də bu istiqamətdə mövqeyi var. Hazırda bu məsələ ilə bağlı işlər gedir. Biz yaxın vaxtda Elm və Təhsil Nazirliyi ilə birlikdə geniş bir müzakirə təşkil etməyi planlayırıq. Ən vacib məsələlərdən biri dərsliklərin kim tərəfindən yazılmasıdır. Biz hesab edirik ki, dərsliklər mütləq peşəkar və ixtisaslı mütəxəssislər tərəfindən hazırlanmalıdır”. O bildirib ki, bu müzakirələr öz müsbət təsirini göstərəcək: “Biz dərsliklərimizin daha keyfiyyətli olması üçün çalışacağıq”. Mövzu ilə bağlı Yeniavaz.com-a danışan təhsil eksperti Kamran Əsədov isə deyir ki, orta məktəb dərsliklərinin keyfiyyəti hər bir ölkənin təhsil sisteminin intellektual dayağını təşkil edir: “Azərbaycanda isə dərsliklərin məzmunu, metodikası və təqdimat tərzi tədris prosesinin səmərəliliyinə birbaşa təsir göstərir. Son illərdə dərslik siyasətində müəyyən irəliləyişlər əldə olunsa da, məzmunun sistemsizliyi, elmi-psixoloji uyğunsuzluqlar və pedaqoji məqsədlərin düzgün qurulmaması dərslikləri öz funksional missiyasından uzaqlaşdırır. Dərslik təkcə bilik ötürən vasitə deyil, həm də şagirdin düşünmə, analiz və yaradıcılıq bacarıqlarını formalaşdıran əsas resurs olmalıdır". Kamran Əsədov bildirib ki, qanunvericilik, xüsusilə “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsi dərsliklərin dövlət təhsil standartlarına və milli dəyərlərə uyğun olmasını tələb edir: “Lakin hazırkı vəziyyətdə bəzi dərsliklər bu prinsipə tam riayət etmir. Dərsliklərdə elmi ardıcıllıq pozulur, terminlər şagirdin anlama qabiliyyətindən kənar olur. Bu isə tədris prosesində anlama deyil, əzbərləməyə meyli artırır. Dövlət Statistika Komitəsinin 2024-cü il sorğusuna görə, şagirdlərin 58 faizi dərslikləri çətin və anlaşılmaz hesab edir”. Ekspert qeyd edib ki, dərsliklərdə illüstrasiya və şəkillərin məzmunla əlaqəsi çox vaxt zəifdir, psixoloji və yaş səviyyəsinə uyğunlaşdırma çatışmır: “Nəticədə, şagirdlər dərslikdən deyil, repetitordan və əlavə mənbələrdən öyrənməyə başlayır ki, bu da sosial bərabərsizliyi artırır. Elm və Təhsil Nazirliyi son illərdə dərsliklərin hazırlanması prosesinə rəqəmsal nəzarət mexanizmləri tətbiq edib, ictimai rəy toplama platforması yaradıb və müəllif qruplarını genişləndirib. 2024-cü ildən pilot məktəblərdə e-dərslik formatı tətbiq olunur və dərsliklərin elektron versiyası ictimaiyyətə açıq şəkildə təqdim edilir”. Ekspert xarici ölkələrin dərsliklərindən nümunələr çəkib: “Finlandiyada dərsliklər universitetlərin və müəllim birliklərinin elmi-nəzəri ekspertizası ilə hazırlanır. Estoniyada dərsliklər illik olaraq e-platformada yenilənir və şagird-müəllim rəyləri növbəti versiyalara əlavə olunur. Yaponiya və Almaniyada dərsliklər “canlı sənəd” kimi qəbul edilir”. Kamran Əsədov bildirib ki, Azərbaycanda da transformasiya prosesi başlayıb və 2025-ci ildən dərslik siyasəti vahid tədris resurs ekosistemi modelinə keçəcək: “Bu model dərslik, müəllim üçün metodik vəsait, test kitabı, e-resurs və qiymətləndirmə modulunu vahid sistemdə birləşdirəcək, tədrisin parçalanmış strukturunu aradan qaldıracaq və dərslikdən istifadənin effektivliyini artıracaq”. Kamran Əsədov sonda vurğulayıb ki, əgər elmi-psixoloji ekspertiza gücləndirilsə və müəllif qrupu daha geniş formada formalaşdırılsa, dərsliklər tədricən öyrənməni yükləyən deyil, motivasiya edən və tənqidi düşüncəni formalaşdıran əsas resursa çevriləcək: “Bu, həm təhsilin keyfiyyətinə, həm də şagirdlərin yaradıcılıq potensialına birbaşa təsir göstərəcək”.
Geri qayıt
|