Əsas Səhifə > Ana xəbər / Güney Press > Gərginlik: AKP-yə yaxın qəzetlər Azərbaycandan nə istəyir?
Gərginlik: AKP-yə yaxın qəzetlər Azərbaycandan nə istəyir?Bu gün, 07:31 |
Son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı saxta və təhrif olunmuş xəbərlərin sayı kəskin artıb. Xüsusilə “Avroviziya 2026” barədə və BMT Baş Assambleyasında İsrail Baş Naziri Netanyahu ilə bağlı yayılan fotolar iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini hədəf alan təxribat hesab edilir. Belə ki, sosial media hesabları və bəzi media qurumları Azərbaycan dövlətinin adından yayımlanan məlumatlarda ““Eurovision”-da İsrail yoxdursa, biz də yoxuq” iddiasını tirajlayıblar. Media Agentliyi bu barədə açıqlama verib və bildirib ki, məlumat saxtadır. Avroviziya Uşaq Yarışmasının mətbuat konfransında təşkilat komitəsi də eyni mövqeyi təsdiqləyib. Buna baxmayaraq, Türkiyənin bəzi qəzetləri, o cümlədən hakimiyyətə yaxın “Hürriyyət” və “Sabah” xəbəri təkrar yayımlayıb. BMT Baş Assambleyasından yayılan fotolara və xəbərə gəlincə, Türkiyə mediasında Azərbaycanın rəsmi nümayəndə heyətinin Netanyahunun çıxışını dinlədiyi iddia edilsə də, həmin vaxt nümayəndə heyəti zalda olmayıb. Buna baxmayaraq, montaj olunmuş foto əsasında xəbərlər tirajlanıb. Bakıda bu vəziyyət Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanan "Media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu" çərçivəsində qurulan birgə media platformasının məqsədlərinə zidd hesab olunur. Qeyd olunur ki, saxta fotolar və xəbər manipulyasiyaları ictimai rəy formalaşdırmaq və iki ölkə arasındakı əlaqələri zədələmək məqsədilə hazırlanıb. Azərbaycanda hökumətə yaxın media qurumları bu cür hallarla bağlı tənqidi məqalələr dərc edərək qarşı tərəfə mesajlar ünvanlasalar da Türkiyə mediasında hələ də bu mövzu gündəmdə saxlanılır. Politoloq Fərhad Məmmədov hesab edir ki, son günlər Türkiyənin bəzi media orqanlarında yayılan Azərbaycan nümayəndə heyətinin Netanyahunu alqışlaması barədə saxta fotolar iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini hədəf alan təxribatdır. Onun sözlərinə görə, saxtakarlığın tezliklə ifşa olunması və məsul şəxsin cəzalandırılması Azərbaycan-Türkiyə ittifaqının dayanıqlığını bir daha göstərdi. F.Məmmədov vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətləri sadəcə siyasi deyil, çoxşaxəli və dərin məzmun daşıyır: “Bu əlaqələrin əsasını böyük enerji layihələri, milyardlarla dollar investisiya, hərbi-texnoloji əməkdaşlıq və beynəlxalq arenada bir-birinə dəstək təşkil edir”. Politoloq qeyd edib ki, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin həcmi 20 milyard dollardan çoxdur və Bakı həm enerji, həm texnologiya, həm də regional layihələr vasitəsilə Ankaranın güclənməsinə mühüm töhfə verir. F.Məmmədov əlavə edib ki, əməkdaşlıq yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır: “Türk Dövlətləri Təşkilatında Bakının təşəbbüskarlığı, Ankaranın Yaxın Şərqdəki siyasətinə dəstək, Şimali Kipr Türk Respublikasının müdafiəsi, Afrika istiqamətində koordinasiyalı fəaliyyət, həmçinin üçtərəfli Bakı-Ankara-İslamabad formatı bu münasibətlərin geniş miqyasını göstərir”. O həmçinin bildirib ki, Azərbaycan nə satelit, nə də kiçik tərəfdaşdır: “Azərbaycan Türkiyənin məsuliyyətli müttəfiqidir. Uğurları və güclənməsi Türkiyənin uğurları ilə sıx bağlıdır. Çünki Ankara nə qədər güclü olsa, Bakı da bir o qədər güclənəcək”. F.Məmmədovun fikrincə, iki ölkə liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bu əməkdaşlığın lokomotivi rolunu oynayırlar. Azərbaycanın bu münasibətlərdə məqsədi Türkiyənin güclənməsi və regionda nüfuzunun artmasıdır, çünki bu, eyni zamanda Azərbaycanın maraqlarına xidmət edir. Politoloq sonda vurğulayıb ki, arada ortaya atılan saxta xəbərlər və dezinformasiyalar dərhal qarşısı alınmalı, münasibətlərin dərinliyinə xələl gətirməməlidir: “Türkiyə bu gün hər bir güc mərkəzi üçün mühüm aktordur, lakin onun imkanlarını genişləndirən əsas tərəfdaş Azərbaycandır. Bu, Ankaranın böyük şansı və üstünlüyüdür”. Beləliklə, son dövrlərdə Türkiyə mediasında yayılan saxta xəbərlər həm ölkədə, həm də beynəlxalq aləmdə həmin media qurumlarının etibarlılığını zədələyir. Bu, Azərbaycan-Türkiyə əlaqələrinin dərinliyinə xələl gətirməmək üçün rəsmi açıqlamaların və media platformaları çərçivəsində operativ reaksiyanın vacibliyini bir daha göstərir. Geri qayıt |