Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlı ilə sevgili olmuş erməni konsulun həbsi etimad mühitinə zərbə vurur

Azərbaycanlı ilə sevgili olmuş erməni konsulun həbsi etimad mühitinə zərbə vurur


Bu gün, 09:09

Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik korpusunun əməkdaşı Aşxen Aleksanyan dövlətə xəyanətdə ittiham olunur. Ən son məlumata görə, Aleksanyan ittihamları rədd edib. Bu barədə “Hraparak” qəzeti öz mənbəyinə istinadən xəbər yayıb.

Qəzetin yazdığına görə, onun vəkilləri Abqar Poqosyan və Tavros Gevorqyan ittihamları şərh etməkdən imtina ediblər. Lakin həbslə bağlı yuxarı instansiyaya müraciət etdiklərini bildiriblər.

Ermənistanın İstintaq Komitəsi (İK) “Armenia Today” agentliyinə təsdiqləyib ki, Aleksanyan bu işlə məşğul olan yeganə şəxsdir və ibtidai istintaqın sonunda həbs olunub. Agentlik işin təfərrüatlarını açıqlamayıb. Rəsmi açıqlamaya əsasən, Avstriyada konsul işləmiş bu qadın “xarici dövlətin nümayəndəsini dövlət sirri təşkil edən məlumatlarla tanış etmək üçün şərait yaratmaqda və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərməkdə” günahlar bilinir. Bu günlərdə “təhqiqat” yekunlaşıb və iş məhkəməyə göndərilib.

Aleksanyanın həbsi bu il avqustun 29-da elan edilib. Həmin gün İstintaq Komitəsi Aleksanyana qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlandığını təsdiqləyib. “Xəyanət” isə bu erməni qadının Avropada bir azərbaycanlı diplomatla sevgi münasibətlərində olmasından ibarətdir. Bu barədə mediada yazılar da gedib.

İyunun 20-də Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı ilə bağlı Cinayət Məcəlləsinin 418 və 424-cü maddələrinin 1-ci bəndi üzrə cinayət işi başlanıb. A.Aleksanyan “xarici dövlətin nümayəndəsinin dövlət sirri olan məlumatlarla tanış olmasına şərait yaratmaq və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərmək”lə təqsirləndirilir.

Ermənistanın Avstriyadakı konsulluğunun əməkdaşı Aşxen Aleksanyan Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinir. Qeyd olunur ki, Aleksanyan bir neçə ay əvvəl İrəvanın “Zvartnots” hava limanında saxlanılıb, amma hakimiyyət qalmaqalın qarşısını almaq üçün bunu ictimaiyyətə açıqlamamağa qərar verib.

İddiaya görə, diplomatın üzərindən bəzi sənədlər tapılıb. Erməni qadın dindirilmə zamanı təkbaşına hərəkət etmədiyini söyləyib. Saxlanılma əməliyyatından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında genişmiqyaslı axtarışlar aparıb. Belə ki, o, Adəm adlı bir oğlanla tanış olub. Guya konsul onun azərbaycanlı olduğunu bilməyib. O özünü ABŞ-də doğulmuş və Avstriyada yaşayan yəhudi iş adamı kimi təqdim edib, ingilis və alman dillərində danışaraq ünsiyyət qurublar. Daha sonra o, məlumatları qarşı tərəfə ötürüb. Bu müddət ərzində Aşxen ayda 3500 avro nağd pul alıb.

Sual yaranır: bir erməni qadın-diplomatın azərbaycanlı ilə insani əlaqələr qurması “vətənə xəyanət” sayılırsa, o zaman rəsmi İrəvan Bakı ilə qarşılıqlı etimad mühiti yaratmağı nə cür təsəvvür edir? Necə deyərlər, “o nə pəhriz, bu nə turşu?”

Bəs absurd ittihamları rədd edən Aleksanyanı hansı cəza gözləyir? Məhkəmədə Azərbaycanın adı hallana bilərmi? Bu qadın-konsul ölkəmizə dövlət əhəmiyyətli hansı məxfi sənədlərin ötürülməsinə şərait yarada bilərdi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, Ermənistan sülh prosesinə xələl gətirən elementlərə son qoymalıdır. Onun sözlərinə görə, müsbət irəliləyişin olduğu halda ona zərər vuran addımlar kənar güclərin əlinə fürsət verə bilər: “Son zamanlar Ermənistan suyu bulandıran addımlar atır. Paşinyan və müavini gah Zəngəzur dəhlizi deyilməsinə etiraz edir, gah diplomatı casus ittihamı ilə həbs edir. Rəsmi məlumatda Azərbaycanın adı çəkilməsə də, vətənə xəyanət maddəsi irəli sürülübsə, deməli, Azərbaycana işarə olunub. Təbii ki, belə həbslər sülh gündəliyini poza bilməz. Tərəflər tarixi sənəd imzalayıblar. Amma Ermənistanın spekulyasiyaları bəyənilən hal deyil”.

Hüquq müdafiəçisi qeyd edib ki, etimad mühiti kövrəkdir və kənar qüvvələr onun pozulması üçün dəridən-qabıqdan çıxır: “Konsulun hansı informasiyaları ötürdüyü, casusluğunun nədən ibarət olduğu şübhəsiz ki, məlum deyil. Ancaq onun həbsində siyasi motivin olması istisna deyil”.

Hüquq müdafiəçisi Xəzər Teyyublu da sülhün bərqərar olduğu bir vaxtda belə təqdimatları yolverilməz və zərərli hesab edir. Onun sözlərinə görə, diplomatın azərbaycanlı ilə sevgili olması və onun kimliyi haqda real informasiyalar açıqlanmır: “Hətta belə bir münasibət olubsa, onun casusluq etməsi sual doğurur. Axı müharibə bitib, bir konsul nə kimi məlumatlar verə bilər ki, vətənə xəyanət olsun?! Məncə, onun bir azərbaycanlı ilə əlaqəsini artıq vətənə xəyanət kimi qiymətləndirə bilərlər”.

Hüquq müdafiəçisi konsulun xüsusi əhəmiyyətli informasiyalara malik olduğuna inanmır və sadəcə, Ermənistanın bir erməni ilə azərbaycanlının münasibət qurmasını böyük qəbahət kimi gördüyü göz qabağındadır: “Parlamentin sədri Simonyan deyir ki, azərbaycanlılar İrəvana gələcək, ticarət olacaq, məhsullarımızı satacağıq, bazarlarda Azərbaycan malları olacaq. Onda bu necə barışıqdır ki, iki nəfərin sevgi münasibətini vətənə xəyanət kimi qəbul edirlər? Ona görə də sülh prosesi uzun məsafəli yoldur və ayaq altında təmizlənməli çoxlu daşlar var. Üstəlik, onu pozmağa hazır qüvvələr müxtəlif ssenarilər üzərində baş sındırırlar. Biz elə etməliyik ki, çox çətinliklə yaranan etimad mühiti korlanmasın. Hər bir halda, bu həbsin Bakı-İrəvan arasında böyük problem yaradacağını da düşünmürəm”.


Geri qayıt