“Şərq-Qərb” nəşriyyatında 2017- ci ildə “Rus bölməsi” üçün 7 min tirajla çap olunmuş 10-cu sinif “Всеобщая история” dərsliyində qondarma “Velikaya Armeniya” xəritəsi yer almışdı. Bu, ölkəmiz üçün birbaşa təxribat idi. O zaman nəşriyyatın faktiki sahibi Ramiz Mehdiyev böyük vəzifə tutduğundan bunun üstünü ört-basdır etdilər.
“Şərq-Qərb” ASC-nin səhimlərinin 96,5%-i Fövqəladə hallar nazirinin müavini, general-mayor Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.
2001-ci ildə “Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir.
“Şərq-Qərb” səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin tam nəzarətindədir. Və bu Nəşriyyat Milli Ensiklopediyanın bir mərtəbəsini qanunsuz olaraq zəbt edib.
Təhsil nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC qalib elan edilib.
Tribunainfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti, sabiq deputat Etibar Əliyev bildirib. O qeyd edib ki, Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödənilmişdir:
“Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun imzaladığı “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları haqqında” 30 dekabr 2007-ci il tarixli 140 nömrəli Əmrin 5.5-ci bəndində qeyd olunur ki, işçi heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.
Əmrin imzalanmasından 18 il ötür. Lakin T. Mehdiyev hələ də iş başındadır…
“Şərq-Qərb” ASC Ramiz Mehdiyev AMEA-nın prezidenti olduğu illərdə bu qurumun tender tərəfdaşı olub, hətta Hesablama Palatası 2020-ci ilə dair hesabatında nəşriyatda ciddi nöqsanlara yol verildiyini bəyan edib.
“Belə ki, AMEA-nın İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar Akademiya tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib. Lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquq pozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib”.
Emin Əmrullayev yavaşımır…
2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) olub.
Nazirlik qalib şirkətlə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq.
Zəruri qeyd: “Şərq-Qərb” nəşriyyatı ilə Elm və Təhsil nazirliyi arasında vasitəçilik missiyasını 5-ci kalonun görkəmli nümayəndəsi Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva həyata keçirir. Nəşriyyatda kadrların böyük əksəriyyəti onun tapşırığı ilə işə götürülüb. M. Vəliyeva indi də mənasız təlimlər adı ilə Elm və təhsil nazirliyindən milyonlarla manat qrant adı ilə vəsait qoparır. Nazirliyin milyonları Feminist təşkilata və 5-ci kalonun adamlarına səxavətlə paylanılır…”.