Əsas Səhifə > Ana xəbər / Güney Press > Putin BAŞINI DAŞA DÖYSƏ DƏ...
Putin BAŞINI DAŞA DÖYSƏ DƏ...Bu gün, 10:40 |
2015-ci ildə Türkiyədə rus təyyarəsinin vurulmasından hardasa 1 il mübahisədən sonra Türkiyə prezidenti R.T.Ərdoğanın “qüsura baxmayın” sözlərini üzr kimi təqdim edənlər bu gün Putinin açıq şəkildə “üzr istəyirəm” sözlərini yaxına buraxmırlar. Niyə? Çünki Putin acizanə şəkildə üzr istəməyib. Halbuki, Ərdoğanın “qüsura baxmayın” üzrxahlığının yanında Putinin “üzr istəmişəm və bunu bir daha təkrar edirəm” kəlmələri daha ciddi əfv diləməkdir.
Allah eşqinə, baxın, görün, hansı daha çox üzrə oxşayır:
Vladimir Putin: “Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.
Rəcəb Tayib Ərdoğan: "Hayatını kaybeden Rus pilotun ailesine bir kez daha acılarını paylaştığımı belirtmek ve taziyelerimi sunmak istiyorum; kusura bakmasınlar diyorum" .
Mən Putini sevən adam deyiləm. Amma insaf da dinin yarısıdır. Adam rəsmən “mən üzr istədim” deyir, biz isə bunu keçərli saymırıq. Yəqin onu gözləyirik ki, Putin çıxsın RT ekranlarına və desin: “Mən böyük səhv etmişəm əb-əcdadım I Pyotrla. Bir də bu qələti etməyəcəyəm”.
Əgər bu cür üzrxahlıq gözləyiriksə, bunu heç bir dövlət başçısı istəməz. Lütfən, gəlin, insaflı olaq. Qaşınmayan yerdən qan çıxarmaq Rusiya qədər bizim də xeyrimizə olmaya bilər.
Geri qayıt |