Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyev özü ilə HANSI MƏMURU APARACAQ?

Ramiz Mehdiyev özü ilə HANSI MƏMURU APARACAQ?


Bu gün, 09:07

Azərbaycan siyasi tarixinin ən uzunömürlü fiqurlarından biri Ramiz Mehdiyev ötən gün vətənə xəyanət ittihamı ilə istintaqa cəlb olundu.

24 il Prezident Administrasiyasına rəhbərlik etmiş Mehdiyev 87 yaşında dövlətə xəyanət, hakimiyyəti zorla saxlama və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə üz-üzədir.

Oktyabrın 14-də Səbail Rayon Məhkəməsində Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. İttihamlar olduqca ağırdır. Cinayət Məcəlləsinin 193-1.3.2, 274 və 278-ci maddələri.

Yəni, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya saxlama. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Lakin qanuna görə, 65 yaşdan yuxarı şəxslərə ömürlük cəza verilmir. Cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi aparır.

1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edən Mehdiyev Azərbaycan siyasətində görünməz, lakin həlledici fiqur sayılırdı.

Ramiz Mehdiyevin istintaqa cəlb olunması ilə prosesin yalnız bir şəxslə məhdudlaşmayacağı ehtimalı da güclənir. Çünki 87 yaşlı Mehdiyev nə fiziki, nə də siyasi mənada təkbaşına “hakimiyyəti zorla saxlama” kimi ağır ittihamı həyata keçirə biləcək fiqur deyil.

Onun ətrafında illərlə formalaşmış loyal məmurlar şəbəkəsi vardı. Bu şəbəkə Prezident Administrasiyasından tutmuş, parlament, məhkəmə və elmi institutlara qədər uzanan onun gizli-aşkar təsir dairəsinə daxil idi. Həmin sistem illərlə Mehdiyevin “boz kardinal” imicini möhkəmləndirib, dövlət idarəçiliyində görünməz paralel iyerarxiya formalaşdırmışdı. İndi istintaqın gedişində bu çevrədən bir çox keçmiş və indiki məmurun da dindirilməsi, bəzilərinin isə cinayət məsuliyyətinə cəlb olunması ehtimalı istisna edilmir. Çünki Ramiz Mehdiyev təkbaşına imperiya deyildi, o, qorxu, donos və sədaqət üzərində qurulmuş kollektiv sistemin baş memarı idi. Bu sistem danoslarla, şər-böhtanla hərəkətə gəlirdi.

Sabiq deputat və eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə biət edib ona danoslarında belə "ağsaqqalım" deyə müraciət edənlərdən idi. Onun illər öncə yazdığı məktub indi siyasi iflasın mənəvi sübutuna çevrilib.

Məktubun girişində yazılır:

“Hörmətli Ramiz müəllim, bu yazı yalnız sizin oxumağınız üçündür. Siz mənim dostum və ağsaqqalımsız”.

Bu cümlələr görünüşdə səmimi müraciət olsa da, mahiyyətcə 1937-ci ilin donos üslubunu xatırladır. Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyata alınıb, Ramiz Mehdiyevə təqdim edilib, oradan Daxili İşlər Nazirliyinə, daha sonra isə Ağır Cinayətlər Məhkəməsinin o zamankı sədri Mahmud Nəbiyevə göndərilib.

Sənədin tarixi 2018-ci il, 30 iyul. Yəni Elmira Axundovanın oğlu Həbib Axundovun 8 milyonluq dələduzluq işi ilə bağlı qalmaqalın qızğın dövrü. Ağsaqqalı Ramiz Mehdiyevə yazdığı məktubda Elmira Axundova tanınmış jurnalistlər Mirşahin Ağayev, Ləman Ələşrəfqızı və Afət Telmanqızını satqın adlandırır, onların barəsində tədbir görülməsini tələb edir. Hətta Ramiz Mehdiyevi belə qınayır: “Mirşahin Ağayevi niyə yenidən efirə qaytardınız, Ramiz müəllim? Belələrinə etibar etmək olmaz”.

Bu sətirlər, illərlə qurulmuş bir mexanizmin - donosla idarəetmə sisteminin açıq sübutudur.

Bu məktubu təkcə Elmira Axundovanın şəxsi təşvişi kimi oxumaq sadəlövhlük olardı. Çünki o məktublar, o donos üslubu, elə Ramiz Mehdiyevin öz siyasi laboratoriyasının məhsulu idi. İllərlə Prezident Administrasiyasında o, belə məktubların üzərindən “müvafiq orqanlara baxılması üçün göndərilsin” rezolyasiyası qoyaraq, insanların talelərini dəyişirdi.

Sistem qorxu, donos və sədaqət üzərində dayanırdı və bu sistemin memarı Ramiz Ənvər oğlu Mehdiyev idi.

İndi həmin sistemin yetişdirdiyi fiqurlar - Elmira Axundova kimilər öz donoslarının kölgəsində qalır. Və bu məktublar, Ramiz Mehdiyevin qurduğu nizamın necə çürüdüyünün canlı sənədləridir. Bir vaxtlar başqaları barədə donos yazdıran “ağsaqqal”, indi özü dövlətə xəyanət ittihamı ilə müstəntiqlərin qarşısında cavab verir. Ramiz Mehdiyevin epoxası bitdi. İndi onun arxivindən çıxan hər məktub, hər rezolyasiya siyasi iflasın arxeologiyasıdır, istintaq dosyesinin sübut növləridir.

Musavat.com


Geri qayıt