Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya və İran Ermənistanda hələ də ehtiyat dost rolundadır

Rusiya və İran Ermənistanda hələ də ehtiyat dost rolundadır


Bu gün, 09:13

Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanında etiraz aksiyası keçirilib. Aksiyaçılar biznesmen Samvel Karapetyanın azadlığa buraxılmasını tələb edirlər. Aksiyada arxiyepiskop Baqrat Qalstanyan da iştirak edib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, kənar oyunçuların, o cümlədən Rusiyanın çoxsaylı müdaxilə cəhdləri görünür.
Nazirin sözlərinə görə, seçkilər yaxınlaşdıqca belə cəhdlər daha da artacaq. Ermənistanın sosial işlər naziri Arsen Torosyan bildirib ki, Katolikos II Qaregin kilsəni mafiya klanına, oğru adətləri olan struktura çevirib. Nazir deyib ki, müxalifət xalq dəstəyi baxımından o qədər acınacaqlı vəziyyətdə olub və elə vəziyyətdədir ki, katolikos vəzifəsini qəsb edən şəxs kilsə xadimlərini mitinqlərə adam gətirməyə məcbur edib və sayla bağlı onların qarşısına konkret rəqəmlər qoyub.
 
Politoloq Polad Mehdiyev Sherg.az-a açıqlamasında deyib ki, Ermənistanda baş verənlər daxili siyasi toqquşma ilə yanaşı, regiona marağı olan qüvvələrin bu ölkədə öz siyasi maraqlarını ifadə etməsidir. Ekspert vurğulayıb ki, bölgədə marağı olan və bir-birinə zidd mövqedə dayanan dövlətlər məhz Ermənistan üzərindən öz ambisiyalarını realizə etməyə çalışırlar:
"Kilsənin erməni xalqına təsiri üç istiqamətdədir - tarixi, ənənəvi, hüquqi istiqamətdə. Erməni Qriqoryan Kilsəsinin yaşı erməni dövlətçiliyindən qədimdir. Müxtəlif dövrlərdə erməni Kilsəsindən alət kimi istifadə olunub, Kilsənin ideoloji, nəzəri tərəfləri formalaşıb. Bundan çar Rusiyası, sovet imperiyası da istifadə edib. Erməni toplumu ənənəvi olaraq bütövlükdə Kilsənin irəli sürdüyü ideologiya ilə zəhərlənib. "Miatsum" da Kilsənin zəhərli ideologiyasının tərkib hissəsidir. Ermənistan sekulyar dövlət deyil. Yəni bu ölkədə "bütün dinlər qanun qarşısında bərabərdir" kimi ümumi anlayış yoxdur. Ermənistanda Kilsənin konstutision hüquqi əsası, siyasi təsir imkanları var. Adi dini mərkəz deyil. Bu baxımdan hökumətlə toqquşma təbii və gözlənilən idi. Çünki hökumətin elan etdiyi strategiya, siyasi kurs Kilsənin ideologiyasından fərqlidir. Paşinyan hökumətinin Qərbə inteqrasiyası, Azərbaycanla sülh, Türkiyə ilə əməkdaşlıq, sərhədlərin açılması ənənəvi Kilsə siyasətinə daban-dabana ziddir. Ermənistan hökumətinin başçısı elan etdiyi siyasəti həyata keçirmək üçün Kilsə və onun dəstəkçiləri ilə mübarizə aparmalıdır. Bu mübarizənin içində həbslər, siyasi təqiblər də var. Etirazlar da məhz bundan qaynaqlanır".
 
Analitik qeyd edib ki, 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək:
"Seçki öncəsi ölkədə ciddi qütbləşmə, radikallaşma prosesi gedir. Hər qütb öz tərəfdarlarının sayını artırmağa çalışır. Bu gün küçələrə çıxanların hamısı Kilsənin tərəfdarları deyil. Kütləvilik bizi aldatmamalıdır. Ermənistanın tutduğu siyasi xətdən asılı olmayaraq, Rusiya və İran Ermənistan üçün ehtiyat dost olaraq qalacaq. İlk dəfədir ki, Ermənistan rəsmisinin dilindən Rusiyanın addımlarına qarşı suverenlik arqumentindən çıxış etdiyini gördük. Mirzoyanın Türkiyə ilə münasibətlərdən danışması və Aİ-yə üzvlük məsələsini qabartması strateji dönüş məsələsidir. Rusiyanın Ermnistanda təsir imkanları ciddidir. İrəvan Moskva kimi bir alternativdən imtina edə bilməz. Bu təsirlər gələcəkdə özünü göstərəcək. Rusiya da Ermənistanda öz təsir imkanlarını, mövqeyini qorumaq üçün ya Paşinyan hökumətini əvəzləməlidir, yaxud indiki hökumətlə dil tapmalı, işləməlidir. Amma qarşıdan seçkilərin gəldiyini nəzərə alsaq, İrəvan hökumətinin siyasi manevrlərinin şahidi olacağıq".

Geri qayıt