Əsas Səhifə > Ana xəbər / Güney Press > Koçaryanın revanş arzuları...

Koçaryanın revanş arzuları...


Bu gün, 06:31

Ermənistanın ikinci prezidenti Robert Koçaryan oktyabrın 7-də üç saat davam edən mətbuat konfransı keçirib. O, Qarabağ ətrafında yaranmış vəziyyətin tənzimlənməsi, hökumətin xarici siyasət bəyanatları və 2026-cı il parlament seçkilərinə hazırlıq da daxil olmaqla geniş mövzular ətrafında fikirlərini bölüşüb.

Koçaryan bildirib ki, o, siyasi komandası ilə birlikdə 2026-cı il parlament seçkilərində iştirak etməyi planlaşdırır. Bu zaman o, qeyd edib ki, seçki kampaniyasında təkcə onun iştirakı kifayət deyil. O, ölkədə real dəyişikliklərə səbəb ola biləcək digər siyasi qüvvələrin meydana çıxacağına və onlarla əməkdaşlığa ümid etdiyini vurğulayıb.
Komandam seçkilərdə iştirak edəcək”, – Koçaryan qeyd edib.

O, namizədliyi barədə danışarkən bildirib ki, daha çox səs toplayacaq digər namizədə yerini verməyə hazırdır. Keçmiş prezidentin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın 2026-cı il seçkilərində yenidən seçilmək şansları “sıfıra yaxındır”.

Koçaryan həmçinin qarşıdakı seçkilərdə parlamentə keçə biləcək siyasi qüvvələri də qeyd edib. Onun sözlərinə görə, sorğuların nəticələrinə əsasən, siyasi səhnədə hakim “Vətəndaş Müqaviləsi” partiyasına az fərqlə uduzan iki müxalif qüvvə var. Koçaryanın qiymətləndirməsinə görə, parlamentə üç siyasi qüvvə keçə bilər: iqtidardakı “Vətəndaş Müqaviləsi”, “Ermənistan” bloku və iş adamı Samvel Karapetyanın yaratmaqda olduğu siyasi qüvvə.

O, ictimai əhval-ruhiyyədə müəyyən dəyişikliklər gördüyünü, bu baxımdan 2021-ci illə müqayisədə daha nikbin olduğunu deyib. “Bu gün vəziyyət fərqlidir”, – Koçaryan bildirib.

Nəhayət, keçmiş prezident “Ermənistan” blokunun impiçment məsələsində mövqeyinin dəyişməz qaldığını təsdiqləyib: “Mənim münasibətim dəyişməyib, fraksiyamız bəyanat verib və o vaxtdan heç nə dəyişməyib. İmpiçment zəruridir, amma səs yoxdur. Bu günə qədər də impiçment təşəbbüskarlarının lazımi səslərə malik olması barədə məlumatım yoxdur. Biz əvvəldən demişik ki, 28 səsimiz var, onları təqdim edəcəyik. Amma bizdə lazımi səslər barədə məlumat verilməyib. Gözləyirik”, – o bildirib. Koçaryanın fikrincə, impiçment məsələsi barədə yalnız cari ilin sonuna qədər danışmaq mümkündür.

“Qraparak” qəzetinin yazdığına görə, Robert Koçaryan bu yaxınlarda Moskvada olub və Kremlin Ermənistan məsələləri üzrə kuratoru Sergey Kiriyenko ilə görüşüb. Onlar seçkilərə dair məsələlər də daxil olmaqla ölkənin daxili siyasi həyatını müzakirə ediblər. Nəşrin məlumatına əsasən, Koçaryan seçkilərdə uğur qazanmaq üçün öz “uğur formulunu” təqdim edib, müxalifətin birləşdirilməsinin və hakimiyyətə qarşı geniş cəbhə ilə mübarizənin vacibliyini vurğulayıb, bunun da ciddi maliyyə xərcləri tələb etdiyini bildirib.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək. Qalib gələn partiya baş nazir vəzifəsinə namizəd irəli sürmək hüququ qazanacaq.

Maraqlıdır, seçkilər nəticəsində Paşinyanın partiyası parlamentdə azlıqda, yəni müxalifətdə qalması mümkündürmü? Bunun üçün nə baş verməlidir? Və orada hakimiyyət dəyişikliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması perspektivinə necə təsir edə bilər?

Pressklub.az-ın suallarını müstəqil politoloq Xaqani Cəfərli cavablandırıb.

Onun fikrincə, Ermənistanın ikinci prezidenti, Xocalı qətliamının təşkilatçısı Robert Koçaryanın revanş cəhdi birinci deyil, sonuncu da olmayacaq. “Rusiya keçmiş imperiyanı bərpa etmək niyyətindən əl çəkmədiyi müddətdə, Moskva yönümlü qüvvələrin revanş cəhdləri bütün postsovet respublikalarında, o cümlədən Ermənistanda davam edəcək.

Koçaryanın son bəyanatı Gürcüstanda Çin-Rusiya yönümlü “Gürcü Arzusu” partiyasının “qələbəsi” ilə əlaqəlidir. Belə bir fikir var ki, Moldovada Qərbə məğlub olan Rusiya Gürcüstanda öz mövqelərini qoruyub saxlaya bilib”, – ekspert bildirib.

O, hesab edir ki, Rusiya və onunla bağlı qüvvələr, o cümlədən Koçaryan, son ana qədər revanşa çalışacaqlar. “Amma növbəti seçkilərin gələn ilin yayında keçirilməsi Koçaryanın xeyrinə deyil. Çünki o vaxta qədər Rusiyanın və İranın Cənubi Qafqazdakı mövqeləri daha da zəifləyəcək. Həmin dövrə qədər bu iki ölkədə çox ciddi dəyişikliklərin baş verəcəyi də istisna deyil.

Ermənistanda hakimiyyətin dəyişməsi, xüsusilə Koçaryan tərəfdarlarının yenidən hakimiyyətə qayıtması, şübhəsiz ki, onsuz da kövrək olan Azərbaycan-Ermənistan münasibətlərinə son dərəcə mənfi təsir göstərə bilər. Bu, yeni gərginliyə, hətta sülh sazişinin yenidən nəzərdən keçirilməsinə gətirib çıxara bilər. Azərbaycan, belə vəziyyət yaranarsa, Ermənistanın revanşist planlarını pozmaq üçün hərbi güc tətbiq etməyə məcbur qala bilər”, – Xaqani Cəfərli vurğulayıb.


Geri qayıt