Əsas Səhifə > Ana xəbər / Güney Press > Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparır
Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparırBu gün, 15:51 |
Bu günlərdə ARB kanalı hansısa “arxivdən” tapdığı Azad Məsiyev adlı bir nəfəri “politoloq” adı ilə efirə çıxarıb. “Ukrayna” sözünü belə düz-əməlli tələffüz edə bilməyən bu başabəla “politoloq” sözügedən kanalın efirində səsi titrəyə-titrəyə, dili topuq vura-vura (görünür, haqsız olduğunu bildiyi üçün) Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə haqq qazandırır, Vladimir Putini “göylərə qaldırır”, onu “dünyada öz sözünün sahibi olan nadir lider” adlandırır. "DİA-AZ" azpolitika.info-ya istinadən xəbər verir ki, adam, demək olar ki, Rusiyaya işləyən və buna görə hazırda vətənə xəyanət maddəsilə həbsdə yatan Nəzakət Məmmədovanın kişi variantıdır.
Afrikaya “Afirqa” deyən, bildiyi və bilmədiyi məsələlərdən ağzı köpüklənə-köpüklənə danışan Məsiyev iddia edir ki, guya Rusiyanın Ukraynadakı müharibəsi özünümüdafiə xarakteri daşıyır: “Rusiya “ən yaxşı müdafiə hücumdur” prinsipini tətbiq edir və Ukraynada öz gücünü göstərir… Rusiya Prezidentinin bir sözü var: “Neynirəm o dünyanı ki, orada “Rassiya” yoxdur?” Putin lazım olsa, mütləq nüvə silahı addımına da gedəcək…”
Adam Ukraynanın işğalına, dinc əhalinin qırılmasına, beynəlxalq hüququn, ədalətin vəhşicəsinə pozulmasına, Rusiyanın törətdiyi hərbi cinayətlərə qırmızı-qırmızı haqq qazandırır. Hansı ki, əsrlər boyu rus işğalından, son 30 ildə isə Rusiya dəstəyilə erməni işğalından əziyyət çəkmiş bir dövlətin – Azərbaycanın vətəndaşının bütün bunları dilə gətirməyə nə şüuru, nə insanlığı, nə də vicdanı yol verməməlidir. Əgər təbii ki, o adamda bunlar varsa…
Məsiyev isə şefi “Putin İlham”-ın şərəfinə “Papadan artıq katoliklik edir”. Fəxrlə Rusiya ordusunun irəliləməsindən danışan bu “Rusiya aşiqinə” biriləri həm də desin ki, həmin bu ordu 4 ildir Donbas bataqlığından çıxa bilmir və hazırda tutduğu ərazi 3 il bundan əvvəl işğal etdiyi ərazidən kiçikdir…
Ukrayna xalqının şəffaf, azad seçiminə də dil uzadan Məsiyev Zelenskini “Ukrayna üçün bəla” adlandırır, ən primitiv politoloqa belə yaraşmayan şəkildə hər şeyi onun – yəni, bir nəfərin üzərinə atır. Sonra yenə işğala haqq qazandıraraq, “müharibənin ilkin səbəblərinin” olduğunu deyir. Bununla da Kremlin mənfur narrativlərini olduğu kimi təkrarlayır.
Ölkəmizin əsas təbii strateji tərəfdaşı – qardaş Türkiyənin də NATO dövləti olduğunu, Azərbaycanın öz ordusunu Türkiyə standartlarına uyğunlaşdırdığını gözardı edən bu adam Alyansı şər qüvvə kimi təqdim edir. Baxmayaraq ki, bu təşkilat sırf müdafiə xarakterlidir və yarandığı gündən Rusiyadan fərqli olaraq, kiməsə hücum etməyib və kimsəni işğal etməyib.
Görünür, Rusiya Azərbaycana qarşı da “ilkin səbəblər” bəhanəsilə təxribat, təcavüz aktı törətsə, bu “politoloq” eyni “uğurla” yenə Kremli müdafiə edəcək. Çünki tapşırıq belə olacaq…
Axı bu adamın yeri Azərbaycan kanalı yox, Solovyovun, Simonyanın, Skabeyevanın verilişləridir! İlham Rəhimov zəhmət çəkib, bunu nədən Rusiya kanallarına çıxarmır?
Dayazlığın göstəricisi olan bu iddianın əksinə olaraq, misal kimi göstərmək olar ki, Putin dəfələrlə sözünü çeynəmiş, imzasını tapdamış, bir şey deyib, başqa şey edən, bu gün dediyini sabah inkar etmiş birisidir. Hakimiyyətin ilk on ilində bu adam dəfələrlə qəti şəkildə Krımın Ukrayna ərazisi olduğunu demiş, bununla bağlı ikitərəfli sənədlər imzalamış, sonrakı illərdə isə heç vaxt Ukrayna ilə müharibə aparmayacağını bəyan etmişdi. Həmçinin, rusiyalılara müharibələrə, korrupsiyaya, saxtakarlığa, talançılığa və s. son qoyacağına, onları “ağ günə çıxaracağına” söz vermişdi. Buna dair çoxsaylı videokadrlar, əyani sübutlar var. Amma sonradan bütün dediklərinin əksini etdi. Budur “sözünün sahibi” olmaq?
Bütün bunlardan sonra onu “göylərə qaldırmaq” üçün ya gərək ağıldan kəm, ya da açıq vətən xaini olasan Geri qayıt |