Əsas Səhifə > Ana xəbər / Güney Press > "Ramiz Mehdiyev Prezident tərəfindən verilmiş təltiflərdən məhrum edilə bilər”

"Ramiz Mehdiyev Prezident tərəfindən verilmiş təltiflərdən məhrum edilə bilər”


Bu gün, 08:51

Məlum olduğu kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində Səbail rayon məhkəməsi tərəfindən 4 ay müddətinə ev dustaqlığı qətiimkan tədbiri seçilib.

Onun barəsində irəli sürülən ittihamlar arasında dövlətə xəyanət (CM 274), hakimiyyəti zorla ələ keçirmə cəhdləri (CM 278.1) və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (CM 193‑1.3.2) maddələri var.

Bu qərar dövlət çevrilişi, casusluq və maliyyə cinayətlərinə yönəlmiş ağır iddiaların fonunda verilib.

Bu hal yalnız şəxsən onun azadlığına məhdudiyyət qoyulması demək deyil, eləcə də dövlət mükafatları, ordenlər, medallar və fəxri adlarla əlaqədar suallar doğurur.

Əgər Ramiz Mehdiyev barəsində ittihamlar sübuta yetirilsə və məhkəmə tərəfindən barəsində müvafiq hökm çıxarılarsa, həmin dövlət təltifləri əlindən alına bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hüquqşünas, keçmiş millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, hazırda bu mövzu həm əhəmiyyətli, həm də çox aktualdır:

“Bu məsələyə iki milli istiqamətdə yanaşmaq istərdim. Azərbaycan Respublikası qanunvericiliyinə görə bu məsələ birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 48-ci maddəsi və "Fəxri adlar haqqında" əsasnamə ilə tənzimlənir. Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən, əgər şəxs ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edilərsə, məhkəmə belə nəticəyə gələ bilər ki, həmin şəxsin fəxri adlardan, dövlət təltiflərindən və xüsusi rütbələrdən məhrum edilməsi zəruridir”.

Onun sözlərinə görə, bu halda iki hüquqi mexanizm mövcuddur:

“Əgər fəxri ad, medal və ya xüsusi rütbə Prezident tərəfindən verilmişdirsə, məhkəmə Prezidentə bu barədə təqdimat göndərir. Bu, Cinayət Məcəlləsinin 48.0.1-ci maddəsinə əsaslanır. Əgər fəxri ad və ya təltif digər dövlət orqanı tərəfindən verilmişdirsə, məhkəmə birbaşa həmin ad və ya təltifdən məhrum etmə barədə qərar qəbul edə bilər. Bu isə Cinayət Məcəlləsinin 48.0.2-ci maddəsinə uyğun həyata keçirilir. Bu proses avtomatik baş vermir. Hökm çıxarılarkən məhkəmə təqsirkar şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və onun ictimai təhlükəlilik dərəcəsini qiymətləndirir və əsaslandırılmış şəkildə qərar qəbul edir”.

Müsahibimiz əlavə etdi ki, "Fəxri adlar haqqında" əsasnamənin 15-ci maddəsinə əsasən, fəxri ad yalnız iki halda Prezidentin sərəncamı ilə ləğv edilir:

“Şəxs ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunarsa – məhkəmənin təqdimatı əsasında, şəxs fəxri adına ləkə gətirən hərəkət (qəbahət) törədərsə – təqdimat vermək səlahiyyəti olan orqanın müraciəti əsasında. Yəni hüquqi mexanizm aydındır: məhkəmə hökmü + Prezidentin sərəncamı = fəxri ad, təltif və ya xüsusi rütbədən məhrum edilmə”.

Əliməmməd Nuriyev vurğuladı ki, Ramiz Mehdiyevin təqsirləndiyi maddələrin hamısı xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir:

“Bu isə o deməkdir ki, əgər bu ittihamlar məhkəmə tərəfindən sübuta yetirilsə və hökm qanuni qüvvəyə minərsə, Cinayət Məcəlləsinin 48-ci maddəsi tam şəkildə tətbiq oluna bilər.
Belə olan halda, əgər məhkəmə Ramiz Mehdiyevin dövlət təltiflərindən və fəxri adlarından məhrum edilməsini zəruri hesab edərsə, bu barədə Prezidentə təqdimat göndəriləcək. Prezident isə həmin təqdimat əsasında müvafiq sərəncam verə bilər.
Əlavə olaraq, əsasnaməyə görə, bu hallarda şəxsə verilmiş fəxri adların, orden və medalların vəsiqələri və nişanları da Prezident Administrasiyasına qaytarılır.
Bu prosedur yalnız məhkəmə hökmü ilə təsdiqlənmiş məhkumluq halında mümkündür. Yəni təkcə ittihamın irəli sürülməsi belə nəticə doğurmur.
Əgər məhkəmə hökmü qüvvəyə minərsə, Ramiz Mehdiyev ona verilmiş bütün fəxri adlardan məsələn, "Əməkdar elm xadimi" və müxtəlif dövlət təltiflərindən, məsələn, "Şöhrət" ordeni, "İstiqlal" ordeni və s. məhrum edilə bilər. Bu, həm hüquqi məsuliyyət, həm də etik və mənəvi məsuliyyət formasını daşıyır. Beləliklə, dövlət adından verilmiş təltif və fəxri adların nüfuzu qorunmuş olur.
Nəticə olaraq: əgər ittihamlar məhkəmədə sübut olunarsa və hökm qüvvəyə minərsə, Ramiz Mehdiyev həm fəxri adlardan, həm də Prezident tərəfindən verilmiş təltiflərdən məhrum edilə bilər”.

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidenti tərəfindən "İstiqlal" ordeni (17 aprel 2008-ci il), “Şərəf” ordeni (17 aprel 2013-cü il), “Şöhrət” ordeni (16 aprel 2018-ci il) və "Heydər Əliyev" ordeni (23 oktyabr 2019-cu il) ilə təltif edilib.


Geri qayıt