Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu adamı öldürmək üçün Azərbaycan sərhədində müharibə!?

Bu adamı öldürmək üçün Azərbaycan sərhədində müharibə!?


Bu gün, 08:59

İsrailin oktyabrın 7-də, HƏMAS-ın hücumunun 2-ci ildönümündə İrana zərbə endirəcəyi haqda iddialar təsdiqlənmədi. Belə hesab etmək olar ki, İsrailin əsas müttəfiqi ABŞ HƏMAS-la mümkün Qəzza razılaşması ərəfəsində regionda yeni xaosun yarana biləcəyi təhlükəsindən ehtiyatlanıb. Başqa tərəfdən, ən vacib məsələ indiki rejimin yerinə İranda siyasi qüvvə olmaması sayılır.

Əli Xamneyinin müşaviri və hərbi sahə üzrə köməkçisi Yəhya Rəhim Səvəfinin oğlu Həmzə Səfəvi sensasion sayıla biləcək iddia ilə çıxış edib. (mənbə: Pressklub.az).Tehran Universitetinin siyasi elmlər professoru Həmzə Səfəvi müsahibəsində Seyid Əli Xamneyinin öldürülməsi ehtimalı və İsrailin bunu etmək qabiliyyəti barədə bir neçə dəfə danışıb. O, bu ehtimalı “dağıdıcı və narahatedici ssenari” adlandırıb. Həmzə Səvəfi İsrailin bu addımı ABŞ təsdiqləmədən də ata biləcəyini ehtimal edib: “ABŞ Prezidenti Donald Tramp deyib ki, İsrail bunu etmək istəyib, onları dayandırıb. İndi sual budur: "Bir gün onlar bunu ABŞ-nin icazəsi olmadan edərlərsə, ABŞ nə edəcək?""

Müşavir Rəhim Səfəvi İranla İsrail arasında 12 günlük müharibədən sonra mövcud vəziyyət haqqında belə danışıb: “Biz indi atəşkəs vəziyyətində deyil, müharibə mərhələsindəyik. Bizimlə Ştatlar və İsrail arasında heç bir protokol, qanun, müqavilə imzalanmayıb. Biz hərbçilər ssenari yaradırıq, biz pis vəziyyəti görürük və bu plana hazırlaşırıq”. Belə anlaşılır ki, İranı yeni müharibə gözləyir, bu dəfə isə əsas hədəf bir nəfər - Xamneyi olacaq.

Həmzə Səfəvinin çıxışı həm də İranda yeniliyə hazır olmaq çağırışı kimi dəyərləndirilə bilər.

Bu iddialar nə dərəcədə real görünür?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, bu iddiaların yaxın zamanda gerçəkləşməsi gözlənilmir: “İsrail İranın ali dini liderini fiziki aradan götürmək istəsəydi bu ilin iyun ayında İranla qısa müddətli müharibə həyata keçirərkən bunu edərdi. Lakin İsrail SEPAH komandanı da daxil, bir qrup İran generalını, hərbi-siyasi elitaya daxil şəxsləri aradan götürsə də Əli Xamneyiyə toxunmadı. Bu, heç də İranın ali dini lider vurulacağı halda İsraili yer üzündən siləcəyi bəyanatlarından İsrailin qorxmasından irəli gəlmir. Sadəcə olaraq, İsrailə İranın mühüm hərbi obyektlərini, uranın zənginləşdirildiyi obyektlərini, nüvə alimlərini, generalları vurmaq lazım idi və bunları da etdi. Təl-Əvivi heç də İranın cavab zərbələri dayandırmadı. İsrail qısa müddətli əməliyyat planını həyata keçirdi və əvvəldən də nəzərdə tutduğu kimi dayandırdı. Məlum oldu ki, ali dini liderin öldürülməsi plana daxil deyil. İndi də hesab edirəm ki, yaxın dövr üçün nə İsrailin İrana qarşı yeni müharibəyə başlaması, nə də Əli Xamneyinin öldürülməsi real deyil. Ali dini liderin müşaviri və hərbi sahə üzrə köməkçisi Yəhya Rəhim Səvəfi və digər İran rəsmilərinin özləri belə, verdikləri açıqlamalarda ehtimallarla çıxış edirlər. Diqqət edəndə görürük ki, onlar "İsrail Əli Xamneyini öldürəcək, müharibə başlayacaq" kimi qəti, birmənalı fikirlər səsləndirmirlər. Bütün açıqlamalarında “ehtimal olunur” fikrini qeyd edirlər. Nəzəri cəhətdən hətta hesab etsək ki, İsrail-İran müharibəsi tezliklə başlayacaq, ali dini lider aradan götürüləcək, bu, müharibənin miqyasını genişləndirə bilər, amma müddətini uzatmaz. Çünki Əli Xemneyinin yoxluğu İranda sistemin çöküşünü reallaşdıra bilər və belə vəziyyətdə İranın uzunmüddətli müharibə aparmaq imkanları olmaz. İranın başı daha çox öz daxilində yaranmış yeni problemlərə qarışar".

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, İranla İsrail arasında 12 günlük müharibə problemləri həll etmədi, əksinə, dərinləşdirdi: “İndi hər iki əlindən gələni edir ki, qarşıdakı dövrdə nə zamansa alovlanacaq müharibəyə daha ciddi hazır olsun. Hər iki tərəf müharibəyə hazırlaşır və anlayır ki, gec-tez müharibə qaçılmazdır. Lakin müharibənin dəqiq vaxtı barədə fikir söyləmək çətindir. Bunu heç İran rəsmiləri belə, söyləmirlər. İsrailin İran qarşı müharibəyə başlaması ABŞ-nin razılığı və dəstəyi olmadan baş verə bilməz. Hansısa kiçik əməliyyat ola bilər, ancaq bu, müharibə demək olmayacaq. İsrail 12 günlük əməliyyatda İranın ali dini liderini öldürə bilmədi. ABŞ Prezidenti Donald Tramp sonradan dedi ki, İsrail davam etsəydi, Əli Xamneyi öldürüləcəkdi, ancaq Amerika bunun qarşısını aldı. İranın hərbi-siyasi rəhbərliyinin önəmli şəxsləri öldürüldü. Hətta sonradan məlumat verildi ki, prezident Məsud Pezeşkiana da sui-qəsd həyata keçirilib. Ancaq ali dini liderə qarşı bunları etmədilər. Belə durumda sual meydana gəlir ki, Əli Xamneyinin həyatda qalmasını ABŞ istəyir? Bu suala da birmənalı cavab vermək çətindir. Mən hesab edirəm ki, Əli Xamneyi öldürülsə belə, Səddam Hüseynin, Qəddafinin öldürülməsi Qərb dünyasında hansı rezonansa səbəb olmuşdusa Xamneyinin öldürülməsi də buna gətirib çıxaracaqdı. Hesab edirəm ki, İsrail ali dini lideri öldürə bilmədiyi üçün Tramp "onun öldürülməsinin qarşısını aldıq" açıqlamasını o zaman verməyə məcbur olmuşdu. Ancaq onu da hesab edirəm ki, dəqiq vaxtı bilinməyən, ancaq baş verəcəyi dəqiq olan İsrail-İran müharibəsində Əli Xamneyi əsas hədəf olacaq, onu bu dəfə öldürmək qarşıya əsas hədəf kimi qoyulacaq".


Geri qayıt