Əsas Səhifə > Ana xəbər / Güney Press > Vatikan siyasətin alətinə çevrildi: “erməni soyqırımı” uydurması müqəddəslik mərasiminə gətirildi

Vatikan siyasətin alətinə çevrildi: “erməni soyqırımı” uydurması müqəddəslik mərasiminə gətirildi


Bu gün, 16:22

Vatikanın Müqəddəs Pyotr meydanında keçirilən son mərasim beynəlxalq ictimaiyyətdə ciddi tənqidlər doğurub.

Musavat.com xəbər verir ki, guya “erməni soyqırımı” qurbanı kimi təqdim edilən arxiyepiskop İqnati Maloyanın müqəddəslər sırasına daxil edilməsi bir çox müşahidəçilər tərəfindən dinin siyasətə alət edilməsi kimi qiymətləndirilib.

Rəsmi məlumatlara görə, mərasimi Roma Papası XIV Lev şəxsən idarə edib, Ermənistanın baş naziri Nikol Paşinyan isə tədbirdə iştirak üçün Vatikanı ziyarət edib.

Lakin ekspertlər hesab edirlər ki, bu mərasim dini xarakter daşımaqdan çox, Ermənistanın köhnə təbliğatını legitimləşdirməyə yönəlib. Vatikanın bu addımı, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı tarixi saxtakarlıqların yenidən gündəmə gətirildiyi bir vaxtda, siyasi təxribat təsiri bağışlayır.

İqnati Maloyanın “soyqırım qurbanı” kimi təqdim edilməsi nə tarixi sənədlərə, nə də beynəlxalq elmi dairələrin qəbul etdiyi faktlara əsaslanır. Tarixi mənbələr göstərir ki, XX əsrin əvvəllərində baş verən hadisələr Osmanlı imperiyasının dağılması və müharibə şəraitinin nəticəsi idi. Həmin dövrdə təkcə ermənilər deyil, minlərlə türk və müsəlman da silahlı üsyanlar və qarşıdurmalar nəticəsində həyatını itirib.

Qərb dövlətləri və Ermənistan uzun illərdir 1915-ci il hadisələrini siyasi təzyiq alətinə çevirərək bu məsələni beynəlxalq gündəmdə saxlamağa çalışır. İndi isə bu iddiaların Vatikan səviyyəsində “müqəddəslik” adı ilə leqallaşdırılması dini prinsiplərin siyasi məqsədlərə qurban verilməsi kimi qiymətləndirilir.

Vatikanın bu qərarı nə humanitar, nə də dini mülahizələrlə izah edilə bilər. Bu, açıq şəkildə erməni lobbisinin təsiri altında verilmiş siyasi qərardır. Mərasimin Paşinyanın iştirakı ilə keçirilməsi isə onun sırf dini deyil, siyasi xarakter daşıdığını sübut edir.

Beləliklə, Vatikanın bu addımı xristian həmrəyliyi pərdəsi altında həyata keçirilən siyasi manipulyasiya kimi dəyərləndirilir. “Müqəddəslik” adı ilə təqdim edilən bu mərasim tolerantlıq və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, dini dəyərlərin siyasiləşdirilməsinin bariz nümunəsinə çevrilib.


Geri qayıt