Əsas Səhifə > Ana xəbər / Güney Press > Moskva 10 ay gözlədi...

Moskva 10 ay gözlədi...


Bu gün, 08:39

Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə görüş keçirilib. “Yeni Müsavat” xəbər verir ki, bu, iki liderin təxminən 10 aylıq fasilədən sonra baş tutan ilk rəsmi görüşü sayılır. Buna qədər isə Çində keçirilən hərbi paraddan öncə Rusiya lideri azərbaycanlı həmkarına yaxınlaşaraq salamlaşmışdı. Oktyabrın 7-də isə Prezident Əliyev Kreml liderinə zəng edərək doğum günü münasibətilə təbrik edib. Bundan az sonra bəlli olub ki, liderlər Düşənbədə görüşməyə razılaşıblar.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib. O, hadisənin Rusiyanın hava məkanında baş verdiyini xatırladaraq, Azərbaycan Prezidentindən bir daha üzr istəyib. Putin bildirib ki, Rusiya həmin gün öz sərhədini keçən üç Ukrayna pilotsuz uçuş aparatını (dronu) izləyirdi. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemi həmin dronları vurmaq üçün iki raket buraxıb, lakin bu raketlər AZAL təyyarəsini birbaşa vurmayıb, yalnız bir neçə metr məsafədə partlayıb.

Rusiya Prezidenti əlavə edib ki, AZAL təyyarəsinin ekipajına -Mahaçkalada təcili eniş təklif olunub, lakin pilotlar öz bazalarına - Bakıya qayıtmaq qərarına gəliblər. Putin bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və vurğulayıb ki, Rusiya bu faciənin səbəblərinin araşdırılmasında Azərbaycanla tam əməkdaşlıq etməyə hazırdır. Görüşün başlanğıcında Putin deyib: “Bu dəhşətli hadisə bizim səmamızda baş verdi. Mən bundan səmimi şəkildə təəssüf hissi duyuram və Azərbaycan xalqına başsağlığı verirəm”.

Rusiya Prezidenti bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq. Hadisə haqda danışan Putin qeyd edib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib. “Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.

Rusiya Prezidenti AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları da açıqlayıb: “Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.

Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı. O vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.

Putin həmçinin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Rusiya lideri Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib. “Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimizin ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”, - Kreml başçısı vurğulayıb.

“Mən bu görüşə görə ilk növbədə sizə təşəkkürümü bildirirəm”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüş zamanı deyib. “Sizin də dediyiniz kimi, bizim sizinlə Pekində qısa görüşümüz olmuşdu. Bundan başqa, sizin doğum gününüzlə əlaqədar mən sizə iki gün əvvəl zəng vurmuşdum. Fürsətdən istifadə edib bir daha sizə və yaxınlarınıza yenidən cansağlığı arzu edirəm”, - dövlət başçısı deyib.

Prezident görüşdə ötən ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı verdiyi ətraflı məlumata görə Vladimir Putinə təşəkkür edib: “Sizin də xatırladığınız kimi, biz həmin vaxt əlaqə saxlamışdıq. O zaman mən Sankt-Peterburqa səfər edirdim. Təyyarədə olarkən mənə bu faciə barədə məlumat verildi. Mən sizə zəng etdim və öz təəssüfümü bildirdim, tədbirdə iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etmişdim”.

Dövlət başçısı təyyarə qəzası ilə bağlı situasiyanı şəxsən nəzarətdə saxladığına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib: “Biz sizinlə dəfələrlə fikirlərimizi bölüşmüşük. Bundan başqa, bizim komandaların üzvləri də daimi şəkildə əlaqədədirlər. Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq. Buna görə mən sizə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, siz məsələlərə aydınlıq gətirmək üçün bizim görüşümüzü lazımlı bilmisiniz. Sizin də qeyd etdiyiniz kimi təkcə ticari-iqtisadi əlaqələr deyil, digər sahələrdə də bu il əlaqələrimiz uğurla inkişaf edib. Vurğuladığınız kimi, ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Həmçinin digər sahələrdə də heç bir ləngimə yoxdur, əksinə, bizim sizinlə müəyyənləşdirdiyimiz bütün yol xəritələri uğurla reallaşdırılır”.

“Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib. “Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib. Əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın mülki təyyarəsini vurması hadisəsindən və Rusiyada azərbaycanlı diaspor nümayəndələrinə qarşı sərt tədbirlərin görülməsindən sonra iki ölkə arasında münasibətlərdə soyuqluq və gərginlik yaranmışdı.


Geri qayıt