Əsas Səhifə > Ana xəbər / Güney Press > "Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir


Bu gün, 11:00

"Laser Beauty Clinic"lə bağlı qalmaqallar səngimir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında nöqsanlar aşkar edilib. Bu səbəbdən klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunub.

Bundan sonra klinika ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. Məlumata görə, pasiyentlərə keyfiyyətsiz tibbi və estetik xidmətlərin göstərilməsi nəticəsində bir neçə şəxsin səhhətində problemlər yaranıb. Həmçinin fəaliyyəti dayandırılmış “Altes” filialına yoxlama üçün gələn rəsmi şəxslərə hücum edilməsi ilə bağlı məlumatlar da mövcuddur.

Sözügedən filialda həkim kimi çalışan Nigar Rüfət, Adilya MakatovaNigar Sultanovanın fəaliyyəti sosial şəbəkələrdə geniş şəkildə reklam olunur, müxtəlif endirim və xidmət kampaniyaları keçirilir. Halbuki, adıçəkilən xanımların tibbi təhsilinin olmadığı barədə iddialar var və onlar sertifikasiyadan keçməyiblər. Bu isə qanunsuz fəaliyyət sayılır.

Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlanıb. Nigar Rüfət və Adilya Makatova ilə bağlı cavabda qeyd olunub:

“Adilya Makatova və Nigar Rüfətin adları Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur.”

Nigar Sultanova ilə bağlı da eyni cavab verilib:

“Sorğuda qeyd olunan şəxs barədə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxs nə əczaçı, nə də həkim kimi sertifikata malik deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər.”

Göründüyü kimi, hər üç şəxs həkim kimi fəaliyyət göstərmələrinə baxmayaraq, Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur. Bəs bunun məsuliyyəti nədir?

Analitik Ekspertiza Mərkəzinin açıqlamasına görə, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər isə 6000-8000 manat məbləğində cərimə olunur. Qurum həmçinin bildirir ki, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsili olan və sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər. Sertifikatsız fəaliyyət qanunsuz hesab olunur və məsuliyyət yaradır.

Buna baxmayaraq, Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanova “Laser Beauty Clinic”in “Altes” filialında fəaliyyətlərini davam etdirirlər. Onlar maneəsiz şəkildə pasiyentlərə xidmət göstərirlər və Səhiyyə Nazirliyi bu vəziyyətdən xəbərdar olsa da, heç bir tədbir görmür. Qanunlar bu şəxslərin fəaliyyətini açıq şəkildə qadağan edir, lakin nazirlik yalnız formal cavablarla kifayətlənir.

Bu arada, Nigar Rüfətin oktyabrın 26-da estetik cərrahlar üçün “The Art of Facial Harmony” adlı master-klass keçirəcəyi bildirilir. Beləliklə, heç bir tibbi təhsili və sertifikatı olmayan bir şəxs həkimlərə dərs keçəcək.

Məlumatlara görə, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar da var. Onun bioqrafiyasında 2007–2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, daha sonra isə Ukraynanın Kiev Dövlət Dizayn və Texnologiya Universitetində Farmakologiya ixtisası üzrə təhsil aldığı qeyd edilib. Lakin universitet əsasən maşınqayırma və texnologiya sahələri üzrə ixtisaslaşdığı üçün bu iddia da şübhə doğurur.


Geri qayıt