Əsas Səhifə > Ana xəbər / Güney Press > Ağ Evin Zəngəzur dəhlizi İSRARI
Ağ Evin Zəngəzur dəhlizi İSRARIBu gün, 16:38 |
Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi Alison Hukerlə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb. Qeyd olunur ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər, xüsusilə Ermənistan-Amerika Anlaşma Memorandumunun və TRIPP (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu) Sazişinin icrası prosesi müzakirə olunub. Xanım Alison Huker ABŞ-nin Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın qurulmasına sadiqliyini bir daha təsdiqləyib. Dövlət katibinin müavininin Ermənistan səfiri ilə “Tramp marşrutu”nun açılışı məsələsini müzakirə etməsi ABŞ-nin bu layihənin reallaşmasına xüsusi maraq göstərdiyini təsdiq edir. Bununla da Tramp administrasiyası Ermənistana Zəngəzur dəhlizinin açılmasına dair götürdüyü öhdəlikləri yerinə yetirilməsinin vacibliyini xatırladıb. Yəni Ermənistan 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndində Zəngəzur dəhlizinin açılmasına dair öhdəliyi imzalasa da, sonradan buna əməl etmədi. Lakin ABŞ bu məsələdə israrlı görünür və Rusiyadan fərqli olaraq, “Tramp marşrutu”nun açılmasını Ermənistandan tələb edir. Artıq ABŞ bu məqsədlə avtomobil və dəmir yollarının inşası üçün Ermənistana 145 milyon dollar vəsait ayırıb. Növbəti mərhələdə bu məbləğin artırılacağı gözlənilir. Hazırda Zəngəzurda infrastrukturun bərpası ilə məşğul olacaq amerikalı mütəxəssislərin işlərə başladığı bildirilir. Prosesin bu cür inkişafı Zəngəzur dəhlizinin açılmasında əsas maraqlı tərəf olan Azərbaycanın sülh şərtlərinə uyğundur. Yəni ABŞ-nin tələbləri və “yumşaq” təzyiqləri qarşısında Ermənistan Zəngəzur dəhlizinin açılmasından yayına bilməyəcək. Hazırda kommunikasiyaların açılmasına əngəl törədə biləcək yeganə səbəb Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri ola bilər. Revanşist müxalifət seçkilərdə qalib gələcəyi təqdirdə, bu layihədən imtina edəcəyini gizlətmir. Hətta Ermənistanın sabiq prezidenti Robert Köçəryan oktyabrın 7-də keçirdiyi mətbuat konfransında “Tramp marşrutu”nun Ermənistana heç bir fayda gətirmədiyini, bu layihədən qazanan tərəflərin yalnız ABŞ və Azərbaycan olduğunu deyib. Radikal müxalifətin bu mövqeyi seçkilərdən öncə çəkindirici amil kimi çıxış edir. Ona görə də Ermənistan hakimiyyəti bu məsələdə “dəhliz” termininə qarşı çıxmaqla daxili təzyiqləri neytrallaşdırmağa çalışır. Oktyabrın 9-da hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bir daha İrəvanın mövqeyini açıqlayıb. “Zəngəzur dəhlizi” ifadəsinin Ermənistan ərazisinə aid olmadığını deyən Kostanyan bildirib ki, ərazisindən keçən kommunikasiyaların necə adlanması Azərbaycanın öz problemidir. Əslində, Paşinyan hökumətinin son günlər bu bəyanatı tez-tez təkrarlaması daxili auditoriyaya hesablanıb və Paşinyanın Ermənistan ərazisinin bir hissəsini dəhliz kimi Azərbaycana bağışladığına dair müxalifətin ittihamlarının qarşısını almaq məqsədi daşıyır. ABŞ isə yol və ya dəhliz adlanmasından asılı olmayaraq, Ermənistandan bu marşrutun açılmasını tələb edir. Tramp administrasiyası ilə Ermənistan arasında əldə olunmuş razılaşmaya görə, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz hərəkət təmin olunmalıdır. Yəni Azərbaycana məxsus nəqliyyat vasitələri, yük, eləcə də vətəndaşlar sərhəd-buraxılış və gömrük nəzarətindən keçmədən Zəngəzurdan keçməklə hər iki istiqamətdə hərəkət etməlidir. Bu isə dəhliz məntiqinə uyğundur. Azərbaycan Ermənistan ərazisində eksterritoriallığın yaradılmasını tələb etmir. “Tramp marşrutu”nun dəhliz formatında təşkili Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşmanın nəticəsidir. Ona görə də Baş nazir Paşinyanın imzasına əməl etməsi hüquqi öhdəlikdir. ABŞ üçün bu məsələ həm kommersiya, həm də strateji əhəmiyyət daşıdığından, Tramp administrasiyasının layihənin icrası ilə bağlı Ermənistan qarşısında tələbləri artacaq. Müşfiq Abdulla Geri qayıt |