Əsas Səhifə > Ana xəbər / Güney Press > Sülh carçısı, yoxsa qatı şovinist?

Sülh carçısı, yoxsa qatı şovinist?


Bu gün, 07:36

Türkiyə və Azərbaycan artıq öz məsələlərini həll ediblər. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan parlamentin Avrasiya inteqrasiyası və regional məsələlər üzrə daimi komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, Bakı və Ankara bu məsələlərin həyata keçirilməsi məqsədilə vaxtilə Ermənistanla sərhədi bağlayıblar. “Türkiyə və Azərbaycan Ermənistanı zəiflətmək, iqtisadi baxımdan neytrallaşdırmaq və qarşıya qoyduqları məsələləri tam həll etmək üçün onunla sərhədləri bağladılar”, – Papoyan qeyd edib.

Nazirin sözlərinə görə, əgər Ermənistanda əvvəlki siyasəti davam etdirmək və son nəticədə öz dövlətini tamamilə məhv etmək istəyənlər varsa, o, buna qarşı çıxacaq və bunun baş verməməsi üçün əlindən gələni edəcək. “Mən Ermənistan–Türkiyə sərhədinin açılması və Ermənistan iqtisadiyyatının inkişafı üçün əlimdən gələni edəcəyəm”, – hökumət nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında sərhədlərin mümkün açılması ilə bağlı danışıqlar davam edir. Həmçinin Azərbaycanla regional kommunikasiya xətlərinin bərpası məsələsi də müzakirə olunur.

Bəs, erməni nazirinin dediklərini həyata keçirmək nə dərəcədə mümkündür? İlk növbədə, elə İrəvanın özü üçün? Ermənistan tərəfi Türkiyənin və Azərbaycanın şərtlərini yerinə yetirməyə hazırdırmı?

Tanınmış erməni analitik və publisist İşxan Verdyan bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O əmindir ki, cənab Papoyan doğrudan da Ermənistan–Türkiyə sərhədinin açılması üçün əlindən gələni edəcək. “Amma əsas sual başqadır – əslində ondan nələr asılıdır? Axı sərhədi bağlayan Ermənistan olmayıb və onu açmaq da erməni məmurlarının səlahiyyətində deyil. Şərtlər son dərəcə aydındır: Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması.

Əgər cənab Papoyan məhz bu istiqamətdə səylərini cəmləmək niyyətindədirsə, bu, tamamilə başqa söhbətdir. Belə yanaşma kifayət qədər məntiqli olardı, çünki əsas və ən böyük fayda əldə edən tərəf Ermənistan iqtisadiyyatı olacaq.

Mən əmin deyiləm ki, iqtisadiyyat nazirinin xarici siyasət məsələlərinə münasibət bildirmək ixtiyarı var. Lakin Papoyan doğrudan da Ermənistan–Türkiyə sərhədinin açılması naminə hər şey etməyə qərarlıdırsa, onun təşəbbüsləri məhz Ermənistan–Azərbaycan istiqamətində daha uyğun olardı. Ola bilsin, nə zamansa həmin gün gəlib çatacaq. Amma hələ ki, uzaqdadır. Buna sübut isə elə Papoyanın öz sözləridir: o iddia edir ki, Ermənistanın blokadası Azərbaycanın və Türkiyənin onu zəiflətmək planının bir hissəsi olub.

Bu bəyanat xüsusilə diqqətəlayiqdir, çünki əksinə, həmin dövrdə Türkiyə Ermənistana yardım göstərirdi – ölkəyə taxıl, məktəb ləvazimatları, gigiyena vasitələri və digər zəruri resurslar göndərirdi. Məhz o vaxt ki, ölkə onlara ciddi ehtiyac duyurdu. Bu da diqqətçəkəndir, çünki baxmayaraq ki, Nikol Paşinyan Azərbaycanla sülh dialoqunun lokomotivi qismində çıxış edir, onun komandası hələ də əsasən qatı şovinistlərdən ibarətdir”, – Verdyan hesab edir.


Geri qayıt